Uels şahzadəsi Keyt şəklə görə üzr istədi

10:12 12.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Uilyamın həyat yoldaşı şahzadə Keyt Middlton üzr istəyib və bir çox beynəlxalq xəbər agentliklərinin "redaktə edildiyi" üçün yayımdan çıxardığı fotoşəkildə manipulyasiyalar etdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Uels şahzadəsi Kensington Sarayının X hesabında verdiyi açıqlamada bir çox həvəskar fotoqraflar kimi o da fotoredaktə proqramları ilə maraqlandığını bildirib.

Şahzadə Keyt, "Bir çox həvəskar fotoqraflar kimi, mən də eksperimental fotoredaktə etməyə çalışıram. Dünən paylaşdığımız fotonun yaratdığı çaşqınlığa görə üzr istəyirəm. Arzu edirəm ki, hər kəs Analar Gününü çox xoşbəxt keçirsin" deyib.

Yanvar ayında qarın əməliyyatı keçirdikdən sonra ictimaiyyət qarşısına çıxmayan şahzadə Keyt haqqında çoxlu fərziyyələr irəli sürülüb, onun Uilyamdan boşandığı, səhhətinin elan ediləndən daha pis olduğu kimi açıqlamalar sosial mediada tez-tez paylaşılıb. Bunun üzərinə İngiltərədə dünən qeyd olunan Analar Günü üçün Kensington Sarayının sosial media hesablarında şahzadə Keytin 3 övladı ilə fotosu yayımlanıb.

Bu paylaşımlardan sonra bir çox sosial şəbəkə istifadəçisi fotonun montal olunduğunu iddia edərək, xüsusilə də uşaq geyimlərindəki detallara diqqət çəkib.

Taxtın 3-cü varisi şahzadə Şarlottanın paltarının qolu, 4-cü varisi şahzadə Luinin paltarının çiyni, arxa fonda divardakı cizgilərin kəsilməsi və bir çox başqa təfərrüatların sübutu kimi təqdim edilib. 

Kensington Sarayı səhər saatlarında yazı ilə bağlı açıqlama verməsə də, fotonu abunəçiləri ilə paylaşan beynəlxalq xəbər agentlikləri yerli vaxtla saat 22:00-dan sonra redaktə məqsədilə şəkli geri götürdüklərini elan etməyə başlayıblar.

Fotonun mənbəyinin (Kensinqton Sarayı) görüntü ilə “manipulyasiya etdiyini” bildirən xəbər agentlikləri də abunəçilərinə təsvirdən yararlanmamağı, əgər istifadə olunubsa, silməyi tövsiyə edib.