Fransa, Almaniya və Polşanın yaratdığı “Veymar üçbucağı” Ukrayna ilə döyüşən Rusiyaya qarşı əməkdaşlığı gücləndirəcəkləri mesajı ilə birgə bəyanat yayıb.
Hafta.az-ın yazdığına görə, Fransanın xarici işlər naziri Stefan Sejourne alman həmkarı Annalena Baerbok və polşalı həmkarı Radoslav Sikorskini İle-de-Frans bölgəsindəki La Celle-Saint-Cloud şəhərində qəbul edib. Dünən görüşdən sonra birgə bəyanat yayaraq, nazirlər “üçtərəfli əməkdaşlığa yeni təkan vermək əzmində olduqlarını” bildiriblər.
Məqsədlərinin mövcud təhlükəsizlik risklərinə qarşı durmaq üçün Avropa İttifaqını "daha ahəngdar, güclü və daha yaxşı" etmək olduğunu vurğulayan nazirlər, hərbi potensialın və silahlanma sahəsində Avropa əməkdaşlığının gücləndirilməsi, müdafiə xərclərinin artırılması üçün birgə hərəkət edəcəklərini bildiriblər.
Birgə bəyanatda Ukraynanın da iştirakı ilə “Veymar+Ukrayna” görüşünün ən qısa zamanda keçiriləcəyi bildirilib.
Bəyannamədə üç ölkənin Ukraynaya öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməsinə kömək göstərmək üçün sarsılmaz əzm nümayiş etdirdiyi vurğulanıb və bu dəstəyin lazım olduğu müddətcə davam edəcəyinə söz verilib.
Bəyannamədə Rusiyanın Ukraynanı qeyri-qanuni işğalına və Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyət daşımalı olduğu bildirilib, rusiyalı hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.
Rusiyaya qarşı 13-cü sanksiya paketinin qəbuluna çağıran “Veymar üçbucağı” Ukraynaya Aİ üzvlük meyarlarını yerinə yetirməkdə yardım göstərməyə davam edəcəklərini bildirib.
“Veymar üçbucağı” 1991-ci ildə Polşa, Almaniya və Fransa arasında beynəlxalq əməkdaşlıq üçün yaradılıb.