Putin arvadları ordu generalı edib. Belə orduda hansı ruh yüksəkliyindən danışmaq olar?..
Görün, Kreml nə qədər acınacaqlı vəziyyətə düşübsə, Suriyadan və s. “könüllülər” adıyla muzdlu döyüşçülər gətirməyə çalışır...
Keçmiş Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev hafta.az-a bu dəfəki müsahibəsində Rusiyanın Ukraynaya təcavüzündən, Kremldəki siyasi və hərbi rəhbərliyin orduya 1940-cı illərin müharibə şüuru ilə komandanlıq etmələrindən, Putinə qarşı hərbi çevriliş, yaxud sui-qəsd şansından, Ukrayna ordusunun sırf hərbi və ruh yüksəkliyi baxımından üstünlüklərindən, bu xalqın işğalçılarla mübarizə və döyüş əzmindən və s. bəhs edib.
-Cənab general, Rusiyanın Ukraynaya təcavüzündən bir aya yaxın vaxt keçir. Bu savaş haqda fikirlərinizi bilmək oxucularımız üçün də maraqlı olardı...
-Ukrayna savaşı haqqında fikirləri ondan başlamaq istərdim ki, var ədalətli müharibə, var ədalətsiz müharibə. Ukrayna ədalətli savaş aparır, ona görə ki, bu xalq öz vətənini qoruyur. Öz vətənini qoruyan adam da əjdahaya dönür. Necə ki, Qarabağdakı 44 günlük müharibə zamanı Azərbaycan xalqı öz Vətən torpaqlarını azad etmək uğrunda savaşdığı üçün yetərincə fədakarlıq göstərdi. Məhz bu baxımdan bu gün işğalçı Rusiya ordusuna qarşı döyüşən Ukrayna əsgərləri heç nədən qorxmur və torpaqları, dövlətçilikləri uğrunda düşməni öldürməyə də, ölməyə də hazırdırlar...
Digər tərəfdən, Ukrayna hərbçilərinin arxasında dövlət tərəfindən silahlandırılmış xalq da dayanır. Yeri gəlmişkən, bizim Qarabağdakı sonuncu qələbəmiz Ukrayna xalqına böyük ruh yüksəkliyi verdi...
Onu da demək gərəkdir ki, son vaxtlar Ukrayna ordusu olduqca gücləndirilib, müasir silah və texnikalarla təchiz olunub. Bu ordu, demək olar ki, NATO standartlarına uyğun hazırlanıb. Odur ki, müasir, güclü ordu və ruh yüksəkliyini nəzərə alsaq, Ukrayna xalqının qələbə şansı çox böyükdür...
Vaxtilə Rusiya əsgəri də Napoleona, Hitlerə qarşı vuruşanda cəsarətli idi, vətənpərvər idi, çünki öz torpaqlarını müdafiə edirdilər. Ukrayna torpaqlarını işğal etməyə gedən əksər Rusiya hərbçisi onu düşünür ki, nəyə görə biz yad ölkənin daxili işlərinə qarışmalı və burada ölməliyəm. Haradadır Ukraynada faşistlər, nasistlər? Yeri gəlmişkən, Rusiyanın özünə sual etmək lazımdır ki, vaxtilə Moskvada dazbaş skinxedlər at oynadırdı, Eduard Limonov kimi irqçilər faşist ruhlu vərəqələr paylayırdı. Bəs o zaman niyə sənin ərazinə heç kəs hücum etmədi ki, burada nasistlər var?..
-Rusiya ordu komandanlığının savaş strategiyasına necə qiymət verirsiz? Sırf hərbi baxımdan...
-Öncə onu qeyd etmək lazımdır ki, Rusiyanın həm siyasi, həm hərbi rəhbərliyi bu günədək hələ 1940-cı illərin şüuru ilə yaşayırdı. Putin, Şoyqu elə düşünürdü ki, çoxlu tankın, təyyarən, raketin və s. olsa, istənilən ölkəni işğal edə bilərsən. Elə həmin şüurla da Ukraynaya təvavüz etdilər. Ukrayna dövləti, xalqı və ordusu onlara sübut etdi ki, yanılıblar. Rusiyanın texnikalarının, xüsusən tanklarının çoxu köhnə buraxılışdır və əksəriyyəti nasaz vəziyyətdədir. Yada salaq ki, 2008-ci ildə Gürcüstana təcavüz edən Rusiya ordusunda 400 tank vardı, onlardan heç 100-ü gedib Tiflis yaxınlığına çıxmadı, çoxu xarab olub yolda qaldı. Bundan nəticə çıxarmaq lazım idi ki, texnika, tank hər şeyi həll etmir. Hələ Gürcüstan savaşı zamanı dronlar, PUA-lar yox idi. Bununla belə, 3 vertolyotla bütöv tank taborunu 10-15 dəqiqədə məhv etmək mümkündür. Bu gün də Ukrayna ordusu rus tanklarını bir az içəri ərazilərə buraxır, sonra da PUA-lar, aviasiya, artilleriya ilə məhv edir. Yeri gəlmişkən, böyük qürur duyuram ki, Qarabağda bizim qələbədə olduğu kimi, bu gün də türk silahı olan “Bayraktar”lar Ukrayna ordusunun uğurlu əməliyyatlarına böyük dəstək verir...
