Vaşinqton və Texas hakimiyyət orqanları arasında münaqişə miqrasiya böhranı səbəbindən kəskinləşib. Ştat rəsmiləri federal hökumətə Meksika ilə sərhəddə ülgüc məftillərini çıxarmağa icazə verən Ali Məhkəmənin qərarını yerinə yetirməkdən imtina edirlər.
Ekspertlər bu qənaətdədirlər ki, Texasda baş verənlərin ABŞ dövlət sistemi üçün çox ağır nəticələri olacaq. Bu, ştatlar və federal hökumət arasında Amerikanın 1860-cı ildən bəri görmədiyi qarşıdurmadır.
Texas qubernatoru Qreq Abbott Texasın cənubunda həyatı sıxışdıran qeyri-qanuni mühacir axınının qarşısını almağa çalışdıqda, Bayden qanunsuzluğunu bərpa etmək üçün federalları göndərib. Buna cavab olaraq respublikaçı qubernator deyib:
“Federal hökumət Amerika Birləşmiş Ştatları ilə müqaviləni pozdu. ABŞ-ın icra hakimiyyəti konstitusiyaya görə Ştatları qoruyan federal qanunları, o cümlədən mövcud immiqrasiya qanunlarını tətbiq etməlidir. Prezident Bayden bu qanunları tətbiq etməkdən imtina etdi və hətta onları özü də pozdu. Nəticədə o, qeyri-qanuni immiqrasiya üzrə bütün rekordları qırıb".
Bir çox respublikaçı ştatlar öz milli qvardiyalarını Texasa kömək üçün göndəriblər. Demokratların nəzarətində olan ABŞ administrasiyası Texas hakimiyyətinin hərəkətlərini konstitusiyaya zidd və tədbirləri hədsiz adlandırır.
Respublikaçıların 26 ştatının baş prokurorları ABŞ Prezidenti Co Baydenə məktub göndərərək, Texasın Meksika ilə sərhədin öz hissəsinə müstəqil nəzarət etmək hüququnu müdafiə ediblər.
Texasdakı respublikaçı hakimiyyət orqanlarının dediyinə görə, federal mərkəz cənub sərhədini rekord miqrant axınından lazımi səviyyədə qorumur, bununla əlaqədar onlar öz tədbirlərini görürlər, o cümlədən Milli Qvardiyanın səfərbər edilməsi və ən gərgin ərazilərdə maneələrin quraşdırılmasını təmin edirlər.
ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib
Respublikaçıların 26 baş prokuroru Bayden və ABŞ-ın daxili təhlükəsizlik naziri Alejandro Mayorkasa “tək ulduz dövləti”ni dəstəklədiklərini bildiriblər. Dövlət orqanları milyonlarla miqrant axınını sərhədə koordinasiyalı hücum və işğal adlandırıb.
Son məlumata görə, Texas ştatının rəhbərliyi qeyri-qanuni miqrantların öz ərazilərindən köçürülməsi proqramının bir hissəsi kimi, 102 mindən çox insanı Amerikanın digər ştatlarına daşıyıb. Prezident seçkiləri ərəfəsində bu hadisə ölkə daxilində ciddi problemə səbəb olub. Bu, əlbəttə, hazırda müxalif düşərgəsini təmsil edən respublikaçıların əlini gücləndirir. Keçmiş prezident, respublikaçıların əsas siması hesab olunan Donald Tramp bildirib ki, ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib. O, bunu tarixin ən pis durumu kimi qiymətləndirib.
“The Economist”in “Amerikanın immiqrasiya siyasəti iflasa uğrayır” sərlövhəli məqaləsində də bildirilir ki, əlində məhkəmədə iştirak vərəqəsi ilə yenicə gələnlər məhkəmə sisteminə daxil olurlar, burada çözülməmiş işlərin sayı hakimlərin öhdəsindən gələ biləcəyindən daha sürətlə artır. Noyabrda immiqrasiya məhkəməsində işlərin sayı 3 milyonu ötüb. Sığınacaqla bağlı ilkin dinləməyə tarix almaq üçün orta hesabla, dörd ildən çox vaxt lazımdır. Konqresin Tədqiqat Xidmətinin hesablamalarına görə, hakimlərin sayının iki dəfə artırılması yüklənməni aradan qaldıracaq, lakin bu, 2023-ci ilədək ancaq olacaq.
