Türkiyə Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv etdi

10:50 06.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə hökuməti Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv etdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərmanla Tacikistan vətəndaşlarının Türkiyəyə gediş-gəlişi üçün vizasız rejimin ləğv edildiyi bildirilib. Lakin fərmanda bu dəyişikliyin səbəbi göstərilməyib.

"Rəsmi Qəzet"də dərc olunan qərar mətnində “Xüsusi xarici pasporta malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğvinə qərar verilib” ifadəsi işlədilib.

Bu dəyişikliyə Crocus Building terror hücumu ilə əlaqəli bəzi şəxslərin Türkiyəyə səfərləri səbəb olduğu düşünülə bilər.

"Reuters"in məlumatına görə, hücumda iştirak etdiyi deyilən şəxslərdən ən azı ikisinin Rusiyada yaşamaq icazələrini yeniləmək üçün İstanbula səfər etdiyi müəyyən edilib.

Tacikistan mənbələrinin məlumatına görə, hücumda əli olduğu iddia edilən Şəmsidin Firiduninin Türkiyədəki ekstremist dini tacik qrupları ilə əlaqəsi olduğu bildirilib.

Aprelin əvvəlində məlum olub ki, bir Tacikistan və bir Qırğızıstan vətəndaşı İstanbulda terror aktına hazırlıqda şübhəli bilinərək saxlanılıb. Müstəntiqlər bu şəxsin Rusiyada yasaqlanmış terror təşkilatı olan İŞİD-in üzvü olduğunu və Qırğızıstan vətəndaşının deportasiya edildiyini bildiriblər.