Rusiya ordusunun, dediyimiz kimi, ruh yüksəkliyi yoxdur. Ukrayna ordusu çox ağıllı gedişlə onların təchizat məsələsini də dayandırdı. Yəni arxadan Rusiya ordusuna heç bir ərzaq, yanacaq, silah-sursat çatdırmaq, demək olar ki, mümkün deyil. Ac qalan əsgər də döyüşə bilməz. Burada sərt iqlim şəraiti də böyük rol oynayır...
Eyni zamanda Rusiyanın yaşayış binalarını, dinc sakinləri bombalaması, raket, aviasiya, artilleriya zərbələrinə məruz qoyması, uşaqlara, qadınlara, qocalara qarşı belə, birbaşa terror aktları həyata keçirməsi də bütün dünyada böyük nifrət yaradıb. Bir şey aydın olur ki, bu gün Ukraynada da II Qarabağ savaşı zamanı Gəncənin, Bərdənin və s. bombalanması ilə eyni ssenari tətbiq edilir. Yəni mülki əhaliyə qarşı açıq terror aktları törətməklə ölkədə qorxu və təşviş yaratmaqla insanları kütləvi şəkildə öz yaşayış yerlərini tərk etməyə vadar edərək şəhərlərin işğalına şərait yaradırıar. Ona görə də Ukrayna prezidenti, riskli olsa da, çox düzgün qərar qəbul etdi ki, bütün əhalinin silahlanmasına göstəriş verdi. Bilirsiniz, bunu tarixdəki bir çox savaşlar da göstərib; bir ölkənin ordusu ilə vuruşub ona qalib gəlmək olar, amma bütövlükdə xalqla savaşda qalib olmaq qeyri-mümkündür. Bunu Hitler də bacarmadı...
Faşist Almaniyasının onurğa sütununu məhz SSRİ tərkibindəki müxtəlif xalqların faşistlərlə hər vasitə ilə mübarizəsi sındırdı. Xüsusən də Ukrayna və Belarus partizanlarının hərəkatı… Ən çətin döyüş növü şəhər döyüşləridir. Ona görə ki, küçələrdə, dalanlarda ağır zirehli texnikanın, eləcə də düşmənin canlı qüvvəsinin manevr imkanları azdır. Öz şəhərlərini işğalçılardan daha yaxşı tanıyan sakinlər, məsələn, tanklar küçələrə daxil olan kimi onları, ən azı, “Molotov kokteyl”ləri ilə, o cümlədən qumbaraatanlarla, “Javelin”lərlə vurub məhv edirlər. Bu baxımdan Rusiya ordusu qorxusundan tam şəkildə hansısa şəhərə girib oranı ələ keçirə bilmir. Çünki hər dalanda, hər döngədə, hər binada müdafiəçilər, partizanlar dayanıb və işğalçılara hər vasitə ilə zərbə vurmağa hazırdırlar. Şəhəri raket və bombalarla məhv etsə də, o ordu o vaxt qalib sayılır ki, həmin şəhərə piyada qoşunlar daxil olsun. Bu mənada da Rusiya ordusunun Ukraynanın Xarkov, Kiyev, Odessa kimi iri şəhərlərini də ələ keçirmək və bütövlükdə qələbə çalmaq şansı çox azdır...
Bu gün Ukraynada həmçinin meşəlik ərazilərdə düşmənin texnikasına və canlı qüvvəsinə güclü zərbələr endirilir...
-Bir peşəkar hərbçi kimi necə düşünürsüz, bundan sonra Rusiya ordusu Ukraynada hücumlarını davam etdirə biləcəkmi?
