Dünya İqtisadi Forumunun ekspertləri bu qənaətdədirlər ki, 2015-ci ildə imzalanmış Paris İqlim Sazişi öz məqsədlərinə çatmayıb.
Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, Avropanın və Rusiyanın əksər hissəsində havanın temperaturu 2 dərəcədən çox artıb, Şimal Dairəsindən yuxarıda isə artım 4 dərəcəyə çatıb.
Paris İqlim Sazişində temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması qarşıya məqsəd qoyulmuşdu. Rusiya prezidentinin iqlim üzrə nümayəndəsi Ruslan Edelgeriyev də etiraf edir ki, dünya qarşıya qoyulan məqsədlərə nail ola bilməyib.
Rusiyadan olan bəzi alimlər bildiriblər ki, Paris İqlim Sazişinə yenidən baxılmalıdır. Elmlər Akademiyasından Sergey Filippov hesab edir ki, karbon neytrallığı adlanan siyasət iqtisadi artımı dayandıracaq qeyri-adi dərəcədə baha başa gələn prosesdir və bunun əvəzində diqqət dəyişən iqlimlə ayaqlaşmağa yönəlməlidir.
Elmlər Akademiyasının digər üzvü Oleq Popel qeyd edir ki, Rusiya tam enerji transformasiyasına nail olmaq üçün 2060-cı ilə qədər 400 trilyon rubl (4,4 trilyon dollar) xərcləməlidir.