Sığınacaqla bağlı işlərin yarısı rədd edilir, qərarlar isə dəyişkəndir. Hyustonda hakimlərdən biri keçən il onun sığınacaq iddialarının 95 %-ni rədd edib; San-Fransiskodakı digəri isə onun yalnız 1%-ni rədd edib. Uzunmüddətli gözləmə, həbs ehtimalının aşağı olması və Amerikada işləmək perspektivi iddiası zəif olan miqrantları sərhədi keçməyə həvəsləndirir. Kornel Hüquq Məktəbindən Stiven Yel-Lor qeyd edir ki, ən son gələnlərin işlərinə üstünlük vermək bu həvəsi azaldar. Görünür, mükafat məhkəmədə iştirak vərəqəsi deyil, deportasiya olarsa, uzun səyahət elə də cəlbedici olmayacaq.
Qarşıdakı seçkilər, cənab Trampın sərhəd məsələlərindəki hissedilən gücü və cənab Baydenin Ukraynanı silahlandırmaq istəyi o deməkdir ki, prezidentin razılıq əldə etmək istəyi var. Onun daha sərt sərhəd mühafizəsinə hazır olması, şübhəsiz, amerikalıların immiqrasiya ilə bağlı sağçı yönündən qaynaqlanır. “YouGov”ın sorğusu göstərir ki, daha çox amerikalı cənub sərhədində divar tikintisinə üstünlük verir. Demokratların, hətta 32 %-i bu ideyanı dəstəklədiklərini deyir, 2022-ci ildə bu rəqəm 20 % olub.
ABŞ vətəndaşlarının əksəriyyəti Texas və Meksika arasındakı sərhəddə Amerika ərazisini miqrant axınından qorumalı olan maneələrin tikintisini dəstəklədiyini bildirir. Bu, Rasmussen Reports tədqiqat təşkilatının dərc etdiyi son sosioloji sorğunun nəticələrindən aydın görünür. Sorğunun nəticələrinə görə, respondentlərin 69%-i Texas hakimiyyətinin miqrantlarla mübarizə üzrə hərəkətlərini dəstəkləyib. Respondentlərin yalnız 27%-i onlarla razılaşmır. Araşdırma yanvarın 23-25-də aparılıb və 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkilərində səs verəcək 940 ABŞ vətəndaşı iştirak edib. Sorğunun nəticələrinin statistik səhvi üç faiz bəndidir.
“Tənəzzül” əlamətlərindən biri
Keçmiş Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi agenti Kolin Rouli bildirib ki, ABŞ hökuməti ilə ayrı-ayrı dövlət orqanları arasında ölkənin cənub sərhədinin təhlükəsizliyi ilə bağlı fikir ayrılıqları konstitusiya böhranına çevrilə bilər. Rouli bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb.
Eks-agentin fikrincə, hər dəfə Amerika ştatlarının yarısı çox vacib məsələdə fikir ayrılığına düşsə və ABŞ hakimiyyətinə meydan oxumağa çalışsa, bu, son dərəcə ciddi vəziyyəti ifadə edir və konstitusiya böhranına çevrilmək təhlükəsi yaradır.
Rouli bildirib ki, ABŞ Ali Məhkəməsi ayrı-ayrı ştatları federal immiqrasiya siyasətlərinə əməl etməyə məcbur edə bilsə belə, problemin uzunmüddətli həllinin olmaması prezident Co Bayden üçün əsas problem olaraq qalır.
