“Bu gün xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı həddindən artıq çoxdur. Bunun başlıca səbəbi də bir neçə universitet istisna olmaqla, tələbələrin istədikləri təhsili ala bilməməsidir. Bu da onlara imkan yaradır ki, xaricə üz tutsunlar. Çox təəssüflər olsun ki, onlar xaricə üz tutduqları zaman geri qayıtmaq fikirləri olmur. Əsas səbəb də ölkəyə qayıtdıqdan sonra işlə təminatla bağlı çətinlik çəkirlər. Həmçinin xaricdə aldıqları məvacib bizdəki maaşla müqayisə çox yüksək olur. Bunu nəzərə alan istedadlı gənclərimiz geri qayıtmırlar. Əslində ölkə Prezidentinin həmin gənclərə çağırışı onlar üçün bir növ stimuldur. Amma aidiyyəti qurumlar dövlət başçısının bu çağırışına bir növ əməl etməlidirlər”. Bu fikirləri hafta.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.
Ekspert vurğulayıb ki, xaricdə çalışan gənclərə yüksək əmək haqqı olan işlər təklif olunmalıdır: “Hansı ki, bu günləri ABŞ-da, Avropa ölkələrində, Almaniyada xeyli istedadlı gənclər çalışırlar. Məsələn, Almaniyada azərbaycanlı həkimlərin sayı hədsiz dərəcədə çoxdur. Eyni zamanda, ABŞ-da, Avstriyada informasiya texnologiyaları üzrə təhsil alan və işləyən xeyli gənclərimiz var. Biz onları bura dəvət etmək istəyiriksə, ən azı orada aldıqları qədər əməkhaqqı verməliyik ki, ölkəmiz üçün çalışsınlar. Çünki onlar bizim ölkəyə xeyir versələr daha yaxşı olar. Ümumilikdə isə hazırda xaricdə təhsil alan gənclərimiz sayı 70-80 min nəfər civarındadır ki, onların da arasında xeyli istedadlı gənc var. Onların da əksəriyyəti xaricdə qalıb fəaliyyət göstərməyə üstünlük verirlər. Biz onları qorumalıyıq və ölkəmizə qazandırmalıyıq”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev gənclərlə görüşdə xaricdə təhsil proqramı ilə bağlı sualı cavablandırıb. Dövlət başçısı bildirib ki, indi Azərbaycan ovaxtkı Azərbaycan deyil: “Bakı indi dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycanda olan infrastruktur bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizin mədəni həyatı çox zəngindir və insanlar burada özlərini çox rahat hiss edirlər. Heç bir təhlükə yoxdur - sabitlik, əmin-amanlıq, xoş ab-hava”.
Ölkə Prezidentinin sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır, əmək resurslarımız da həmçinin. “İndi bir çox azərbaycanlılar var ki, xaricdə işləyirlər, yaşayırlar. Mən bunu ancaq alqışlayıram. Nə qədər çox olsa, necə deyərlər, bizim adımızı onlar ucaldırlar. Amma, eyni zamanda, Azərbaycanda və xüsusilə Bakıda açılan yeni böyük müəssisələrdə və xidmət sektorundakı müəssisələrdə menecerlər, top menecerlər xaricilərdir. Bu, belədir. Mən demirəm ki, bu yaxşıdır, ya pisdir. Yenə deyirəm, Azərbaycan çox qonaqpərvər ölkədir, hər kəs üçün burada yer var və bunu alqışlayıram, onlar gəlirlər təcrübəni bölüşürlər. Amma, eyni zamanda, nə üçün xaricilərdir, çünki yerli kadrlar hələ ki, tam uyğun deyillər. Ona görə xaricdə aparıcı ali məktəblərdə təhsil alanlar gəlib burada həmin bu vakansiyalarda işləsinlər və Vətənə burada xeyir gətirsinlər”, - deyə Prezident İlham Əliyev qeyd edib.