Viləş kəndində qəza vəziyyətində olan körpünün yenilənməsi zərurəti var - Musa Qasımlı

13:48 14.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Biz 2024-cü il dövlət büdcəsini ilk dəfə olaraq ərazilərimizin işğaldan azad edildiyi, 1991-ci ildən , amma ilk dəfə olaraq dövlət sərhədləri üzərində nəzarətin qurulduğu, suverenliyimizin tam bərqərar edildiyi bir şəraitdə  müzakirə etdiyimizdən dövlətimizin tarixində mühüm, qürurverici hadisədir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında 2024-cü il dövlət büdcəsinin müzakirəsində deputat Musa Qasımlı bildirib. 

M.Qasımlı qeyd edib ki, büdcə layihəsi göstərir ki, ölkəmizdə planlaşdırma və proqnozlaşdırma uğurlu şəkildə aparılır,  qarşıdakı ildə müəyyənləşdirdiyi strategiyanı yerinə yetirməyə imkan veirir.

“Layihə, mahiyyəti məqsədləri, ruhu baxımdan  sülhün qorunmasını, dinc quruculuğu  nəzərdə tutduğundan müstəqillik tariximizdə bir ilkdir.  Ona görə də bu büdcəni sülh və yeni inkişaf mərhələsinin başlanğıcı büdcəsi də adlandırmaq olar”.

M.Qasımlı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında dirçəliş işlərimiz milli dövlət məsələmiz, yaxın illər üçün milli ideyamızın quruculuğa yönəldilməsi  və vətəndaşlarımızın dədə-baba torpaqlarına qayıdışının tezliklə təmin edilməsi tarixi vəzifədir.  Orada yaradılacaq infrastruktur və iş yerləri ölkəmizin gücünə əlavə güc qatacaq.

Deputat eyni zamanda büdcədən maliyyələşən rayonların asılılığının aradan götürülməsi üçün bəlli planların olmasına ehtiyac olduğunu deyib.  O, deputat seçildiyi Yardımlı rayonunun kəndlərindəki su problemlərinə toxunaraq ərazidən keçən çaylar üzərində bəndlərin tikilməsini təklif edib. Eyni zamanda kəndlərin təbii qazla təmin edilməsini, həm də meşələrin qırılmasının qarşısını alacağını deyib. Eləcə də, kəndlərdə məktəblərin tikilməsi, Viləş kəndində qəza vəziyyətində olan körpünün yenilənməsi zərurəti ilə bağlı məsələlərə toxunub.