Yalnız bu formada insanları ətraf mühitə qarşı daha diqqətli olmağa təşviq etmək mümkündür - RƏY

19:10 14.10.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda siqaret tullantılarını ətraf mühitə atanların cəriməsi artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər nəzərdə tutulub. Artıq Milli Məclis tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləğinin 6 dəfə artırılmasını birinci oxunuşda təsdiqləyib. Təklif olunan dəyişikliklə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunacaq.

Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, cərimələrin artırılması ilə “kimsə büdcə dolduracaq” kimi anlayış və yanaşmalar tamamilə yalnışdır: “Real mənzərəyə bir az geniş aspektdən baxmalıyıq. Misal olaraq, 2018-ci ilin göstəricilərinə görə, 10 min şəxs tütün məmulatlarının atılması ilə bağlı 383 min manata yaxın cərimələnib. Göründüyü kimi rəqəmlər böyük deyil”.

Z.Oruc vurğulayıb ki, qanunun fəlsəfəsi ilk növbədə insanları kütləvi cərimələmək deyil, əksinə çəkindirici funksiyasıdır.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən hüquqşünas Ruslan Vəliyev cərimələrin artırılmasını zəruri addım kimi dəyərləndirib. Onun sözlərinə görə, yalnız bu formada insanları ətraf mühitə qarşı daha diqqətli olmağa təşviq etmək mümkündür: “Yaxşı olardı ki, biz cəmiyyət olaraq cərimə tətbiq edilmədən qaydalara riayət edək. Görünən odur ki, cərimə olmasa, bəziləri qanunvericiliyin tələblərinə əməl etməkdə maraqlı görünmür. Bu halda çıxış yolu cərimələrin kəskin şəkildə artırılması olur. Hesab edirəm, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləğinin 6 dəfə artırılması müsbət nəticə verəcək. Bu addım həm dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına, həm də insanların ətraf mühitə qarşı daha həssas yanaşmasına imkan yaradacaq”.

Məsələyə münasibət bildirən "Səma və Eko" İctimai birliyinin sədri İradə Həsənova da cərimələrin artırılmasının tərəfdarıdır. Onun fikrincə, ətraf mühitin qorunması, təmizliyə riayət edilməsi hər bir şəxsin vətəndaşlıq borcudur: “Əlbəttə ki, bu gün ətraf mühitin qorunması inzibati qaydalarla mühafizə olunur və ətraf mühitin çirkləndirilməsinə görə inzibati cəza tədbirləri, cərimələr də mövcuddur. Bununla yanaşı, inzibati qaydalar tətbiq olunmadan belə vətəndaşların, paytaxt sakinlərinin ətrafı zibilləməməsi, təmizliyi qoruması təqdirəlayiq hal hesab olunmalıdır. Bəzən bunun əksini müşahidə edirik və zibil tullantılarına rast gəlinir. Görünür, bəzi vətəndaşlar bu istiqamətdə nə maarifləndirmədən, nə də inzibati qaydada cərimələrdən dərs çıxarmayıblar. Biz bunun bariz nümunəsi işğaldan azad olunmuş ərazilərə səfər edən insanların davranışlarında çox gözəl təcrübə etdik. Bir vaxt həsrətlə baxdığımız torpaqlara azadlığına qovuşandan sonra səfər edən insanlar həmin əraziləri zibilləməkdən çəkinmədilər. Zibil qutuları yoxdur bəhanəsilə məişət tullantıları ilə ətrafı çirkləndirdilər. Yalnız inzibati qaydada müdaxilədən sonra həmin ərazilərdə vəziyyət normala döndü. Ona görə mən həmişə cərimələrin artırılmasının tərəfdarı olmuşam və bunu bütün müzakirələrdə ön plana çəkmişəm. Biz müşahidə etdik ki, bu istiqamətdə aparılan maarifləndirmə işləri yetərsiz qalır, insanlarla aparılan söhbətlərin faydası olmur. Hesab edirəm, ətraf mühiti zibilləyənlər bunu ciblərində hiss etsələr, daha məsuliyyətli olarlar”.

Mütəxəssis vurğulayıb ki, təbiəti çirkləndirənlərə, o cümlədən tütün məmulatları tullantılarını ətraf mühitə atanlara qarşı inzibati cəza praktikası bütün ölkələrdə mövcuddur: “Məsələn, Sinqapuru götürək. Bir vaxtlar Sinqapur dünyanın ən çirkli, tullantılarının əsirinə çevrilən şəhəri olub. Hökümət bu sahədə cərimələri artırandan sonra orada vəziyyət tamamilə dəyişib. İndi Sinqapur dünyanın ən inkişaf etmiş, innovativ şəhərlərindən biridir”.