“Gücə tabe olan bir dövlətdir Rusiya. Bu həmin dövlətin dövlətçilik konsepsiyasıdır... Zor və yalan üzərində qurulub... Necə ki, II Cahan savaşı dövründə nasist Almaniyası... Eyni şeydir, eyni baxışdır, eyni düşüncədir... Odur ki, yeganə çıxış yolu Rusiyanın məğlub edilərək cəzalandırılmasıdır...”
Ukraynada yaşayıb fəaliyyət göstərən hərbi-siyasi ekspert Elxan Nuriyev bu günlərdə Donbas və Xarkov istiqamətlərindəki cəbhə xəttində ezamiyyətdə olub, birbaşa səngərlərdə Ukrayna döyüşçüləri ilə ünsiyyətdə olub, onlarla bir gecələyib.
Hafta.az əməkdaşıyla söhbətində soydaşımız Rusiya-Ukrayna savaşıyla bağlı son durumla bağlı bunları söyləyib:
“Rusiya ordusu hazırda Ukrayna ordusuyla üzbəüz döyüşlərdə yenə də faktiki olaraq heç bir ciddi uğura nail ola bilmir. Özüm mayın 23-24-də Ukrayna Zabitlər İttifaqının xətti ilə cəbhə bölgələrində, xüsusən Donbas və Xarkov vilayəti ərazisində olub real durumu gözlərimlə görmüşəm. Pokrovsk, Slavyansk, Kramotorsk, Drujkivka, İzyum və s. istiqamətlərdə son səngərlərədək gedib çıxmışıq. Hərbçilərimizlə görüşüb ətraflı söhbət etdik. Onlarla birgə gecələdik. Əhval-ruhiyyə yüksəkdir... Kifayət qədər güclü istehkamlar qurulub, maddi-texniki təchizat da, əsas texnika və silahlar da yetərincədir. Və belə qəti bir qənaətə gəldik ki, əgər xəyanətlər, siyasi danışıqlar vasitəsilə təxribatlar-filanlar olmazsa, yaxın onilliklərdə belə, Rusiyanın Donbas cəbhəsində nəyisə dəyişməsi mümkün deyil. Bu səbəbdən Putin Ukraynanı terror edir və ikinci Çeçenistan kampaniyasında olduğu kimi, əhalini hakimiyyətin üzərinə qaldırmaq istəyir. Amma Ukrayna xalqı heç vaxt rəhbərliyə qarşı qalxan deyil...
Putin də Ukrayna ordusuyla üzbəüz döyüşdə bir nəticə hasil olmadığını görərək Trampla telefon danışığından sonra artıq günlərdir ki, Ukrayna ərazisini, o cümlədən paytaxt Kiyev vilayətini hava terroruna məruz qoymaqda davam edir. Bununla Amerikaya da, Avropaya da mesaj verir ki, guya mən istədiyimi edə bilirəm. Əsas məqsəd bundan ibarətdir. Putin bu davranışıyla Trampın ağzına dil atır ki, o desin ki, görürsüz, Putin belədir, ona görə mən Ukraynada savaşı dayandırmaq barədə verdiyim vədi yerinə yetirə bilmirəm...
Bir yandan da, öncə dediyim kimi, Rusiya diktatoru Ağ Ev administrasiyasına guya öz aləmində gəstərmək istəyir ki, Ukrayna uduzur, biz nə istəsək, edə bilirik... Təbii ki, Ukrayna da sakit durmur. Amma Ukrayna ordusunun PUA-ları bir qayda olaraq Rusiya ərazisindəki yaşayış binalarını yox, hərbi obyektləri vurur...
Eyni zamanda mülki əhaliyə son kütləvi hücumları göstərir ki, Rusiya yay kampaniyasına hazırlaşır. Amma hesab edirəm ki, Putin ordusunun bundan sonra da hansısa ciddi uğurlar əldə edə biləcəyindən danışmaq yersizdir. Bu gün Rusiya Xarkov və Sumı istiqamətlərində hücuma keçərək guya bufer zona yaratmaq istəyir. Amma Ukrayna ordusu bu gün də bütün çətinliklərə baxmayaraq, faktiki olaraq Rusiyanın Kursk və Belqorod vilayətlərində mövcudluğunu, mövqelərini qoruyub saxlayır...”
“Belə çıxır ki, Ukrayna savaşı ilə bağlı Putinin öz təşəbbüsü ilə İstanbulda Türkiyə tərəfinin də vasitəçiliyi ilə keçirilmiş son danışıqların heç bir nəticəsi olmayıb. Elədirmi?” sualını isə hərbi-siyasi ekspert belə cavablandırıb:
“Ukraynadakı müharibə ilə bağlı İstanbul danışıqları da, Trampla Putinin telefon danışıqları da bir nəfər – Tramp üçün ssenariləşdirilmiş Absurdlar teatrıdır. Absurdlar teatrı nədir? Bu ötən əsrin 50-ci illərində Fransada yaradılmış teatrın xüsusi formasıdır. Səhnədə qəhrəmanlar çox olur, amma heç biri o birinin dediklərini eşitmir və söylədiyi faktlara-filana heç bir əhəmiyyət vermir. İstanbul danışıqları sırf absurdlar teatrıdır. Bu, Tramp üçün düzənlənir...
Bilirsiz, Tramp ABŞ-ın 75 milyon seçicisinə söz verib ki, prezident seçiləndən sonra qısa müddətdə Ukrayna savaşını dayandıracaq. Ancaq bunu dayandıra bilmir. Ona görə də özünə şərik kimi Putini götürür, Putini leqallaşdırır, onu beynəlxalq münasibətlərin subyektinə çevirir, danışıqlar masasına əyləşdirir. Və s. və i.a. Yəni gerçəklikdə baş verənlər bundan ibarətdir. Ukrayna tərəfinin belə görüşlərdən hansısa bir gözləntisi olmayıb. De-putinizasiya olunmamış, putinsizləşdirilməmiş Rusiya müharibəni dayandırmaq qüdrətində deyil. Hətta deyərdim ki, heç putinsiz də, yəni Putindən sonra bir müddət də dayandırmaq qüdrətində deyil. Putin Rusiya cəmiyyətinin, bostanının yetişdirdiyi xiyardır, badımcandır... Ona görə də bu gün Rusiyanın burnu möhkəm əzilməsə, ovulmasa, müharibəni dayandıran deyil. Hələ ki, düşmənin əzilməsi üçün hamını bir yerdə olması vacibdir – bunu da ABŞ prezidenti istəmir. Yəni baş verənlərin mahiyyəti bundan ibarətdir. Nə İstanbul görüşü, nə Vatikan danışıqları, nə Budapeşt, nə İsveçrə?.. İndiyədək Ukrayna ilə bağlı 22 –dək danışıq təlkif olunub... Hamısı boş-boş vaxt aparmaqdır. Hər şeyi Ukrayna Silahlı Qüvvələri həll edir... Yəni müharibənin bitməsi, yaxud atəşkəs edilməsi... Gücə tabe olan bir dövlətdir Rusiya. Bu həmin dövlətin dövlətçilik konsepsiyasıdır... Zor və yalan üzərində qurulub... Necə ki, II Cahan savaşı dövründə nasist Almaniyası... Eyni şeydir, eyni baxışdır, eyni düşüncədir... Odur ki, yeganə çıxış yolu Rusiyanın məğlub edilərək cəzalandırılmasıdır...”