“Xocalı faciəsi bir xalqın məsələsi deyil, 613 insanın vəhşiliklə qətlə yetirilməsi bəşəri faciədir. Artıq 32-ci ildir ki, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulması, 106 qadın, 63 uşaq, 70 qocanın məhz azərbaycanlı olduğuna görə xüsusi qəddarlıqla qətlə yetirilməsində ehtiva olunan Xocalı faciəsini yad edirik”. Bunu hafta.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Xocalı soyqırımı qurbanlarının 32-ci il anım günü ilə bağlı şərhində bildirib.
Deputat qeyd edib ki, soyqırım əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə XX əsrin sonunda, insan haqlarının beynəlxalq hüququn prioritetinə çevrildiyi bir dövrdə, hər kəsin gözü önündə baş versə də, müasir audiovizual vasitələrlə sənədləşsə və təkziblər sübutlarla təsdiqlənsə də, hələ də əsl beynəlxalq hüquqi qiymətini almadığı üçün bəşəriyyət adına utanc olaraq qalmaqdadır.
“Hansısa konkret şəxsin törətdiyi və cinayət tərkibinin mövcudluğu şübhə doğurmayan əməli siyasi məhbus şousuna çevirən, yaxud bizimlə Qarabağın "məzlum emənilərinin" haqlarının davasını aparan beynəlxalq hüquq-müdafiə təşkilatları və qlobal subyektlər 32 ildir bu qətliama reaksiya vermir. Cnayətin iştirakçıları bəllidir və bu soyqırımın törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Lakin, təəssüflər olsun ki, cinayətin təhrikçi, təşkilatçı və icraçılarından biri olan Serjik Sarkisyanın Avropa mediasına şəxsi etirafına baxmayaraq hüququn aliliyindən danışanlar onun və Serjikin digər cinayət ortağı Robert Köçəryanın vəhşiliyinə hələ də hərəkətsizlik göstərməklə Xocalı faciəsini hələ tanımayan özünü “beynəlxalq ictimaiyyət adlandıran” bəzi böyük dövlətlər bu cinayətin ortağı olaraq qalırlar”.
B.Məhərrəmov bildirib ki, Azərbaycan bu cür beynəlxalq ədalətsiz yanaşmaya dözümlə yanaşmaq niyyətində deyil.
“Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün dövlət səviyyəsində işlər başlandı. Cənab İlham Əliyevin çox ciddi səyləri, Mehriban Əliyevanın Heydər Əliyev Fondu, habelə UNESCO və ICESCO xətti ilə çoxşaxəli təbliğat işi, xüsusən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 17 ildir ki, başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası nəticəsində hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilməsi istiqamətində ciddi nəticələr əldə edilməkdədir.
Təbii ki, biz o qənaətdəyik ki, düşmənçilik daimi ola bilməz, lakin təəssüf ki, Ermənistan xislətini dəyişmir. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması, bu gün isə Ermənistanın hələ də minalanmış ərazilərin xəritələrini gizlətməsi bir daha sübut etdi ki, zaman keçsə də, mülki əhaliyə qarşı cinayətlər Ermənistanın daim dövlət siyasəti olaraq qalıb”.
B.Məhərrəmov Azərbaycanın bu vəziyyətlə barışmadığını, nəticə etibarilə Prezident İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamının məzmununda da ifadə edildiyi kimi, 44 günlük savaşdakı zəfərlə Azərbaycan xalqının əzəli torpaqlarını işğaldan qurtararaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməklə, həm də çoxsaylı faciələrin, Xocalı soyqırımı qurbanlarının qisasını alaraq tarixi ədaləti bərpa etdiyini bildirib.
“Bu gün, faciədən 32 il sonra, biz artıq Xocalıya Böyük Qayıdışın reallaşdırılmasına şahidlik etməkdəyik, cənab İlham Əliyev xocalıların öz doğma yurduna qaytarılması istiqamətində qətiyyəti ilə 32 ildir qan ağlayan Xocalıda ədaləti, haqqı bərpa etməkdədir.Bu gün artıq Xocalıda quruculuq-bərpa prosesi aparılır, 32 il əvvəl qan gölünə çevrilən o diyar bu gün Qarabağın ən gözəl, ən müasir yaşayış məskənlərindən biri kimi dirçəlməkdədir. Bu mənada, biz xoşbəxt xalqıq ki, Heydər Əliyev siyasi kursunun, cənab İlham Əliyev şəxsiyyətinin sayəsində ədalətin bərqərar olunmasına özümüz şahidlik edə bilirik”.