Yeni dövrdə hədəfimiz güclü Azərbaycandır - TƏHLİL

14:19 15.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda rəsmən yeni dövr başlayıb. Prezident İlham Əliyevin andismə mərasimindəki çıxışı isə bu dövrün əsas konturlarının təqdimatı idi. Artıq qarşımızda yeni hədəflər və vəzifələr var.

Prezidentin də vurğuladığı kimi, yeni hədəflər və vəzifələr müasir dövrün mövcud reallıqları, çağırış və təhdidləri nəzərə alaraq müəyyənləşdirilib. Əsas hədəf isə yenə də güclü, müstəqil və suveren Azərbaycandır.

Təbii ki, bu hədəfə çatmaq üçün həyata keçirilməsi vacib olan əsas vəzifələrin uğurla reallaşdırılması üçün bir sıra mühüm addımların atılması zərurətdir.

Dövlət başçısının da çıxışında bu istiqamətdə əsas vurğuladığı məqamlardan biri güclü və peşəkar ordu quruculuğudur. "Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz", - dövlət başçısı bildirib. Bu gün dünyada baş verən kataklizmlər, münaqişə ocaqlarının, silahlı qarşıdurmaların çürətlə artdığı bir dönəmdə güclü ordu hər bir müstəqil dövlətin, xüsusilə də Azərbaycanın təhlükəsizliyinin əsas qarantı hesab edilir. Ordu quruculuğu prosesinin davamlı olmasını bölgəmizdəki reallıqlar da tələb edir. Ermənistanla hələ də sülh yoxdur. İrəvanın destruktiv yanaşmaları onu göstəriri ki, bu proses hələ çox vaxt aparacaq. Bölgədə qarşıdurma və xaos istəyən qüvvələr İrəvanı revanişzmə şirnikləndirir və bu ölkəni silahlandırmaqda davam edir. Bu təhdidlərin qarşısının alınmasında əsas söz sahibi isə istər 2-ci Qarabağ müharibəsi, istərsə də antiterror tədbirlərində olduğu kimi Azərbaycan Silahlı Qüvvələridir.  

Lakin ordu quruculuğu proses tək peşəkar zabit kadrlarının hazırlanması və silah-sulsat alışı ilə yekunlaşmır. Bu prosesin davamlı və dayanıqlı olması üçün həm də yerli müdafiə sənayesinin inkişafı bir zərurətdir. Ölkəmizin bu potensialı var və uzun illərdir ki, müdafiə sənayesi sahəsi uğurla inkişaf edir. Bu amil Prezident İlham Əliyev tərəfindən də xüsusilə vurğulanıb: "Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatdı. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracağıq. Necə ki, siyasi sahədə, iqtisadi sahədə bizim xarici təsirə məruz qalma şansımız sıfra bərabərdir, çünki biz müstəqil siyasət aparırıq".

Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ordu quruculuğu və müdafiə sənayesinin inkişafı ilə yanaşı digər diqqət yetirməli olduğumuz mühüm sahələrdən biri də sərhədlərimizin etibarlı müdafiəsinin təşkilidir. Tarixi qələbələrimizdən sonra Azərbaycan beynəlxalq səviyyədə tanınan bütün sərhədlərini nəzarətə götürüb. Hazırda bu istiqamətlərdə etibarlı mühafizənin təşkili üçün əməli addımlar atılır. Lakin görülən işlər davamlılıq tələb edir. Dövlət başçısının yeni dönəmdə əsas vəzifələrdən biri olaraq qeyd etdiyi bu məsələni aktual edən səbəbləri elə Prezident özü açıqlayır: "Əlbəttə ki, sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır və biz burada da ən müasir üsullardan istifadə edirik və edəcəyik. Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin. Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir".

Artıq üç ildən çoxdur ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa və qurucuq işlərinə start verib. Böyük qayıdış mərhələli şəkildə uğurla reallaşdırılır. Bu məsələ yeni dönəmdə daha da aktuallaşacaq. Çünki məskunlaşma ilə bağlı Azərbaycan dövlətinin müəyyənləşdirdiyi hədəflər var. Bu hədəflərin yaxın gələcək üçün konturlarını açıqlayan Azərbaycan Prezidenti bildirib ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq: "Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək".

Qeyd olunan vəzifələrin uğurla həyata keçirilməsini şərtləndirən başlıca amil təbii ki, maliyyə imkanları və dayanıqlı iqtisadi inkişafdır. Dövlət başçısının açıqladığı rəqəmlərə diqqət yetirsək görərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən uğurla inkişaf edir. Sərbəst maliyyə imkanlarının genişlənməsi isə aparılan dövlət siyasətinin daha da müstəqil olmasına, beynəlxalq çəkisinin artmasına imkan verir. Prezidentin də vurğuladığı kimi, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır: "Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır".

Qarşımızda duran hədəflər tək qeyd olunan məqamlar deyil. Buraya əhalinin maddi rifah halının, sosial durumunun daha da yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, yeni iş yerlərinin açılması, sosial xidmət və təminat sahələrinin təkmilləşdirilməsi və s. daxildir. Göründüyü kimi, yeni dönəmdə hədəflərimizin hamısının əsas mərkəzində Azərbaycan vətəndaşı, güclü və müstəqil dövlət, təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi, ölkəmizə qarşı təhdid və çağırışlara vaxtında və adekvat cavab verilməsi dayanır. Sahib olduqlarımız, xüsusilə də ölkənin ali rəhbərliyinin qətiyyəti və siyasi iradəsi, xalqının ona olan inam və etimadı bu hədəflərə doğru aparan yolda bütün maneələri uğurla dəf edəcəyimizə dəlalət edir.

Ləman Əliyeva