Uzunömürlülər reytinqində son pillələrdəyik - Reytinq

12:44 30.11.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan uzunömürlülərin sayına görə dünyada əhəmiyyətli dərəcədə geriləyib. Dünya İqtisadi Forumunun “Qlobal Gender Fərqi” indeksinə görə, Azərbaycan bu siyahıda146 ölkə arasında 101-ci yerdə qərarlaşıb. Bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında qeyd olunub. İqtisadi iştirakçılıq və imkanlara görə, Azərbaycan 146 ölkə arasında 36-cı, təhsil nailiyyətinə görə 55-ci, siyasi səlahiyyətlərə görə 135, sağlamlıq və uzunömürlülüyə görə 144-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu indeks müxtəlif ölkələrdə qadınların iqtisadi iştirakı, imkanları, təhsil səviyyəsi, sağlamlıq, uzunömürlülük və s. göstəricilərinə əsasən, onların rifahının müqayisəli təhlili əsasında hazırlanıb.

Əslində sovet dövründə Azərbaycan əhalinin uzunömürlülüyünə görə fərqlənən ölkələrdən idi. Uzunömürlü insanlara əsasən dağlıq və dağətəyi rayonlarda rast gəlinirdi. Çünki bu bölgələrdə insanlar çirkli atmosferdən uzaq, təmiz dağ havasında yaşayır, qidalanmaya gəldikdə isə daha çox əkib becərdikləri təmiz məhsullardan istifadə edirdilər. Məlumatlara görə, Azərbaycanda hazırda uzunömürlü insanların üstünlük təşkil etdiyi Talış bölgəsi, İsmayıllı, Gədəbəy, Tovuz, Quba rayonlarıdır. İndiyədək Azərbaycanın ən uzunömürlü sakini 168 yaşlı Şirəli Müslümov olub ki, o da "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

Son illərdə əhalinin siyahıyaalınmasında 90 yaşdan yuxarı insanların ötən əsrlə müqayisədə azaldığı, eyni zamanda 85 yaşdan yuxarı yaşlarda ölüm hallarının çoxaldığı müşahidə olunur. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü il yanvarın 1-nə olan məlumata görə, respublikamızda 100 və yuxarı yaşda əhalinin sayı 1021 nəfər olub. Onların 381 nəfərini kişilər, 640 nəfərini isə qadınlar təşkil edir.

2022-ci ildə Azərbaycanda ömür göstəricisi əhali üzrə 76  yaş,  o cümlədən kişilərdə 73.6, qadınlarda 78.4 yaş olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada ən uzunömürlü insanlar hazırda Yaponiyada yaşayırlar. Müşahidələr göstərir ki, yaponlar 75 il qüsursuz yaşaya bilirlər. Bu, onların sağlam və aktiv həyat tərzi ilə bağlıdır.

Bəs, görəsən, Azərbaycanda uzunömürlülərin sayının azalmasına səbəb nədir? Bu məsələdə dünya ölkələri ilə müqayisədə niyə sonuncu pillələrdəyik?

Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, herontologiya üzrə mütəxəssis Zenfira Qədimova deyib ki, insanların sağlam və uzunömürlü yaşaması problemi bəşər tarixi boyunca tibb və biologiya elminin daim diqqət mərkəzində olub: “Ölkələrin bir çoxunda elmi-tədqiqat işləri aparılmaqla uzunömürlülüyün sirləri araşdırılaraq, həm də qocalma prosesinin mexanizmləri və səbəbləri öyrənilir. Hələ keçən əsrin əvvəllərindən bu sahədə tədqiqatlar aparılıb, indiyədək qocalma mexanizmləri haqqında müxtəlif nəzəriyyələr hazırlanıb. Bizim də herontoloq kimi qarşımıza qoyduğumuz məqsəd ölkə əhalisinin yaş strukturunda baş verən dəyişiklikləri öyrənmək, insan orqanizmində baş verən qocalma mexanizmlərinin sistemli analizlərini təhlil etməkdir. Məhz bu prinsip bütöv bir orqanizmin adaptiv, funksional və kompensator imkanlarını, davamlılığını qiymətləndirməyə əsas verir".

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda insanlar ahıllıq və qocalıq dövrünü keçib, uzunömürlülük yaşına çata bilmir: "İnsanlarımızın nə üçün ahıl və qoca yaş dövrünü keçə bilmədiyi ilə bağlı tədqiqatlar aparılır. Yaş təsnifatına görə 60-74 yaş intervalında olan şəxslər ahıl, 75-89-yaş intervalında olanlar qoca, yaşı 90-dan çox olanlar isə uzunömürlü hesab edilir. İnsan orqanizminin qocalması öz təbiətinə görə fizioloji proses olsa da, hazırkı dövrdə insanların qocalması ilk növbədə müxtəlif xəstəliklər fonunda yaranan patoloji və erkən qocalmadır. Xəstəliklər isə orqanizmin həyat fəaliyyətinin pozulmasına səbəb olur. Bu anlayışa əsaslanaraq, insan ömrünün uzadılması üsullarının tədqiqi mühüm dərəcədə patoloji qocalıqla mübarizəyə həsr olunmalıdır. Qocalma prosesində orqanizmin reaktivlik xüsusiyyətlərini aydınlaşdırmaq üçün uzunömürlülərdə fizioloji proseslərin gedişatını izləmək vacibdir. Ahıl və qoca yaşlılarla müqayisədə, uzunömürlülərdə patoloji qocalmanın sərt əlamətləri müşahidə olunmur".

Müsahibimiz bildirib ki, insanın sağlamlığında, uzun ömür yaşamasında birinci növbədə tibbi xidmətin rolu önəm daşıyır: "Finlandiya, Yaponiya, İtaliya və digər ölkələrdə uzunömürlülərin sayı artır. Həmin ölkələrdə səhiyyə xidməti yüksək səviyyədədir. Uzunömürlülük indeksi həmin ölkədə yaşayan ahıl və qocaların sayına nisbətdə hesablanır. Əhalinin ahıl və qoca yaşlı kontingentinin sayı çoxdursa və bu şəxslər daha sağlamdırsa, gələcəkdə onların uzun ömür sürmək, uzunömürlülük statusunu qazanmaq şansı daha çoxdur. Ancaq bizim ölkəmizdə tibbi xidmət yüksək səviyyədə deyil. Hətta tədqiqat prosesində arterial təzyiqini yoxladığımız ahıllar ilk dəfə müayinə olunduqlarını bildirirlər. Ümumiyyətlə, ahıl və qoca yaşlı şəxslərdə kompleks xəstəliklər (arterial hipertoniya, şəkərli diabet, artrit, ateroskleroz, nevrotik mənşəli sindromlar və s.) daha çox rast gəlindiyindən onların uzun ömür yaşaması sual altına düşür və yaxın gələcək üçün uzunömürlülüyün fizioloji proqnozunu vermək bir qədər tərəddüd yaradır. Təəssüf ki, araşdırmalarda ahıl və qoca yaş kateqoriyasında olan şəxslər arasında tam fizioloji sağlam insana rast gələ bilmirik".

Tədqiqatçı qeyd edib ki, mənfi ekoloji amillər, qida rasionu, ürək-damar sistemində baş verən dəyişikliklər və qeyri-sağlam həyat tərzi fizioloji qocalığın gedişatına əks təsir göstərərək patoloji qocalığın formalaşmasına öz təsirini göstərir. Nəticədə Azərbaycan dünya ölkələri arasında üzunömürlülərin sayına görə ilbəil geriləyir.