Yaponiyada “Fukusima-1” atom elektrik stansiyasında (AES) radioaktiv tullantıların saxlandığı ərazidə sızma qeydə alınıb.
Bu barədə AES-in operatoru olan “Tokyo Electrik Power Co.” (TEPCO) şirkəti məlumat yayıb. Bildirilir ki, ərazidə gel şəklində kütlə aşkar edilib.
Mütəxəssislərin rəyinə görə, sızıntı tullantıların toplandığı konteynerlərdən birində baş verən korroziya nəticəsində əmələ gəlib. Hazırda ərazidə şüalanmanın intensivliyi saatda 13 millizivert təşkil edir. AES-in özündə aparılan ölçmələr zamanı radiasiyanın artması müşahidə edilməyib.
Qeyd edilir ki, bu yaxınlarda mütəxəssislər prefektura ərazisində normanı on dəfələrlə üstələyən radiasiya mənbəyi aşkar ediblər. Həmin vaxt bunun “Bualoy” və “Hagibis” tufanları ilə əlaqəli olduğu bildirilmişdi.