Roulinin fikrincə, miqrasiya ilə bağlı artan qütbləşmə və parçalanmalar “tənəzzül” əlamətlərindən biridir və ABŞ və NATO dövlətlərinin öz üzərlərinə gətirdiyi problemdir. Keçmiş FTB əməkdaşı hesab edir ki, miqrantların Birləşmiş Ştatlara belə kütləvi şəkildə nüfuz etməsinin əsas səbəbi “qlobal Cənub” bölgələrində Qərb ölkələri tərəfindən başlanan çoxsaylı dövlət çevrilişləri və müharibələrdir.
Rusiya Federasiyası və Çin Texasın demokratik yolla seçilmiş qubernatorunu devirə və ştatda marionet rejim qura bilər. Bu fikri irlandiyalı jurnalist Çey Bouz sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Təsəvvür edin ki, Rusiya Federasiyası və Çin Texasdakı Azadlıq Hərəkatını maliyyələşdirməyə qərar veriblər. Sonra demokratik yolla seçilmiş qubernatoru devirib, oyuncaq rejim qurublar. Bundan sonra ABŞ-la razılaşmayan və ya dəstəkləyən hər kəsə hücum etmək üçün ordu yaradın. Seçkiləri, müxalifəti, fərqli medianı qadağan edin. Tanış səslənir?” – jurnalist yazıb.
Yanvarın 28-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, ölkənin cənub sərhədindəki vəziyyət ölkəni terror aktları ilə təhdid edir. Tramp həmçinin bildirib ki, ABŞ sərhəddəki vəziyyətə görə ölür.
Yenə də Corc Soros?
Bu arada Texasda yaşanan ciddi problemlər fonunda dünyada separatizmə, xaosa maddi dəstəyin əsas qaynağı sayılan Corc Sorosun adı yenidən gündəmə gəlib.
Amerikalı milyarder Corc Soros Texas Demokratlar Partiyasının fonduna milyonlarla dollar ianə edib, bu barədə “Fox News” xəbər verir. Bu yolla o, qarşıdan gələn seçkilərdə Demokrat Partiyası tərəfdarlarının yüksək fəallığını təmin edəcəyinə ümid edir.
Son bir il ərzində o, infrastrukturu gücləndirmək və demokratlara respublikaçıların üstünlükləri üzərində üstünlük əldə etmələrinə kömək etmək üçün Texasdakı, ən azı, beş sol təmayüllü qrupa 3 milyon dollardan çox pul verib. Maliyyəçi bu məqsədlərə nail olmaq üçün çalışan mütərəqqi qruplardan birini təkbaşına dəstəkləyir.
Avqust ayında “Fox News” xəbər vermişdi ki, Texas Majority PAC adlanan sirli mavi tərəfdarı qrup Sorosun Demokratik Partiyası fondundan yüz minlərlə dollar almışdır.
“The Texas Tribune”nin son hesabatında deyilir ki, qrup demokrat Beto o'Rourke-nin uğursuz qubernatorluq kampaniyasının keçmiş əməkdaşları tərəfindən idarə olunur və keçən il, təxminən, 2,25 milyon dollar toplayıb.
“Məqsədimizə çatmaq üçün milyonlarla dollara və daha yüzlərlə işçiyə ehtiyacımız var”, - deyən qrupun icraçı direktoru Ketrin Fişer deyib.
Keçmiş respublikaçı konqresmen və Nümayəndələr Palatasında Meksikaəsilli ilk qadın Mayra Flores hesab edir ki, Soros 2024-cü ildə Demokrat Partiyasının fəallığını artırmaq üçün Texas çoxluq PAK-a pul tökür, çünki o, latin liderləri istəmir...
“Onlar latınların respublikaçılar tərəfinə üz tutduğunu görürlər, çünki başa düşürlər ki, biz rifah tərəfiyik, güclü iqtisadiyyat qurmaq istəyirik, sərhədləri təmin etmək istəyirik, bu ölkə xalqının istəklərini hər kəsdən çox qiymətləndiririk. Mən inanıram ki, bu çətin mübarizədə insanların etimadını qazanan məhz bizim siyasətimizdir”, – deyə Flores bu yaxınlarda bildirib.
