Yeni Ailə Konsepsiyası olacaq

14:25 22.05.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yeni Ailə Konsepsiyası olacaq. Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, ilin sonuna qədər sözügedən sənədin hazır olmasına çalışacaqlar.

Komitə sədri bildirib ki, bu, olduqca mürəkkəb sənəddir: “Ailə Konsepsiyasını hazırlayarkən dünya təcrübəsini öyrənməyə çalışdıq. Bəzi ölkələr istisna olmaqla, əksər dövlətlərdə bununla bağlı sənəd yoxdur. Daha əvvəl müəyyən xalqlar və dövlətlər sözügedən konsepsiyaya ehtiyac duymayıb. Hazırda dünyada gedən proseslər, xüsusilə milli və ənənəvi dəyərlərin aşınması, milli identikliyə olan təhlükələrin genişləndiyi və hər cür təzyiqlərin olması bir çoxlarımızın düşünməyə vadar etdi. Bilirsiniz ki, biz milli kimliyinə, tarixinə, bağlı xalqıq. Ona görə də sənədin qəbulu vacibdir”.

B.Muradova bildirib ki, hazırkı ənənələri gələcək nəsillərə də ötürməliyik: “Nə qədər müasir cəmiyyətə qovuşsaq da, yeniliklərin, inkişafın gözəl nəticələri olsa da, biz bu inkişaf yolunu milli kimliyimiz, dəyərlərimiz, mədəniyyətimiz və tariximiz üzərindən keçməliyik. Babalarımızdan aldığımız irsi gələcək nəsillərə ötürməyi təmin etməliyik. Bu baxımdan konsepsiyanın qəbulu çox vacibdir və Dövlət Komitəsi bu yöndə xeyli iş görüb. Sənədin hazırlaması prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların, bu sahə üzrə mütəxəssislərin rəyini öyrənmək üçün görüşlər keçirmiş, təkliflərini və rəylərini öyrənmişik. Həmçinin digər dövlət qurumlarının öhdəlikləri və təklifləri öyrənilməkdədir. Hazırda işçi qrupu fəaliyyət göstərir və ölkədə ailə siyasətini təmin edən əlaqədar orqanlar prosesə cəlb olunublar. Vaxtaşırı görüşlərimiz olur. Sənəd yekunlaşdıqdan sonra qurumlardan rəy alıb aidiyyatı üzrə təhvil verəcəyik”.

Mövzu ilə bağlı sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev vurğulayıb ki, ailə Azərbaycan cəmiyyəti, dövləti üçün ən prioritet bir məsələdir. “Bu günlərdə də gördük ki, Prezident İlham Əliyev Ağdamda keçirdiyi görüşdə xüsusi vurğuladı ki, bu qələbəni biz məhz ailənin və məktəbin yetişdirdiyi, tərbiyə etdiyi uşaqların, gənclərin sayəsində əldə etdik. Bu təsadüfi bir yanaşma deyildi. Bu o deməkdir ki, bəli, bu gün sosiallaşma institutu kimi ailə institutu alternativsizdir. Yəni onu heç bir sosiallaşma institutu əvəz edə bilməz. Ona görə də biz Azərbaycan cəmiyyəti olaraq ailə dəyərlərini qorumalıyıq, onu sosial varisliklə gələcək nəsillərə çatdırmalıyıq. Ümumiyyətlə, Azərbaycan ailəsi müxtəlif Qərb mənşəli güc mərkəzləri tərəfindən təhdidlər qarşısındadır, Azərbaycan ailə dəyərlərini müxtəlif layihələr çərçivəsində, saytlar və televiziya verilişləri sayəsində deqradasiyaya uğratmağa çalışırlar. Biz görürük ki, klassik ailə dəyərlərinə həmlələr var. Sanki aqressiv feminist dalğanın təsiri ilə gender bərabərliyi, qadın hüquqları adı altında qadınlar kişilərə qarşı qoyulur, ailə münaqişələri yaradılır. Bunun nəticəsində də boşanmalar statistika olaraq 50 faizə yaxındır. Eyni zamanda nəzərə alsaq ki, sosial şəbəkələr, sosial media, süni intellekt vasitəsilə də ailə institutu təhdid oluna bilir. Bu potensial var da. Təsadüfi deyil ki, Prezident 2018-ci ildə uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı qanun imzaladı, telekommunikasiya haqqında qanuna dəyişiklik olundu. Eyni zamanda, Cinayət Məcəlləsinə 148.1-ci maddə əlavə olundu. Bu, sosial şəbəkələr siqmenti ilə bağlıdır. Həmçinin bilməliyik ki, bu gün sosiallaşma institutu kimi ailənin qorunması sosial şəbəkə vahidlərinin sağlamlığından asılıdır. Bu gün “Zet” nəsli və böyüməkdə olan “Alfa” nəsli birbaşa sosial şəbəkələrin təsiri altındadır”.

