Rusiyada yeni Covid 19-un sürətlə yayılması haqqında xəbərdarlıq Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyindən (Rospotrebnadzor) gəlib.
Hafta.az-ın yazdığına görə, Almaniyada ilk dəfə iyun ayında aşkarlanan bu variant iki Omicron subvariantının, FLiRT — KS.1.1 və KP.3.3-ün kombinasiyası kimi müəyyən edilib. Yeni variantın simptomlarına atəş, boğaz ağrısı, öskürək və qoxu itkisi daxildir.
XEC variantının simptomları əvvəlki variantlara bənzəsə də, bu variantın daha yoluxucu olduğu bildirilir. London Universitetinin Genetika İnstitutunun direktoru, professor Fransua Balloux xəbərdarlıq edib ki, XEC qarşıdakı qış dövründə dominant variant ola bilər. “Rospotrebnadzor” bu variantın Almaniyadan sonra daha bir neçə ölkədə aşkar edildiyini və ilk halların may ayında İtaliyada göründüyünü açıqlayıb.
Rusiyada son həftələrdə Covid-19-a yoluxma hallarında ciddi artım var. Sentyabrın 17-nə olan məlumata görə, son bir həftədə 32 mindən çox yeni yoluxma halı aşkar edilib. Bu, əvvəlki həftə ilə müqayisədə 29,8 faiz artım deməkdir. “Rospotrebnadzor” bəyan edib ki, hazırda ölkədə dominant variant JN.1-dir.