Ötən həftə Yaponiyada baş verən zəlzələlərdən sonra ölkədəki binaların niyə bu qədər davamlı olmasına dair məsələ yenidən gündəmə gəlib. Son rəqəmlərə əsasən, 1-4 yanvar tarixləri arasında Noto yarımadasında və İşikava sahillərində baş verən 4-7 bal gücündə zəlzələlərdə can itkisi 126-ya yüksəlib. Ən azı 240 nəfərin itkin düşdüyü bildirilsə də, 300-dən çox insanın xəstəxanalarda müalicəsi davam edir.
Hafta.az-ın yazdığına görə, bölgədə ən azı 270 ev yararsız hala düşərkən, Tokio Universitetindən Robert Geller zəlzələlərin əslində çox daha dağıdıcı ola biləcəyini, lakin yapon memarlığındakı texnologiyalarla bunun minimuma endirildiyini söyləyib.
"Müasir binaların əksəriyyəti zəlzələdən sağ çıxıb. Fərdi evlərə ziyan dəysə belə, onlar tamamilə dağılmayıb", - Geller CNN-ə deyib.
Digər tərəfdən alim zəlzələdə ən çox ziyan görən binaların damı ağır kirəmitli köhnə tipli evlərin olduğuna diqqət çəkib.
Xəbərdə yapon mühəndislərinin binanın möhkəmləndirilməsi işlərinin “çeviklik” prinsipi üzərində qurulduğuna diqqət çəkilib.
ABŞ-ın nüfuzlu Massaçusets Texnologiya İnstitutundan (MIT) Miho Mazeriuv deyib ki, xəstəxanalar və buna bənzər mühüm strukturlar rezin rulmanlar üzərində yerləşdirilir və bu yolla binalar zəlzələ zamanı “yırğalana” bilər.
Alim qeyd edib ki, binalar yerin hərəkətinə müqavimət göstərməkdənsə, “tərpənmə ilə hərəkət etmək imkanına malikdirlər”.
Xəbərdə bu prinsipin hətta Yaponiyada "padoqa" adlanan Buddist məbədlərinin inşasında da əsrlər əvvəl istifadə edildiyinə diqqət çəkilib. Padoqalar öz davamlılığını ağac gövdələrindən düzəldilmiş və strukturun mərkəzində yerləşdirilmiş “şinbasira” adlanan sütunlara borcludurlar. Bu sütunlar zəlzələnin yaratdığı təkanların gücünü tarazlaşdıracaq şəkildə binanın yellənməsini təmin edərək çökmənin qarşısını alır.
Kyotoda 17-ci əsrdə tikilmiş 5 mərtəbəli Toji məbədi bu texnologiya sayəsində 1995-ci il yanvarın 17-də baş verən 7,2 bal gücündə zəlzələdən xilas olub.
Eyni prinsip Yaponiyadakı müasir göydələnlərdə də istifadə olunur. Bu binalarda polad karkaslar və yerə qoyulmuş “əsas izolyasiya” texnologiyaları beton konstruksiyaların elastikliyini saxlayır və binanın seysmik təkanlar nəticəsində çökmədən yellənməsini təmin edir.
Digər tərəfdən, göydələnlərin inşasında zəlzələyə davamlılıq üzrə işlərin əsasən kompüter simulyasiyaları ilə aparıldığı da vurğulanıb.
Paytaxt Tokioda 30 il ərzində böyük bir zəlzələ riskinin yüzdə 70 olduğuna diqqət çəkən geoloq, "Tokio yəqin ki, təhlükəsiz qalacaq. Ancaq böyük bir zəlzələ baş verənə qədər bundan əmin ola bilmərik" deyib.