İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ilə hafta.az üçün növbəti söhbətimizdə Rusiyanın Ukraynaya təcavüzündən, bu savaşın hansı sonuclarla nəticələnə biləcəyindən, Kremlin Ukraynada qalib gəlməsi, yaxud məğlubiyyətinin Azərbaycana və konkret olaraq Qarabağ məsələsinə mümkün təsirlərindən, Putinin hərbi-siyasi yolla devrilməsi, yaxud ona qarşı sui-qəsd ehtimallarından və s. haqda danışdıq.
- Rusiyanın Ukraynaya artıq iki həftədir ki, davam edən təcavüzünün sonunu necə görürsünüz?
- Rusiya bu müharibədə artıq məğlub olub. Bu gündən sonra nə olacağından asılı olmayaraq, Ukrayna və Rusiya xalqı arasına əbədi düşmənçilik toxumu səpildi. Nəticədə Samuel Hantiqtonun qardaşlıq nəzəriyyəsi bu müharibə ilə puç oldu. Ukrayna tərəfi məlumat verir ki, Rusiyanın 12 mindən çox itkisi var. Düzdür, hər iki tərəf bir-birinin məlumatlarını təsdiqləmir. Bu, müharibə vaxtı belə də olmalıdır. Bununla belə, Rusiya ordusu dünyada rüsvay oldu. Dünya və Putin Ukrayna xalqının belə dirəniş göstərəcəyini gözləmirdi. Üzbəüz döyüşlərdə uğur qazanmaqda çətinlik çəkən Rusiya müharibə qanunlarını pozur, günahsız insanları öldürür və körpələri həlak edir. Necə ki, Qarabağın işğalı, o cümlədən Xocalı soyqırımı zamanı erməni terrorçularla birlikdə Azərbaycan xalqının minlərlə nümayəndəsini qətlə yetiriblər...
Hazırda, təəssüf ki, Ukraynanın havadanmüdafiə sistemi çox zəifdir. Qərbin köməyi ilə bunu gücləndirsə, Ukrayna qalib gələcək.Yayılan məlumatlara görə, artıq Polşa razılıq verib və NATO-nun bu ölkə vasitəsilə Ukraynaya verdiyi havadanmüdafiə sistemləri qurulmaq üzrədir...
Bütün çətinliklərə, faciələrə rəğmən qəhrəman Ukrayna xalqı şərəflə döyüşür. Zelenski bu gündən sonra düzgün addımlar atmalı və qəti qərarlar verməlidir. Zelenski Rusiyanın heç bir şərtini qəbul etməməli, ancaq Ukraynanın şərtləri qəbul olunmalıdır. Kiyev neytral qalmaq şərtini qəbul edə bilər, yalnız Ukraynanın ərazi bütövlüyünün təmin olunması şərti ilə...
- Versiyalar səslənir ki, guya Putin Baydenlə razılaşıb; savaşların sonucunda Ukraynanı iki hissəyə – Qərbi və Şərqi Ukraynaya böləcəklər. Belə bir variant baş verə bilərmi?
- Ukrayna tarixinə baxanda bu ölkə sizin dediyiniz formada bir dəfə bölünüb. 1918-ci ildə qərb hissədə yaradılan dövlətin adı “Qərbi Ukrayna Xalq Respublikası” olub. Bu dövlət Almaniyameyilli olub. Şərqdə isə bolşevikmeyilli digər bir dövlət yaranmışdı. Sonradan bu iki dövlət “Ukrayna Xalq Respublikası” adı altında birləşib. 1921-ci ildə bolşeviklər Ukraynanı işğal edib. İkinci Dünya müharibəsi zamanında Almaniyanın əsas hədəflərindən biri Ukraynanı işğal etmək idi...