-Hesab edirəm ki, əgər Rusiya ordusu doğrudan da Ukrayna mənbələrinin dediyi qədər itkilər veribsə, onun bundan sonra özünə gəlməsi və yenidən irəliləməsi həddindən artıq çətin məsələdir. Müharibə taktikasında belə bir amil qəbul olunub ki, hər hansı iri hərbi birləşmə, ordu, briqada, diviziya, alay və s. öz canlı qüvvə, texnika və hərbi sursatının 50 faizini itiribsə, deməli həmin birləşmə öz döyüş qabiliyyətini də itirib. Bu mənada Rusiyanın durumu çox ağırdır. Görün, Kreml nə qədər acınacaqlı vəziyyətə düşübsə, Belarusu da Ukraynadakı əməliyyatlara qoşmaq istəyir, Suriyadan və s. “könüllülər” adıyla muzdlu döyüşçülər gətirməyə çalışır. Deyir, cəhənnəmə gedən özünə yoldaş axtarar… Amma bir balaca ağlı olan ölkə liderləri Rusiyadan uzaq durmağa çalışır. Hətta Belarusun diktator lideri Lukaşenko da müxtəlif hiyləgər bəhanələrlə bu günədək öz ordusunu Ukraynaya yeritməyib...
Rusiya ordusunun Ukraynaya təcavüzü zamanı bir aya yaxın müddətdə verdiyi külli miqdarda canlı qüvvə və texnika itkiləri onun əslində çoxlarının təsəvvür etdiyinin əksinə olaraq bərbad bir durumda olduğunu göstərdi. Diqqət etmək gərəkdir ki, Putin hakimiyyətə gələndən bəri, yəni son 22 ildə Rusiya ordusuna kimlər rəhbərlik edib. Mebel mağazasının müdiri olan Serdyukov... Bu üzdəniraq korrupsioner müdafiə naziri 6-7 aviasiya, neçə ümumqoşun, tankçılıq məktəbini və s. ləğv edib. Baş Qərargah akademiyasında, Frunze adına hərbi akademiyada ixtisarlar aparıb. Bir sözlə, Serdyukovun vaxtında Rusiya ordusuna sarsıdıcı zərbə vurulub. Və 2012-ci ildən, yəni artıq 10 ildir ki, nazir olan Şoyqu... Məgər o, hərbi mütəxəssisdir? Onun nəinki hərbi təhsili yoxdur, heç hərbi xidmətdə də olmayıb. Müdafiə naziri olanadək Fövqəladə Hallar naziri olub... Putin arvadları ordu generalı edib. Belə orduda hansı ruh yüksəkliyindən danışmaq olar? Zabitlər də görür, anlayır ki, onlara kimlər rəhbərlik edir...
-Yeri gəlmişkən, Tacəddin müəllim, necə hesab edirsiz, Rusiya generalitetindəki hərbçilər Putinə qarşı hərbi çevriliş, yaxud sui-qəsd təşkil edə bilərmi? Belə bir cəsarətdə olan rus generalı varmı?
-Mənim müşahidələrimə, təhlillərimə görə, hazırkı şəraitdə Rusiyada hərbçilər tərəfindən Putinin devrilməsi,yaxud sui-qəsd təşkil edilməsi mümkün deyil. Rusiya generalitetində elə bir cəsarətli hərbçi tanımıram. Hazırda bu ölkədəki bütün proseslərə “FCB” nəzarət edir, bütün rıçaqlar həmin qurumun əlindədir, bütün oliqarxlar da bu sistemin adamlarıdır. Ona görə də Putin istəsə, Şoyqunu bu saat işdən azad edər və həbs edər. Kim onun müdafiəsinə qalxacaq?.. II Dünya müharibəsindən sonra Jukov kimi marşalın bütün SSRİ-də nə qədər böyük nüfuzu vardı, Stalin onu vəzifədən azad etdi. Kim onu müdafiə etdi?..
Putini yalnız Rusiya xalqı ayağa qalxıb devirə bilər. Amma məlum olduğu kimi, oliqarxların da bütün pulları batır. Ona görə də onlar da bütün imkanlarıyla Putinin devrilməsinə, yaxud fiziki cəhətdən məhv edilməsinə çalışırlar. Çox güman ki, sonda Putini də Stalin kimi öz ətrafındakılar hansısa yolla aradan götürəcəklər...
-Deməli, hesab edirsiz ki, Rusiyanın Ukraynanın iri şəhərlərini; Xarkovu, Odessanı, Kiyevi tam şəkildə ələ keçirmək şansları çox azdır?
