Yeni “Orfoepiya lüğəti” ilin sonuna kimi hazır olacaq - Möhsün Nağısoy

16:21 23.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin sonunda Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialekti lüğəti”  işıq üzü görəcək. Bu fikirləri hafta.az-a Dilçilik İnstitutunun direktoru professor Möhsün Nağısoy açıqlamasında söyləyib.

Onun sözlərinə görə, lüğətin təqdimatı Zəfər günündə də baş tuta bilər:

“Ölkə prezidentinin 9 aprel 2006-cı il sərəncamı ilə Azərbaycan Dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı var. Proqramda olan bəndlərə əsasən, Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialekti lüğəti ilin sonuna işıq üzü görəcək. Hətta mən düşünürəm ki, onun təqdimatı 8 noyabr Zəfər günündə baş tutsun. Bu böyük bir layihədir. Orada Laçın, Zəngilan və Qubadlının dialekt xüsusiyyətləri öz əksini tapacaqdır. Gələcəkdə isə, Təbriz, Dərbənd, Borçalı dialekt sözlərindən ibarət lüğətlərin də hazırlanmasını planlaşdırırıq”.

Drektor həmçinin il sonuna qədər “orfoepiya lüğəti”nin də ilkin variantının təqdimatı olacağından söz açdı:

“Bildiyiniz kimi bu ilin 18 iyun tarixində Nazirlər kabineti tərəfindən "orfoepiya normaları" təsdiq edildi. İndi həmin normalara əsasən ilk dəfə olaraq mükəmməl şəkildə işlənmiş orfoepiya lüğəti hazırlanır. Artıq prosesə başlanılıb, işçi qrupu yaradılıb və il sonuna qədər lüğətin ilkin variantının tamamlanması nəzərdə tutulur”.

Nəsimi adına Dilçilik İnstitutunun yenilikləri bunlarla da kifayətlənmir. Belə ki, növbəti yenilik Azərbaycan dilinin arxaik sözlər lüğəti ilə bağlıdır:

“Burada Dədə Qorquddan tutmuş digər yazılı abidələrdə klassiklərimizin dilində işlənən və hazırda arxaik səciyyə daşıyan arxaik sözlər lüğəti nümumələr ilə birlikdə hazırlanmaqdadır. Fikrimcə bu lüğətin də ilkin variantı il sonuna qədər hazırlanana bilər”.

M.Nağısoy hazırda İnstitut tərəfindən ilk cildi 2019-cu ildə çap olunmuş “Müasir Azərbaycan dili” kitabının ikinci cildi ilə bağlı hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu bildirdi:

“Azərbaycan Dilçilik İnstitutunda "Müasir Azərbaycan dili" kitabının akademik nəşrinin ilk cildi 2019-cu ildə çap olunub. İndi isə onun ikinci cildi hazırlanmaqdadır. Bu ilin sonuna kimi kitabın çap olunması planlaşdırılır. Ardınca isə daha üç cildi çap ediləcək. Bunlar morfologiya, sintaksis və mətn dilidir”.

Nəzərinizə çatdıraq ki, Dilçilik İnstitutu tərəfindən 2018-ci ildə Azərbaycan dilinin ümumi informasiya bazasının portalını yaradılıb. Portalda 3 bölmə var. İlk bölmədə Azərbaycan dili haqqında yığcam formada 300 səhifəlik məlumat verilir. İkinci bölmədə Azərbaycan dili haqqında xalq cümhuriyyəti dövründən başlayaraq günümüzədək olan bütün fərman və sərəncamlar yerləşdirilib. Üçüncü bölümdə görkəmli Azərbaycan dilçiləri haqqında məlumat verilib. Dördüncü bölümdə Azərbaycan dili haqqında olan bütün kitablar, dərsliklər və dissertasiyalar qeyd olunub. Həmçinin burayam  dünyanın hər yerindən çoxlu rəylər gəlir. Üstəlik hər il portal  yeni məlumatlar əlavə edilir.

Oxunma sayı 91