“Leopard 2A4” tankının da daxil olduğu bir qrup Ukrayna zirehli texnikası sıx mina sahəsinə tuş gəlib.
Rusiya təbliğatçılarının bir gün əvvəl, iyunun 8-də məhv edildiyini elan etdikləri "Leopard 2A4" tankı minaya düşüb, lakin bərpa edilə bilər.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə cümə günü, iyunun 9-da özünün teleqram-kanalında hərbi icmalçı Yuri Butusov məlumat paylaşıb.
Onun sözlərinə görə, Almaniya istehsalı olan tank tırtılını itirib və təmir üçün arxaya təxliyə edilib.
“Tank təmir oluna bilər və istismara qaytarılacaq. Beləliklə, o, məhv edilməyib və bu, geri qaytarıla bilməyən itki deyil. Aydındır ki, indiki halda partlayış nəticəsində ekipaj da sağ qalıb və əsas məsələ budur”, - deyə jurnalist qeyd edib.
Butusov dərc olunmuş fotolara əsaslanaraq bir qrup zirehli texnikanın sıx mina sahəsinə tuş gəldiyini irəli sürüb. Şəkillərdə bir “Leopard 2A4” tankı, dörd “M2 Bradley” piyada döyüş maşını və bir mühəndis-maneə maşını görünür.