“Wildberries” qurucusunun evində axtarış aparıldı

10:30 31.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən böyük onlayn alış-veriş platforması “Wildberries”in yaradıcısı və meneceri, eyni zamanda Rusiyanın ən zəngin iş qadını Tatyana Bakalçukun evində axtarış aparıldığı iddia edilib.

Hafta.az-ın yazdığına görə, ötən həftə Sankt-Peterburq yaxınlığındakı Şuşaridə şirkətə məxsus anbarda baş verən yanğından sonra İstintaq Komitəsinin şirkət rəhbərinə qarşı iddia qaldırması və onu ifadə verməyə çağırması mətbuatda yayılıb.

Mətbuatda Bakalçukun evində axtarış aparıldığı və bəzi sənədlərin ələ keçirildiyi iddiaları yer aldıqda, “Wildberries” şirkəti açıqlamasında bütün bu iddiaları təkzib edib, heç bir sənədin götürülmədiyi bildirilib.

Şirkətin mətbuat xidmətindən RBK-ya bildiriblər ki, “Wildberries”in təsisçisi Tatyana Bakalçukun evində axtarışlar barədə məlumat həqiqətə uyğun deyil. “Wildberries” qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şirkətin ofisinə gəldiyi gün anbarda baş verən yanğınla bağlı ifadə vermək üçün Tatyana Bakalçukun ev ünvanına çağırış vərəqəsi göndərilib.

Bakalçuk yanğından sonra İstintaq Komitəsinə ifadə verib. Şirkət araşdırmaya kömək etdiyini vurğulayıb.

Yanvarın 13-də səhər saatlarında Şuşaridə “Wildberries” anbarında yanğın baş verib və yanğın 70 min kvadratmetr ərazini əhatə edib.

İstintaq Komitəsi cinayət işi açıb. Yanğın baş verən gün rayon Dövlət Tikinti Müfəttişliyi Xidmətinin rəis müavini Vyaçeslav Zaxarova bildirib ki, Şuşaridəkı “Wildberries” anbarı icazəsiz işləyir.

Şirkət bu iddiaları rədd edib, anbarın bütün şəhərsalma qaydalarına və təhlükəsizlik tələblərinə uyğun olması üçün bütün lazımi icazələrin alındığını açıqlayıb.

RBK mənbələri binanın sığortalanmadığını bildirib. Eyni zamanda iri sığorta şirkətinin rəsmisi anbarın deyil, yalnız malların sığortalandığını deyib. Hadisə ilə bağlı istintaq davam edir.