Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna üçün ən yaxşı variant onun ərazisində Qərblə Rusiya arasında bufer zona yaratmaqdır.
Hafta.az-ın yazdığına görə, Orban deyib: “İstəsək də, istəməsək də, ukraynalılar bəyənsə də, istəməsə də, Ukrayna xəritədə olduğu yerdədir. Bunun üçün ən yaxşı imkan, əlbəttə ki, təhlükəsizlik zəmanəti ilə Rusiya ilə Qərb arasında bufer zonasının yaradılmasıdır”.
“Kommersant”ın xəbərinə görə, Avstriyanın keçmiş kansleri Volfqanq Şüssellə görüşündən sonra danışan Orban, “Əks halda Ukrayna dövlət statusunu itirəcək” sözlərini əlavə edib.
NATO-nun iyulda Vilnüsdə keçirilən sammiti çərçivəsində Ukrayna üzrə Təhlükəsizlik Zəmanətləri Bəyannaməsi qəbul edilib. Sənəd müdafiə sektorunda əməkdaşlığı nəzərdə tutur.
Böyük Britaniya yanvar ayında Ukrayna ilə ikitərəfli saziş imzalayan ilk ölkə olub.
Ukrayna Prezidentinin Ofisi bildirib ki, Avropa İttifaqının altı ölkəsi 2023-cü ilin sonuna kimi bəyannaməyə qoşulmayıb.