İndi baş verən müharibədə də Ukraynanın iki yerə bölünməsi məsələsi gündəmdə ola bilər. Mən bunu real görmürəm. Ukrayna xalqı bununla barışmaz və buna imkan verməz. ABŞ-a, Baydenə də belə bir plan sərf etməz. Ukrayna Qərbə tam, bütöv lazımdır. Qərbin əsas hədəfi Putini iqtidardan devirməkdir. Hələ ki, neft və qaz enerjisinə görə Rusiyaya bütün mümkün sanksiyalar tətbiq olunmur. Zamanla bu da olacaq. Ukrayna xalqı da Putin işğalına qarşı dirənir. Belə bir durumda Zelenski düzgün oyunları qurmalı, zamanında, yerində və qətiyyətli qərarlar verməlidir ki, Ukrayna bu geosiyasi oyunda qurban olmasın. Putinin indiki əsas hədəfi odur ki, Krımın işğalını qəbul etsin və iki separatçı oyuncaq dövləti tanısın. Ukrayna rəhbərliyi və xalqı böyük dirəniş göstərir və bu alçaldıcı şərtləri tanımır və düz edir. Yalnız Ukrayna müharibədə güclü dönüş etdikdən sonra, Putin şərtlərindən geri çəkilməyə məcbur olacaq...
- Allah eləməmiş, Putinin fiziki baxımdan “qalib gələrək” Ukraynanın Kiyev, Xarkov, Odessa kimi şəhərlərini də işğal etməsindən sonra Qərb, Avropa, ABŞ hansı adekvat tədbirləri görə biləcəkdir? Yoxsa nüvə təhdidinə görə, yenə də hamı gözləmə mövqeyində duracaq?
- Əvvəla, Ukrayna xalqı və dövləti Allaha və özünə inanmalıdır. Putinin planı siz deyən kimi idi və və 6 martda işğalı bitirməli idi, ancaq plan baş tutmadı. Bu gün Xarkov əhalisi şərəflə dirənir. Xarkova “qəhrəman şəhər” statusu verildi. Xarkovun meriya rəhbərliyi düzgün mübarizə aparır. Ən önəmlisi odur ki, Putinin Xarkovda bombaladığı insanların əksəriyyəti rusdur. Bunun nəticəsində Xarkovda yaşayan ruskökənli insanlar da Rusiya dövlətinə nifrət etməyə başlayıb. O da var ki, hazırda Putinin Kiyev, Xarkov və Odessanı işğal etmək gücü yoxdur. Yalnız güclü hava və artilleriya hücumları edə bilər. Həm də bu şəhərlər işğal olunsa, Qərb Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdırə bilər və ya Budapeşt bəyanatına görə, NATO birbaşa, aktiv müharibəyə qoşula bilər...
Qaldı nüvə təhdidi məsələsinə, dünyada nüvə silahını istifadə edən ABŞ olub. Düşünürəm, Putin bundan istifadə etməz, çünki bu, onun sonu olar. Hər şey müharibənin gedişatından asılı olacaq. Bütün hallarda Putin nüvə silahını atdi-atmadı, bu savaşda məğlubdur...
- Ərdoğanın Putini yola gətirmək təşəbbüslərindən, Antalya forumunda Ukrayna və Rusiya baş diplomatlarının görüşündən real nəticə gözlənilirmi?
-Türkiyə Ukraynaya yardım edirsə, burada ABŞ-ın da rolu var. Bu gün görünməsə də, Rusiya–Ukrayna müharibəsində Ərdoğan həm Türkiyə, həm də ABŞ-ın maraqları üçün oynamağa çalışır. Hazırda Vaşınqton və Ankara arasında telefon diplomatiyası gedir. Bəs Ərdoğan Putini durdura bilərmi? Öncə demək istəyirəm ki, Ərdoğan Rusiya–Ukrayna arasında müharibəni durdurmağa nail ola bilsə, Türkiyə bundan qazanclı çıxacaq. Digər tərəfdən, son Ərdoğan-Putin telefon danışığında Türkiyənin Azov dənizində olan gəmilərinin Türkiyəyə gəlməsi həll olunub. Bilirsiniz, həmin gəmilərdə bitki yağları gəlir. Türkiyədə son zamanlar yağların qiyməti artmışdı. Digər gəlinən razılıq Antalyada Rusiya-Ukrayna xarici işlər nazirlərinin görüşü barədə olub. İlk baxışdan bunu uğur saymaq olar. Həmin görüşün nə qədər uğurlu olacağını demək çətindir. Əgər Rusiya öz şərtlərini diqtə etmək istəsə, bu görüş uğursuz olacaq. Ümumiyyətlə, Antalya görüşündə uğur olacağı bir az çətin görünür. Hər iki tərəfin bəzi məsələlərdə kompromisə gəlmək şansı var. Rusiya və Ukrayna arasında müharibəni dayandıra biləcək yeganə güc var ki, o da Vaşınqtondur. Təəssüf ki, Vaşıqton da hazırda müharibənin davam etməsini istəyir...