-Bəli. İnanıram ki, Rusiya ordusu Ukraynanın heç bir böyük şəhərini tam şəkildə işğal edə bilməyəcək. Ancaq hətta Xarkovu, Odessanı götürə bilsələr də belə, həmin şəhərlərdə uzun müddət dayana bilməyəcək Ukrayna döyüşçüləri, əhalisi tərəfindən məhv ediləcəklər. Əgər hər hansı şəhərdə xalq oraya daxil olan orduya nifrət edirsə, həmin ordu heç vaxt orada duruş gətirə bilməz. Melitopolda, Xersonda camaat qorxmadan çəkinmədən silahsız-filansız Rusiya ordusunun qarşısına çıxıb “Rədd olun burdan!” dedilər. Xalqla savaşı udmaq qeyri-mümkündür... Putin elə düşünürdü ki, “5-ci kalon” Ukraynada ciddi işlər aparıb və ukraynalılar Krımda olduğu kimi, Rusiya əsgərlərini gül-çiçəklə qarşılayacaqlar. Amma yanıldılar, Ukrayna xalqı işğalçıları “Molotov kokteyl”ləri ilə qarşıladı...
-Sizcə, Ukraynada geniş şəkildə xalqın təşkil etdiyi partizan hərəkatı başlana bilərmi? Yoxsa belə bir hərəkat artıq başlayıb?
-Əslində Zelenskinin əhalinin silahlandırılması göstərişi elə partizan hərəkatına rəvac vermək demək oldu. Odur ki, Ukraynada partizan hərəkatı “başlaya bilər” yox, çoxdan başlayıb. Müharibənin elə ilk günlərindən başlayıb o hərəkat... Bəs Rusiyanın arxadan gələn silah-sursat, ərzaq kalonlarını kimlər yandırır, məhv edir? Həmin partuizanlar... Hətta qadınlar, qoca kişilər də qatılıb partizan hərəkatına... Ümumiyyətlə, deyim ki, Ukrayna xalqı döyüşkən xalqdır. Mənimlə birgə hərbi məktəbdə də, akdemiyada da bir çox ukrayın oğullar təhsil alıb. Və mən onların ürəklərini, ruhlarını, cəsarətlərini yaxşı bilirəm...
-Cənab general, NATO hərbi blokunun Ukrayna dövləti və ordusunun Rusiya təcavüzünə qarşı mübarizəsi ilə bağlı mövqeyini necə dəyərləndirirsiz?
-NATO-nun münasibətinə o qədər də yaxşı baxmıram. Bunu NATO-nun son sammiti və Zelenskinin bu təşkilatdan narazılığı da göstərdi... Necə ki, II Dünya savaşında ABŞ və bütün Qərb ölkələri ilk illər müşahaidə edir və heç bir tərəfdən birbaşa ənəliyyatlara qoşulmurdular, deyirdilər ki, qoy SSRİ ilə Almaniya bir-birlərini qırsınlar. Və əvvəlcə Almaniya irəli gedəndə onlara kömək edirdilər. Sonra gördülər ki, sovet ordusu artıq faşistləri Elba çayınadək qovub, başladılar Sovet İttifaqına kömək etməyə. Və ABŞ yalnız 1944-cü ildən qoşunlarını Avropaya yeridərək Almaniyaya qarşı ikinci cəbhə açdı...
Bütün bunlarla belə inanıram ki, I Qarabağ savaşından bəri Rusiyanın fətvası və göstərişləri ilə Ermənistanın Azərbaycan xalqının başına gətirdiyi sonsuz faciələrə, soyqırımlara, şəhərlərimizin, kəndlərimizin işğal edilib xaraba qoyulmasına dünya göz yumsa da, amma bu dəfə beynəlxalq ictimaiyyət Putinin Ukraynada etdiyi faşizmə, dağıdıcılığa, insan soyqırımına göz yummayacaq. Rusiyanı Ukraynadakı bütün insan itkilərinə, dağıntılara və s. görə külli miqdarda təzminat ödəməyə vadar edəcəklər...
Ən böyük səhvlərdən biri o oldu ki, iki qardaş slavyan xalqının arasına bəlkə də yüz illərlə davam edəcək düşmənçilik toxumu səpildi. Amma Putinin SSRİ-ni bərpa etmək planlarının üzərindən birdəfəlik xətt çəkildi. Çünki ən azı digər keçmiş müttətfiq respublika xalqlarının hamısı düşünür ki, əgər bu diktator rus xalqı ilə qardaş olan bir xalqı bu günə salırsa, o halda Azərbaycana, Gürcüstana, Özbəkistana, Moldovaya və s. nələr edə bilər.
Bir sözlə, mən hesab edirəm ki, qələbə mütləq Ukraynanın olmalıdır. Çünki bu xalq ədalətli savaş aparır və Rusiya ordusu da, dövləti də bu ölkəyə təcavüzünün hələ çox acı nəticələrini görəcəkdir...