“Yolların açılmasına dair razılığa gəlinib…” – Konstantin Tasits

11:40 15.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Nəqliyyat kommunikasiyalarının açılması məsələsi Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə Üçtərəfli İşçi Qrupunda müzakirə olunur və hələlik bütün nüanslar razılaşdırılmayıb. Ermənistanın cənub sərhədi boyunca SSRİ dövründə olduğu kimi eyni marşrutla keçəcək dəmir yolunun tikintisi haqqında saziş var. Magistral yolun açılması ilə bağlı razılığa gəlmək mümkün olub, lakin konkret marşrut hələ müəyyən edilməyib. Məlumata görə, bu müstəvidə bir neçə variant var”.

Bu sözləri Hafta.az-a müsahibəsində Rusiyalı siyasət uzmanı Konstantin Tasits deyib. O bildirib ki, Ermənistan və Azərbaycan öz milli qanunvericiliklərinə və MDB çərçivəsində bağlanmış sazişlərə əsaslanmaq, həmçinin qarşılıqlılıq prinsipini rəhbər tutmaq barədə razılığa gəliblər. Eyni zamanda, Bakının nöqteyi-nəzərindən Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyaları Laçın dəhlizi ilə eyni rejimdə işləməlidir. “İrəvanda hesab edirlər ki, həmin yollar həm də azərbaycan ərazisindən keçməklə, Ermənistanı Rusiya və İranla birləşdirəcək nəqliyyat kommunikasiyaları kimi fəaliyyət göstərməlidir” deyən cənab Tasits əlavə edib ki, hazırda atəşkəs kövrək olmaqda davam edir. Yerlərdə eskalasiya hallarının və atəşlərin baş verdiyini görürük.

“Ona görə də, regionda sabitliyi poza biləcək birtərəfli hərəkətlərdən çəkinmək, bütün tərəflərə uyğun gələn razılaşdırılmış güzəştli qərarlar qəbul etmək lazımdır”, - deyib rusiyalı politoloq.

Siyasət rubrikasından digər xəbərlər