“Ukrayna siyasətçilərinin əsas səhvi…” – Tofiq Zülfüqarov açıqlayır

16:57 11.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Zelenski, təəssüf ki, özündən öncəki Ukrayna rəhbərlikləri tərəfindən aparılmış səhv siyasətin davamçısı oldu. Səhv siyasət nədən ibarətdir? Bilirik ki, Rusiya coğrafi baxımdan Azərbaycanın da, Ukraynanın da qonşusudur. O, yaxşı, yaxud pis qonşudur – bu, başqa məsələdir.  Amma biz  anlamalıyıq ki, böyük  problemlər yaranmaması üçün bu qonşu ilə hansısa ortaq məxrəcə gəlməli, maraqların balansını tapmalıyıq. Əgər həmin balansın tapılmasına nail olmursansa, deməli, sən konfrontasiyaya, qarşıdurmaya yol açırsan və bunu anlamalısan. Bu halda gec-tez tərəflər arasında toqquşma olmalıdır”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri hafta.az əməkdaşının “Ukrayna prezidenti Zelenskinin bir dövlət başçısı kimi Rusiyanın ölkəsinə məkrli hücumundan əvvəlki və hazırkı siyasətini düzgün hesab edirsiz, yoxsa?” sualını cavablandırarkən ifadə edib.

“Sən onu da əvvəldən bilməlisən ki, toqquşma olacağı halda dövlətinin vuruşmağa gücü çatacaq yoxsa, yox. Bəzi siyasətçilər belə vəziyyətdə deyirlər ki, gücüm çatmasa, az olsa da belə, müttəfuqlərim mənə kömək edəcəklər. Ukrayna rəhbərliyi də illər uzunu belə düşünüb və belə strategiya əsasında bu ölkənin təhlükəsizliyini təmin edən əsas amil kimi  NATO-ya üzv olmağı nəzərdə tutub. Hətta öz Konstitusiyalarına bu barədə bənd də salıblar. Amma neçə illər ərzində Ukrayna NATO-ya qəbul olunmadı. Rusiyanın hücumundan sonra isə gördük ki, NATO üzvü olan dövlətlər öz hərbçilərini Ukraynadan ötrü vuruşub ölməyə göndərmək istəmədilər. Çünki düşündülər ki, Rusiya ilə bu savaşın hansısa mərhələsində nüvə silahından da istifadə etməyə məcbur olacaqlar. Bu da hər iki tərəfi məhvə aparacaq. Məgər  bu sadə məntiqi Ukrayna siyasətçiləri başa düşmürdülər? On il bundan öncə də məndən soruşsaydılar, deyərdim ki, NATO  hansısa ona üzv olmayan ölkədən ötrü vuruşan deyil. Ona görə də Ukrayna tərəfindən bəlkə də hansısa baxımdan yaxşı görünməyən siyasi addımlar atılmalıydı ki, qonşu ölkə ilə silahlı qarşıdurma, müharibə olmasın və ən əsası,  ölkə vətəndaşları həlak olmasınlar, evlərini itirməsinlər, qaçqın düşməsinlər. Bu baxımdan  mən də hesab edirəm ki, Ukrayna siyasətçilərinin əsas səhvi  ondan ibarət olub ki, vəziyyəti lazımi şəkildə dəyərləndirməyiblər və nəticədə xalqı, demək olar ki, qırğına veriblər. Bu o demək deyil ki, biz Rusiyanın əməllərinə haqq qazandırırıq... Təbii ki, yox. Rusiyanın günahı öz yerində… Amma siyasətçilərin də günahı öz yerində...”- deyə sabiq baş diplomat açıqlamasının davamında vurğulayıb.