Bildiyiniz kimi, ötən ay respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar, çaylarda və su kanallarında sululuğun artmasına, qısamüddətli sel və daşqın keçməsinə səbəb olmuşdu. Hadisə nəticəsində Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qaldı.
Bəs görəsən havaların birdən-birə isindiyi bu günlərdə respublika ərazisində yenidən sel təhlükəsi yarana bilərmi? Təhlükənin qarşısını almaq üçün nələr edilməlidir?
Məsələ ilə bağlı hafta.az-a açıqlama verən Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov bildirdi ki, havalar birdən birə isinərsə (dünən və bu gün olduğu kimi) və qar kütlələri əriməyə başlayarsa çaylardan selkeçmə ehtimalı yaranır. Əgər bunun üzərinə güclü yağıntılar olarsa Azərbaycanın bəzi regionlarında çaylara sel gəlməsi ehtimalı var:
“Bu ən çox Böyük Qafqazın cənub yamacında yerləşən Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz rayonlarında müşahidə edilə bilər. Həmin ərazilərdə sel ocaqları xeyli artıb və genişlənib. Bu halda çaylara sel gəlməsinə ehtimallar bir qədər də artır”.
Coğrafiya üzrə fəlsəfə doktorunun sözlərinə görə, əlavə yağıntılar olmasa, dağlarda qarın əriməsinə baxmayaraq sel təhlükəsi yaranmaya da bilər:
“Yenə də təkrar edirəm, burada vəziyyət yağıntının düşmə intensivliyi və qarın əriməsindən asılıdır. Yağıntı leysan xarakterli olmasa selin yaranma ehtimalı azalır”.
Həmsöhbətimiz bildirir ki, Cəlilabad, Masallı və Lənkəran zonasında əkin sahələrinin sel suları altında qalması hadisəsini gözləmək mümkün idi. Çünki, havaların quraq və yağıntısız keçdiyi vaxtlarda əhali çay yataqlarına saysız müdaxilələr etmişdilər:
“Onlar çay yataqlarına doğru meyl edib, əkin sahələri saldılar. Bəzi yerlərdə hətta, özləri üçün süni gölməçələr yaratdılar. Su çoxaldıqda isə, qoyulmuş bəndlər partlayır, çay yatağından daşaraq ətraf ərazilərdə sel fəlakətlərinə səbəb olur”.
Təbii fəlakətin ardından sözügedən bölgələrdə olan M.İsmayılov daşqınlara səbəb olan digər amilləri də sadaladı. Maraqlısı budur ki, yaxın keçmişdə salınmış Bakı-Astara yolu da bu “səbəblər” sırasındadır:
“Daşqınlar meydana gəlmiş bölgələrdə olan zaman fikir verdim ki, Bakıdan Astaraya doğru çəkilən yeni yol yaranmış təbii fəlakətdə böyük rol sahibidir. Bu yol, dənizə doğru axan suların qarşısını kəsib, çox yerdə suötürücü qurğular qoyulmayıb. Quraşdırılan belə cihazlarda isə çayın sərt axını nəzərə alınmayıb, nəticədə bu zonada ciddi daşqınlar meydana gəlib. Həmin bölgələrdəki bəzi çay yataqlarına çoxlu sayda texnogen müdaxilələr edilib”.
Dosent, yaxın günlərdə yenidən o zonalarda sel təhlükəsi yarana biləcəyini ehtimal etmir:
“İnanmıram ki, yaxın günlərdə orada yenidən sel təhlükəsi yarana. Sözügedən bölgələrə yağıntı daha çox payız aylarında düşür. İqlim dəyişikləri ilə bağlı olaraq gələcəkdə, yağıntı çox düşən yerlərə normadan qat-qat artıq yağışlar yağacaq. Buna görə, öncədən tədbirlər görülməlidir. Əsas məsələ budur ki, köhnə çay yataqları qorunub saxlansın və onlara müdaxilə edilməsin”.