Gələn il Azərbaycan gənclərinin dövlət hesabına xaricdə hansı ixtisaslar üzrə təhsil alacağı məlum olub. Belə ki, növbəti tədris ilində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu siyahının öncədən elan olunması təhsilini xaricdə davam etdirmək istəyən vətəndaşların göstərilən proqramlar üzrə qəbul sənədlərini daha əvvəl əldə etməsinə imkan yaradacaq.
2024–2025-ci tədris ilində siyahıda 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla ümumilikdə 3993 təhsil proqramı yer alır.
Namizədlər eyni zamanda müvafiq reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan digər ixtisas sahələri üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.
Bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.
381 nəfər xaricdə təhsil almaq hüququ qazanıb
Məlumat üçün qeyd edək ki, 2023–2024-cü tədris ilində “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 49 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetinə qəbul olunub.
Müvafiq siyahı ilə keçiddən tanış olmaq mümkündür. Əlavə suallarla bağlı [email protected] ünvanına müraciət etmək olar.
Bəs, görəsən, 2024-2025-ci tədris ili üzrə müəyyənləşdirilmiş ixtisasları Azərbaycan üçün nə dərəcədə prioritet hesab etmək olar? Növbəti il üzrə nəzərdə tutulan proqramlarda bu illə müqayisədə hansı dəyişikliklər var?
Siyahıda 15 prioritet ixtisas sahəsi yer alıb
Məsələni qəzetimizə şərh edən təhsil eksperti Elçin Əfəndi deyib ki, 2024–2025-ci tədris ili üçün siyahıda 15 prioritet ixtisas sahəsi yer alıb: “Bu dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla ümumilikdə 3993 təhsil proqramını əhatə edir. Bu il olduğu kimi gələn il də əsas ağırlıq kompüter mühəndisliyi, proqramlaşdırma, kriptovalyuta, blokçeyn üzrə sahələri əhatə edən ixtisaslar üzrədir. Hansı ki, bu sahələr ölkəmiz üçün prioritet hesab olunur. Dünyanın əksər ölkələri, xüsusilə inkişaf etmiş ölkələrdə bu istiqamətdə təhsilə üstünlük verilir. Bu il faiz nisbəti də olduğu kimi saxlanılıb. Yəni 80 faiz magistratura, 20 faiz bakalavr üzrə dpvlət hesabına təhsil alacaq. Yeni ildə ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək”.