Birləşmiş Millətlər Təşkilatının (BMT) Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə Baş Katibinin müavini Rozmari DiKarlo fevralın 3-də Ukraynanın Luqanks vilayətindəki Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə edilən və 28 nəfərin həlak olması ilə nəticələnən hücumdan sonar Moskvanın tələbi ilə toplaşan BMT TŞ-nın iclasında çıxış edib.
Hafta.az-ın yazdığına görə, Ukraynanın nəzarəti altında olan bölgələrdə son bir neçə həftədə Rusiya hücumlarının intensivləşdiyini ifadə edən DiKarlo, "Keçən həftə şiddətdə ciddi artım müşahidə olundu və başda Zaporoji bölgəsi olmaqla 570-dən çox yaşayış məntəqəsi hədəf alındı. Nəticədə 12 mülki vətəndaş həyatını itirdi, 60 nəfər isə yaralandı” deyib.
DiKarlo qeyd edib ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) 2022-ci ilin fevral ayından müharibə başlayandan bəri Ukraynada 579-u uşaq olmaqla 10382 nəfər həlak olub, 1285-i uşaq olmaqla 19659 nəfər isə müxtəlif dərəcələrdə yaralanıb.
Baş katibin müavini qeyd edib ki, Ukraynada 2023-cü il ərzində azalmağa meylli olan mülki itkilər dekabr ayından etibarən yenidən əhəmiyyətli dərəcədə artmağa başlayıb.
Dikarlo, "Bir daha qeyd etməliyəm ki, mülki şəxslərə və mülki infrastruktura edilən hücumlar, harada olursa olsun, beynəlxalq hüquqa ziddir. Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır" bildirib.
Sözügedən müharibənin təxminən 2 həftə sonra üçüncü ilinə qədəm qoyacağını xatırladan DiKarlo, milyonlarla ukraynalının ölkələrini tərk etməsinə səbəb olan bu müharibənin “sonuna yaxınlaşdığına” dair hələ heç bir işarənin olmadığını vurğulayıb.