İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Beynəlxalq Koalisiya qüvvələrinin ölkədə mövcudluğunu həmişəlik dayandırmaq üçün məsləhətləşmələrə başlamaq məqəsdilə tarix təyin etdiyini açıqlayıb. Sudani “Haşdi Şaabi”nin İraq qüvvələrinin tərkib hissəsi olduğunu vurğulasa da, onun müşaviri qeyd edib ki, son hadisələr hökumətin xarici güclərlə əlaqələrini dayandırmalı olduğunu göstərir.
Hafta.az-ın yazdığına görə, Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin ölümünün ildönümü münasibətilə keçirilən anım mərasimində çıxış edən Sudani deyib: “Bu yaxınlarda baş verənlər iki ölkə arasında tərəfdaşlıq və münasibətlərin pozulmasıdır. Çünki BMT Nizamnaməsinin dövlətlər arasında suveren bərabərlik və beynəlxalq münasibətlərdə gücdən istifadənin qadağan edilməsi prinsipi pozulub”.
Sudani ABŞ-ın Əbu Təqva əl-Səidi kimi tanınan rəsminin öldürülməsi ilə nəticələnən Nücəba qruplaşmasının qərargahına raket hücumuna toxunaraq deyib: “Haşdi Şaabi” dövlətə bağlıdır. Bu, dövlətin rəsmi qurumudur və silahlı qüvvələrin tərkib hissəsidir”.
Baş nazirin müşaviri Hüseyn Ələvi isə açıqlamasında deyib: “ABŞ-ın hücumu ilə bağlı hökumətin və siyasi qüvvələrin münasibətindən sonra Beynəlxalq Koalisiyanın vəzifələrinə son qoymaq üçün ciddi işlərin görülməsi zərurəti yaranıb”.