Kampaniya maliyyə qeydləri göstərir ki, Soros 2023-cü ilin ikinci yarısında onlayn aktiv görünməyən “CTX Votes”a, ən azı, 300 000 dollar bağışlayıb. Dekabr ayında o, öz valideynləri də daxil olmaqla, Texasda bir neçə nəfəri öldürməkdə ittiham olunan bir adam üçün daha əvvəl girov göndərdiyi üçün keçən ay tənqidlərə məruz qalan Texas Təşkilat Layihəsinə 250 000 dollar verib. Əlavə olaraq, 2023-cü ilin ikinci yarısında o, “Dallas County Demokratic” kampaniya fonduna 200 000 dollar və ilk çərşənbə axşamı adlı qrupa 100 000 dollar verib.
Vaşinqtonun insan hüquqlarına hörmətsizliyi
Qeyd edək ki, dünyaya demokratiya, insan hüquqları dərsi keçən Vaşinqtonun öz daxilində yaşananlar, əslində, bu sahədə ABŞ-ın çox ciddi problemlər yaşadığını ortaya qoyur. Konkret olaraq Cənubi Qafqazda separatizmə son qoyan, milyonlarla vətəndaşının pozulmuş hüquqlarını bərpa edən, işğal faktını aradan qaldıran Azərbaycana münasibətdə Vaşinqtonun ikili standartlı yanaşması fonunda bir daha okeanın o tayında məlum tezislərin yalnız şəxsi maraqlara xidmət etdiyini sübut edir. İndi, ABŞ-ın ən böyük ştatlarından biri mərkəzi hakimiyyətə qarşıdır. Onun qəbul etdiyi qərarları, hətta federal məhkəmənin qərarı belə heçə sayır. Bu, əslində, separatizm təzahürüdür. Mərkəzi hakimiyyət istənilən yolla Texas ştatında yaşananların ali qanuna uyğun şəkildə həll ediləcəyini bəyan edir. O zaman sual olunur: öz daxilində separatizm işartılarını çox kəskin mövqe nümayiş etdirərək boğan Vaşinqton nə üçün digər ölkələrin bu problemi həll etmək cəhdlərini ciddi şəkildə qınayır? Niyə ölkəsində milyonlarla miqrantın hüquqlarını kobud şəkildə tapdalayan, apardığı siyasət nəticəsində dünyanın ən yoxsul bölgələrindən birinə çevrilən Latın Amerikasından yaxşı həyat üçün ABŞ-a üz tutan milyonlarla insana ikincidərəcəli varlıq münasibəti sərgiləyən Vaşinqton Qarabağdan öx xoşu ilə köç edən ermənilərə görə Bakını sanksiyalar və digər “tədbirlər”lə hədələyir? Səbəb bəllidir. Müstəqil, güclü və öz maraqlarını müdafiə edən dövlətlər Vaşinqtonun gələcək planlarına, dünya hegemonluğuna təhdid kimi qiymətləndirilir.
Onu da deyək ki, gələcəkdə oxşar problemlərin Avropada, o cümlədən, Fransa və Almaniyada da baş verməsi mümkündür. Hər halda bu ölkələrdə də miqrantlarla bağlı zaman-zaman hakimiyyət əleyhinə çıxışlar olur. Əsas səbəb isə eynidir: iqtidarların başqa dövlətlərə təlqin etdiklərinə özlərinin əməl etməməsi, insan haqlarına və beynəlxalq hüquqa etinasızlıq.
Beləliklə, ABŞ çətin durumdadır. Separatçı əhval-ruhiyyənin digər ştatlarda artacağı ehtimal edilir. Hər halda ümid etmək olar ki, bəlkə bu hadisədən sonra Ağ ev dünyaboyu separatçı hərəkatlara açıq və birbaşa dəstəyi dayandıracağına ümid etmək olar.
Ləman Əliyeva