Yeni Fəaliyyət Planı üzrə işlər uğurla başa çatdırılacaq - Hikmət Babaoğlu

18:39 05.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurası Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını təqdim edib. AŞPA Azərbaycan əməkdaşlığının fəaliyyət planının istiqamətləri açıqlanıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu hafta.az-a bildirib ki, Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlıq 1992-ci ildən başlayır və hazırkı mərhələdə tərəflər növbəti mərhələdə əməkdaşlığın istiqamətlərini müəyyən etməklə 2022-2025-ci illər üzrə Fəaliyyət Planının həyata keçirilməsi işinin reallaşdırlıması mərhələsinə qədəm qoyacaq.

“Azərbaycan 1996-cı ildən Avropa Şurasının üzvüdür və ötən dövr ərzində insan hüquqlarının qorunması, demokratik islahatların daha da dərinləşməsi istiqamətində Avropa Şurası ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq müxtəlif aktual məsələlər üzrə müddətli qaydada Fəaliyyət Planı çərçivəsində müəyyənləşdirilir və həyata keçirilir. Sonuncu belə Fəaliyyət Planı 2018-2021-ci illəri əhatə etmiş, FP-nin icrası hər iki tərəfdən müsbət qiymətləndirilmiş, nəticə etibarilə bu çərçivədə əməkdaşlığın davam etdirilməsi və növbəti fəaliyyət planının razılaşdırılması istiqamətində işlərin aparılması qərara alınmışdır”.

Deputat qeyd edib ki, Fəaliyyət Planı artıq fevralın 16-da Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qəbul edilib və əsas etibarilə Azərbaycan qanunvericiliyinin o cümlədən müxtəlif institutların və praktikasının insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində Avropa Şurasının standartlarına uyğunlaşdırılmasına yönəlib.

“Sənəd Avropa Şurasına üzv ölkə kimi Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsi, milli qanunvericiliyi Avropa və beynəlxalq standartlara uyğunlaşdırması üzrə səylərinin dəstəklənməsinə istiqamətlənib. Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın uğurlu tarixçəsi belə deməyə əsas verir ki, yeni Fəaliyyət Planı üzrə işlər də uğurla başa çatdırılacaqdır.Yəni əgər söhbət sözün əsal mənasında birmənalı şəkildə insan hüquq və azadlıqlarından, demokratik universal dəyərlərdən gedirsə Azərbaycan həmişə bu dəyərlərə sadiqdir və üzərinə düşən bütün öhdəçilikləri yerinə yetirməyə hazırdır”.

H.Babaoğlu əməkdaşlığın müsbət tərəfləri ilə yanaşı, Avropa təşkilatları ilə əməkdaşlıqda başqa təcrübələrə də sahib olduğumuzu müəyyən fktlarla qeyd edib.

“Bəzən Avropanın beynəlxalq təşkilatları insan hüquqları, demokratiya kimi məsələləri milli dövlətlər üzərində təzyiq alətinə çevirir. Paralel olaraq həm də beynəlxalq hüququ və insan azadlıqlarını manipuliyasiya edərək ikili standartlar siyasəti səviyyəsinə endirir. Biz istər 30 illik münaqişə dövründə, istərsə də 44 günlük haqlı davamızda və hətta ondan sonra da ermənilər tərəfində azərbaycanlıların kütləvi şəkildə hüquqlarının tapdalanması, xalqımıza qarşı törədilən ən müxtəlif cinayətlərin heç birinin, heç bir Avropa təşkilatı tərəfindən insan hüquqları kontekstində qiymətləndirib lazımi qərarların qəbul edilməsini görmədik. Tam əksinə, bəzən Azərbaycanda olmayan problemi insan hüquqlarının pozulması kimi təqdim etməyə çalışdılar. Ona görə də ümid edirik ki, heç olmasa bundan sonra xoş olamyan belə təcrübəyə son qoyulacaq. Belə olarsa Avropa Şurası və onun digər struktur təşkiltlanmaları ilə daha yüksək səviyyədə əməkdaşlıq etmək olar. Azərbaycan bunu istəyir və obyektiv əsaslarda formalaşan hər hansı əməkdaşlığa hazırdır”.