Dünən axşam saatlarında Xəzər Dənizində baş verən müəmmalı yanğın əhali arasında təşvişə səbəb oldu. Ardınca isə SOCAR və Fövqaladə Hallar Nazirliyindən rəsmi açıqlama gecikmədi. Məlum oldu ki, baş verən partlayışa səbəb ərazidə yerləşən “Daşlı” palçıq vulkanıdır. Vulkan Bakıdan təxminən 75 km cənub-qərbdə yerləşir. Azərbaycanın aktiv vulkanlarından hesab olunur. Daha əvvəl 1945 və 1920-ci illərdə indiki kimi odlu püskürmələri qeydə alınmışdır.
Hafta.az-ın əməkdaşı Xəzərdə yerləşən bu və digər vulkanlar, onların törədə biləcəyi real təhlükələr ilə bağlı mütəxəssis ilə həmsöhbət oldu.
Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, dosent Orxan Abbasovun sözlərinə görə, dünən baş verən palçıq vulkanının təsir baxımdan qaz strukturları ilə heç bir əlaqəsi yoxdur. Çünki, palçıq vulkanının püskürmə sahəsi istismarda olan yataqlardan müəyyən qədər məsafədə yerləşir. Ona görə də heç bir risk müşahidə edilmir:
“Hər hansı bir vulkanın ətrafında infrastruktur yaxud da fəaliyyət nəzərdə tutulursa burada mütləq mütəxəssis rəyi qeydə alınmalıdır. Bundan sonra palçıq vulkanı ilə nəzərdə tutulmuş fəaliyyət sahəsi arasında minimal məsafə təyin edilməlidir. Bu nöqteyi nəzərdən qeyd edə bilərəm ki, əgər vulkan ərazidən kifayət qədər uzaqdırsa püskürmənin heç bir problemi yoxdur. Vulkan püskürməsi sadə təbiət hadisəsidir. Öz-özünü təmizləyir. Lakin bəzi palçıq vulkanları var ki, onlar fərdi yaşayış evləri və müxtəlif təyinatlı infrastrukturlara yaxındır. Abşeronda bu cür vulkanlara rast gəlmək mümkündür. Vulkanların krater sahəsində layihələndirilib fəaliyyət göstərən obyektlər üçün onun püskürməsi olduqca təhlükəli hesab edilir”.
Həmçinin mütəxəssis vurğuladı ki, hazırda Azərbaycanda 350-dən çox palçıq vulkanı var. Onun 150-dən artığı Xəzər Dənizində yerləşir:
“Xəzər dənizdində baş vermiş palçıq vulkanı püskürmələri heç bir risk formalaşdırmır. Palçıq vulkanının aktivliyinə gəldikdə isə məlumat üçün deyə bilərəm ki, onların 2 cür altivliyi var:
Gündəlik fəaliyyət
Püskürmə fəaliyyəti
Xəzər dənizində həm sönmüş, həm fəaliyyəti olmayan, həm də aktiv palçıq vulkanları var. Onlardan neçəsinin gündəlik və yaxud da digər fəaliyyətləri ilə bağlı dəqiq məlumat olmasa da deyə bilərəm ki çoxu aktivdir”.
Palçıq vulkanlarının püskürmə tezliyinə gəldikdə isə, həmsöhbətimiz bununla bağlı dəqiq rəqəmlərin olmadığını söylədi:
“Hər bir palçıq vulkanının püskürmə ilə bağlı xarakterik dövrü var. Dünən püskürən Daşlı palçıq vulanı sonuncu dəfə 1945-ci ildə, ondan öncə isə 1920-ci ildə püskürüb. Periodlar arasında hər hansısa qanunauyğunluq tutmaq olmur.
Vulkanların püskürmə vaxtı bir çox faktorlardan asılıdır. Regionda baş verən seysmo aktivlik də vulkanı püskürməyə təhrik edə bilər. Ona görə də bu təbiət hadisəsinin vaxtını öncədən vermək qeyri-mümkündür”.
O ki qaldı alov sütununa və meydana gələn güclü partlayışa, elmi işçi bildirir ki, alovun hündürlüyündən asılı olmayaraq, palçıq vulkanı hər zaman palçıq püskürür:
“Palçıq vulkanlarının xarakterik xüsusiyyəti belədir ki, ilk öncə uğultu səsləri eşidilməyə başlayır, ardınca güclü partlayış olur. Vulkanın təbiətindən asılı olaraq alovlu və alovsuz püskürmə meydana gəlir. Ümumilikdə isə, palçıq yer səthinə çıxmamışdan qabaq alov sütunu qeydə alınır. Məsələn dünən püskürən vulkanda alov sütununun hündürlüyü 500 metrdən çox olub. Bundan başqa vulkanın tərkibində neft çoxdursa qara tüstü, qaz çoxdursa sadəcə şəffaf alov havalanır. Ardınca isə yer səthinə palçıq çıxır. Bəzən onun həcmi milyon kub metrlərlə ölçülür”.
Qeyd edək ki, ötən gecə püskürən Daşlı vulkanının alov sütununun hündürlüyü 500 metrdən artıq olub. Bundan başqa, AMEA Geologiya və Geofizika İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin məlumatına görə, Şimalda yerləşən nisbətən böyük ada vulkanlarına, o cümlədən Səngi-Muğan, Xarə-Zirəyə görə Daşlının püskürdüyü palçıq kütləsi kiçik sahədə yayılmışdır. Vulkanın dənizdə yerləşəmsi və palçığın gec quruması ilə əlaqədar, hazırda, hadisə yerində hər hansı tədqiqat işinin aparılması qeyri-mümkündür.