Yunan Kiprində su böhranı: KKTC-dən su alacaqlar?

09:39 11.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yunan Kiprində (Cənubi Kipr) son illər yağıntıların azalması, qlobal istiləşmənin təsiri, köhnə texnologiyalı bənd və su anbarlarından sızmalar, digər amillər içməli su və əkinçilik sahələrində məişət suyu böhranının davam etməsinə səbəb olub.

Hafta.az-ın yazdığına görə, ölkə üzrə demək olar ki, bütün bəndlərdə toplanan içməli suyun miqdarı ötən illə müqayisədə xeyli azalıb. Bir çox bənddə suyun səviyyəsi tutumun yüzdə 10-una düşüb.

Yunan mətbuatı bəndlərin doluluq nisbətinin faciəvi şəkildə azalmasını "kabus" kimi qələmə verməyə başladı.

Yunanıstan səlahiyyətlilərinə görə, Cənubi Kiprdə ümumi su tutumu 290 milyon kubmetr olan bəndlərdə hazırda cəmi 98,7 milyon kubmetr su ehtiyatı var.

Cənubi Kiprin ən böyük bəndlərindən biri və keçən il doluluq nisbəti 57,6 faiz olan Kalopanayoti anbarının doluluq nisbətinin avqust ayı etibarilə 10 faizə düşməsi su böhranının nə qədər irəlilədiyini göstərmək üçün kifayətdir.

Keçən il olduğu kimi payız və qışın quraq keçəcəyi ehtimalı Yunanıstan rəsmilərini çox düşündürür.

Pafos şəhərində saflaşdırılmış suyun artıq ehtiyacı ödəməməsi fəlakət ssenarilərini də gətirib.

100 mindən çox əhalisi olan Limassol və Larnaka şəhərlərində vəziyyət Pafosdan heç də fərqlənmir.

Tez-tez işıqların kəsildiyi Cənubi Kiprdə səlahiyyətlilər daim əhaliyə daha az su istifadə etməyi tövsiyə edir.

Cənubi Kiprdə 2008-ci ildən bəri hər yay ciddi su qıtlığı yaşanır.

Hökumətin dənizdən suyun təmizlənməsi və duzlu su təmizləyici qurğuların artırılması ilə bağlı səyləri yunanların problemlərini həll etmir. Quraqlıq dövründə ilkin kənd təsərrüfatı suvarmasının məhdudlaşdırılması son 16 ildə fermerlərin sərt reaksiyasına səbəb olur. Bir çox fermer təşkilatları hökumətləri turizmə önəm verməklə kənd təsərrüfatını ikinci plana atmaqda və bu sahəyə investisiya qoymamaqda ittiham edir.

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) Türkiyədən gələn suyun dənizaltı boru kəməri ilə daşınması səbəbindən ara-sıra su təchizatında fasilələr olsa da, içməli su problemi yoxdur.

Mersindən gələn su miqdarının zaman-zaman azalmasına baxmayaraq, KKTC hökuməti daha çox kənd təsərrüfatı ərazilərinə su gətirmək üçün yeni boru kəmərləri çəkməyə davam edir.

10 il əvvəl Cənubi Kiprdən daha çox quraqlıq fəsilləri hiss edən KKTC-nin suya ehtiyacı Türkiyənin 2015-ci ildə adaya su verməsi ilə tarixə qovuşub. Türkiyədən gələn suya baxmayaraq ölkə daxilində su ehtiyatlarını artırmaq istəyən KKTC hökuməti, Beşbarmaq dağlarında qazma işləri zamanı Çatalköydə ölkə tarixindəki ən böyük su qaynağını kəşf edib.

KKTC baş nazirinin müavini Fikri Ataoğlu, Geologiya və Mədən İdarəsi qruplarının təxminən bir aydır gördükləri işlərlə Beşbarmaq dağlarının ətəklərində saatda 80 tona qədər su istehsal edən mənbə tapdıqlarını bildirib.

Ataoğlu, Girnə və Laptada oxşar qazma işlərini davam etdirəcəklərini və su ehtiyatlarını şaxələndirməkdə qərarlı olduqlarını bildirib.

2008-ci ildə Kipr adasının cənubunda ciddi su qıtlığı yarananda böhran KKTC-də daha dərindən hiss olunurdu. O zaman Cənubi Kipr Yunanıstandan tanker gəmiləri ilə su daşımağa çalışırdı. Amma tankerlərlə su nəqliyyatı sistemi düzgün işləmədi və böhranı yalnız qısa müddətə dayandıra bildi.

Cənubi Kipr bəzi şərtləri yerinə yetirmədiyi üçün “Oceans Tankers” tanker şirkətinə 7 milyon avro ödəyib.

Cənubi Kiprə yalnız tankerlə suyun daşınmasının dəyəri 16 il əvvəl təxminən 50 milyon avro idi.

Bu günlərdə çox danışılmayan, lakin bəzən yunan ictimaiyyətində müzakirə edilən məsələ Türkiyədən KKTC üzərindən gələn sudan bəhrələnməkdir. Payızda Kiprdə istənilən miqdarda yağış yağarsa, KKTC vasitəsilə Türkiyədən su tələb etmək fikri gələn yaya qədər dayandırılacaq, lakin quraqlıq olarsa, Kipr yunanları son çarə kimi məsələni yenidən müzakirə etməyə başlayacaqlar.