YAŞAT Fondunun fəaliyyət istiqamətlərində dəyişiklik müzakirə edilmir - Elvin Hüseynov

11:50 16.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin başlandığı tarixi günə - 27 sentyabra sayılı günlər qalıb. Müharibədən sonra dövlətin əsas məqsədlərindən biri şəhid ailələri və qazilərin problemlərini həll etmək oldu. Çox keçmədi ki, bu məqsədlə “YAŞAT” Fondu yaradıldı. Hafta.az-ın müsahibi fondun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynovdur...

- Elvin bəy, müharibədən sonra əsas yük sizin üzərinizə düşdü. Bu müddət ərzində YAŞAT Fondu hansı işləri görüb və gələcək planlarınız nələrdir?

- Bilirsiniz ki, YAŞAT Fondu 8 dekabr 2020-ci ildə cənab Prezidentin 1203 nömrəli fərmanı əsasında yaradıldı. Yaradıldığlı andan etibarən fond əməli fəaliyyətə başladı və struktur formalaşdırıldı. Ümumilikdə isə 69 qrup təsis edildi. Hansı ki, bu qruplardan biri təcili müraciətlər olduğu yerə, digərləri isə regionlara yönləndirildi. Beləcə, şəhid ailələrinin müraciətləri yerindəcə dinlənib həlli üçün lazımi addımlar atıldı. Bu günə qədər 2908 şəhid ailə üzvü, 3997 qazi ziyarət olunub. 8846 şəxsin müraciəti öhtəliyə götürülüb və onların 1898-i artıq öz həllini tapıb. Bu saya görə reallaşdırılmış ödəniş 37 milyon manata yaxın vəsaitdir. Nəzərinizə çatdıraq ki, bir adamın 2-3 müraciəti də olurdu.

- Bəs bu günə qədər neçə qazi müalicə olunması üçün xarici ölkəyə göndərilib?

- YAŞAT Fondu həm ölkə daxilində, həm də xaricdə qazilərin müalicəsini təmin edir. Bu zaman müalicəsi ölkəmizdə mümkün olmayan qazilərimiz səhiyyə qurumlarından alınan rəydən sonra xaricə göndərilir. Belə şəxslərin sayı 131 nəfərdir. 84 nəfər qazimiz öz sağlamlığına qovuşaraq vətənə qayıdıb. 47 nəfərin müalicəsi isə Türkiyə Respublikasında uğurla davam etdirilir.

- Fond tərəfindən neçə şəhid ailəsi və qazinin kredit borcu bağlanıb?

- Hazırda 1226 şəxsin kredit borcu bağlanıb və bununla bağlı 4 milyondan çox vəsait xərclənib.

- Sizdə belə bir statistika varmı ki, ölümündən sonra neçə şəhid övladı dünyaya gəlib?

- Bəli, bu say 100-dən artıqdır. YAŞAT Fondu 27 sentyabr tarixindən sonra doğulan və heç bir zaman öz atalarını görə bilməyəcək şəhid övladlarının ilkin xərclərinin ödənilməsi üçün analarının hesabına 1000 manat vəsait köçürdü. Daha sonra isə bankda depozit hesab açılaraq hər bir körpənin adına 5000 manat vəsait köçürüldü. Şəxs 18 yaşına çatdıqdan sonra artan faizlə hesablanan həmin məbləği götürüb istifadə edə bilər.

- Bu gün rəhbəri olduğunuz fondun balansında nə qədər vəsait var?

- YAŞAT Fondunun vəsaitlərinə baxdıqda deyə bilərəm ki, bu günə qədər 62562815 manat 83 qəpik vəsait daxil olub. Xərclənən vəsait isə 37 milyon manata yaxındır. Fondun saytına nəzər saldıqda xərclənən vəsaitin hansı istiqamətlərdə və nə qədər istifadə edildiyini görmək mümkündür.

- Fonda vəsait toplamaq üçün xarici ölkələrdə marafonlar təşkil etmək nəzərdə tutulurmu?

- YAŞAT Fondu diaspor komitəsi ilə bərabər marafon təşkil etmişdi. Həmin marafona 60-dan çox ölkədə yaşayan soydaşlarımız cəlb edilmişdilər. Məqsəd zəfər tariximizi öz canı-qanı bahasına yazanlara dəstək olmaq idi. Bu sahədə 1 milyon manatdan artıq vəsait toplandı. Düşünürəm ki, bu, kifayət qədər ciddi məbləğdir. Gələcəkdə də bu istiqamətdə növbəti addımlar atıla bilər.

- Elvin bəy, artıq şəhid ailələri və qazilərin problemləri ilə bağlı xeyli iş görülüb. Bundan sonra fəaliyyət istiqamətinizdə hər hansısa dəyişiklik gözlənilirmi?

- Hazırda fondun 4 fəaliyyət istiqaməti var. Bütün istiqamətlərdə indi də işlər aparılır. Dəyişiklik isə müzakirə mövzusu deyil.  Hələ görüləcək kifayət qədər işlər var.

Üzərinə düşən ali vəzifəni uğurla həyata keçirən fondun fəaliyyəti ilə tanış olduq. Görüləcək işlər isə hələ qarşıdadır. Bu ölkədə ən firavan həyatı şəhid ailələri yaşamalı, ən yaxşı təhsili bizə qələbəni öz sağlamlığı ilə bəxş edən şəxslərin övladları almalıdır.

Oxunma sayı 38