Ü.Şəfiyevin sözlərinə görə, şübhəsiz, sosial şəbəkələrə, sosial mediaya süzgəc mexanizmi tətbiq edilməsə vəziyyət daha da pisləşə bilər: “Sarı informasiyalar, hüquqazidd və əxlaqa zidd informasiyalar, paylaşımlar özünə sosial mediada yer alır.  Bu da şübhəsiz, psixologiyası bərkiməmiş uşaq və yeniyetmələrə təsir göstərir Eyni zamanda kütləvi informasiya vasitələrində, sosial mediada, hətta televiziya proqramlarında. çox təəssüf olsun ki, məşhur imzalar boşanmaları təbliğ edirlər. Bunun qarşısını almaq lazımdır. Ona görə də Ailə Konsepsiyasına ehtiyac var. Bu Ailə Konsepsiyası yeni çağırışlar, yeni təhdidlər fonunda xüsusilə aktuallıq kəsb edir. Bir tərəfdən sosial media, sosial şəbəkələr, internetin yan təsirlərindən ailəni qorumaq, ailənin digər məzmun və strukturunda baş verən dəyişikliklərə görə, eyni zamanda bu gün Azərbaycan ailəsində baş verən həyat deqradasiyaları bunu zəruri edir. Yaxşı olar ki, belə bir konsepsiya olsun, ancaq ondan əvvəl sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca qanunun qəbul olunmasına nail olmalıyıq. Sosial şəbəkələrdə ailə dəyərləri tapdalanır və boşanmış qadınların televiziyalarda, verilişlərdə təmtəraqlı həyatı təqdim olunur. Bütün bunlar hamısı ailə dəyərlərini sarsıdır.

Ailə Konsepsiyası ailə dəyərlərinə qarşı təhdidlərin qarşısını almağa kömək edə bilər. Bu istiqamətdə real addımlara ehtiyac var. Ailə institutunun möhkəmlənməsi və ailə dəyərlərinin qorunması üçün mexanizmlər düşünülməlidir. Bu baxımdan yeni konsepsiya mütləq olmalıdır”.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da yeni ailə konsepsiyasının hazırlanmasını müsbət addım kimi dəyərləndirib. Onun sözlərinə görə, bu sənəd ailələr üçün “yol xəritəsi” ola bilər: “Bu istiqamətdə işlərin başlanılması çox yaxşı xəbərdir. Mən belə bir təkliflə çıxış etmişdim ki, ailələr üçün yol xəritəsi hazırlansın. Lakin strategiyanın özü də yol xəritəsi kimi ciddi sənəddir. Yaxşı olardı ki, hətta sənədin hazırlanma prosesinə ilk mərhələdə mütəxəssislər cəlb edilsin. Bu sənəd bir çox qanunvericilik aktlarının dəyişməsi və təkmilləşməsini də özündə ehtiva edəcək. Azərbaycan ailəsi insan hüquq və azadlıqları ilə yanaşı özünün öhdəlik və vəzifəsini əks etdirən ailə strategiyasına malik, eyni zamanda həm də dünyəvi xarakter daşımalıdır. Düşünürəm, cənab Prezidentin uşaqlarla bağlı 10 illik strategiyasında məhz uşaqların maraqları üstün tutulduğu kimi, ailə strategiyasında da uşaqlar xüsusi yerdə olacaq, lakin qadınların da zorakılıqdan, qeyri-insani münasibətlərdən qorunması əsas prioritet kimi göstəriləcək".

M.Zeynalova vurğulayıb ki, ekomühit və siyasi proseslərin, təbii fəlakətlərin baş verməsi halları qarşısında ailələrin dayanıqlığının çevik həlli üçün strategiyada nəzərdə tutulmayan, lakin vəziyyətlə bağlı təcili qərarların qəbulu üçün imkanlar olmalıdır: “Hesab edirəm, problemlərin çevik həlli üçün mexanizmlərin işlənməsi əsasdır. Zaman uzandıqca, problemlər daha da dərin kök salır. Belə olanda onların həlli daha da çətinləşir. Çevik və ailə maraqlarına uyğun həllər problemlərin aradan qaldırılmasına kömək edəcək. Bunun üçün işlək mexanizmlər olmalıdır”.

Psixoloq Gülər Məmmədova bildirib ki, bəzən ailə quran tərəflər bunun məsuliyyətini daşıya bilmirlər: “Bir çox insanlar ailə qurarkən nəzərə almır ki, iki şəxsin bir yerdə harmoniyasının yaranması üçün müəyyən bir müddət keçməlidir. Bu müddət ərzində insanlar xarakterlərinin bir-birini tamamlayıb-tamamlamamasını anlamalıdırlar. Onlar çətin situasiyalarda bağlılıqlarını təsdiq etməlidirlər. Bəzi insanlar həqiqətən də sağlam formatda ailə qurmurlar. Elə insanlar var, valideyn məcburiyyəti ilə, qarşı tərəfin var-dövlətinə, imkanına və digər səbəblərə görə ailə həyatı qururlar. Növbəti mərhələdə isə mehribançılıq yarada bilmirlər. Bu səbəbdən də ailə dağılmalı olur. Təbii ki, burada başqa səbəblər də mövcuddur. Məsələn, hər iki tərəfin yola getməməsi, idarə olunmaq istəməməsi, ailə konsepsiyası haqqında məlumatın olmaması və s. Digər tərəfdən, insanlar son zamanlar çox səbirsiz olublar. Heç kim məsuliyyət daşımaq istəmir. Yəni, ümumilikdə götürsək, insanlar daha sərbəst, müstəqil olmaq istəyirlər. Onların hər hansı bir işinə qarışanda, müdaxilə edəndə konflikt yaradırlar”.