- Putinin hərbi və yaxud siyasi yolla devrilmə ehtimalını görürsünüzmü?
- Hazırda Rusiya daxilində Putinə qarşı müxtəlif qüvvələrin narazılığı artıb. Oliqarxlar müharibəyə dəstək vermir. Bu günə qədər Putin klan arasında balanslı oyun aparırdı. Bundan sonra apara bilməyəcək. Görünən budur ki, onun növbəti dəfə prezidentliyə namizədliyini vermək şansı da yoxdur və ya versə də, dəstək qazanmayacaq. Bu gündən sonra “FSB” klanının dediyi namizədə dəstək verilə bilər... Düşünürəm, 1999-cü ildə Putini iqtidara gətirən güc onun siyasi karyerasına son verəcək. İstərdim ki, bunu rus xalqı etsin. Təəssüf ki, rus xalqı hələ ki bunu etmək istəmir və ya bunun üçün gücü yoxdur...
- Bəs Rusiya liderinin sui-qəsdlə aradan götürülməsi necə, mümkündürmü, sizcə?
- Putinin sağlığında problem var. Sağlığını bəhanə edərək istefaya gedə bilər. Elə bu, onun özü üçün də ən yaxşı yol olar. Rusiya liderinə sui-qəsd olunma ehtimalı çox azdır. Deyilənə görə, Putin çox yaxşı qorunur, Şoyqudan başqa heç kimlə təmasda olmur. Sadəcə, ola bilər ki, ikinci Stalin taleyi yaşasın...
- Putin Ukraynada müvəqqəti də olsa, “qalib gələcəyi” təqdirdə, Azərbaycanın və ayrıca Qarabağın, Azərbaycan-Ermənistan münasibətlərinin taleyini necə görürsünüz?
- Bu gün Rusiya-Ukrayna müharibəsində Azərbaycanın taleyi həll olunur. Əsas odur ki, Qarabağda bizim hazırda həll olunmamış məsələrimiz var. Əgər Putin Ukraynada qalib gəlsə və öz şərtlərini diqtə etsə, bizi daha çətin günlər gözləyir. Qərbə gedən yolumuz və Qarabağdakı problemlərimizin həlli çətinləşir. Onsuz da bu münaqişənin bitməsini Rusiya istəmir. Bir sözlə, Putin qalib gəlsə, dövlət suverenliyimizə təhdidlərin sayı artacaq. Kremlin şərtlərini qəbul etdirmək üçün təzyiqlər çoxalacaq. Ümid edirəm ki, belə olmayacaq. Rusiya Ukraynada qalib gəlsə də, biz Moskvanın təzyiqləri qarşısında dirənməli və hər zaman düzgün siyasi-diplomatik gedişlər etməliyik...
- Bəs Putin uduzacağı və ya hakimiyyətdən gedəcəyi təqdirdə vəziyyətimiz necə olacaq?
- Görünən odur ki, artıq Putinin hakimiyyətində çatlar var. Hakimiyyətdaxili klan bölünüb. “FSB” klanı Putinə qarşıdır. Digər klan Şoyqu klanını ittiham edir və s. Onsuz da Putinin sağlığında problem var. Sadəcə, yerinə uyğun namizəd tapa bilmirlər. Putinin hakimiyyətdən getməsi rus xalqının iradəsindən asılıdır. Klan içərisində ondan sonra hakimiyyətə kimi gətirəcəklərinin axtarışındadırlar. Digər tərəfdən, dediyim kimi, “FSB”klanı Şoyqunu ittiham edir. Ola bilsin, Ukraynada uduzmağın bədəli Şoyquya kəsiləcək. Ya da Şoyqu klanı hərbi çevrliş edə bilər. Putinin getməyi Azərbaycan üçün də böyük uğur sayılacaq. Əsas odur ki, Rusiyanın buradakı adamlarının, yəni “5-ci kalon”un əli-qolu bağlanacaq. Putinin getməsindən biz yaxşı istifadə etməli, Qarabağda həlli yarımçıq məsələləri Paşinyana həll etdirməli, ya da təcili antiterror əmilliyatları ilə işi bitirməliyik...