Ukraynada hadisələrin gedişatını bəyənməyənlərin sayı artır

11:17 09.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada aparılan araşdırma göstərib ki, ölkəsinin doğru yolda olduğuna inanan Ukrayna vətəndaşlarının nisbəti getdikcə azalır.

Hafta.az-ın yazdığına görə, “Razumkov” ictimai rəyi araşdırma mərkəzinin məlumatına görə, münaqişələr başlayandan sonra öz ölkəsində düzgün siyasətin həyata keçirildiyini düşünən Ukrayna vətəndaşlarının sayı 20 faizdən 51 faizə yüksəlib. 2024-cü ildə aparılan son sorğuya görə bu nisbət 41 faizə enib.

Ukrayna vətəndaşlarının 38 faizi ölkənin düzgün yolda olmadığını düşünsə də, 21 faizi bu məsələ ilə bağlı dəqiq fikirləri olmadığını bildirib.

Keçən ay keçirilən sorğunun nəticələrinə görə, Ukrayna vətəndaşlarının 86 faizi ölkədə qiymət və tariflərin, 68 faizi iqtisadi vəziyyətin, 64,5 faizi isə sabitliyin pisləşdiyi qənaətindədir. Sorğu iştirakçılarının 63,5 faizi gələcəyinə inamının azaldığını, 58 faizi isə ailələrinin rifah səviyyəsinin aşağı düşdüyünü bildirib.

Ukrayna vətəndaşlarının 53 faizi hökumətə baxışlarının mənfi istiqamətdə dəyişdiyini, 61 faizi isə ölkədə vəziyyətin ümumilikdə pis olduğunu bildirib.