Zəfər Günündə Ümummilli Liderə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

14:00 08.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, vətənpərvər xalqın birliyi və qüdrətli ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunmasının üçüncü ili tamam olur. Qalibiyyət simvolunun rəmzinə çevrilən Zəfər Günü bu il daha təntənəli şəkildə qeyd edilir.

Bakı Apellyasiya Məhkəməsindən hafta.az-a bildiriblər ki, parlaq qələbədən sonra Azərbaycan bir dövlət olaraq yeni inkişaf və dirçəliş dövrünü yaşamağa başlayıb, postkonflikt mərhələsində strateji addımları ilə öz qələbəsini möhkəmləndirib, qətiyyətli mövqeyi ilə beynəlxalq arenada qalib xalq və dövlət imicini gücləndirib. Xüsusilə də, Qələbənin memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri, strateji əhəmiyyətli obyektlərin təməlini qoyması və açılışlarını etməsi, qısa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturların yenidən qurulması müstəsna əhəmiyyətli tarixi-siyasi hadisələr kimi qeyd edilməlidir. Belə səfərlər qalib dövlətin liderinin təntənəli və möhtəşəm Zəfər yürüşüdür. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və “dəmir yumruq” olaraq, Müzəffər Ali Baş Komandanla həmrəy olmuşdur.

Budəfəki Zəfər Bayramının əvvəlki iki ildə keçirdiyimiz bayramlardan böyük fərqi var. Bu ilin sentyabrın 19-20-də Azərbaycan silahlı qüvvələrinin keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimiz tam və qəti şəkildə təmin edilib, Azərbaycan bayrağı Xocalı, Ağdərə, Xocavənd və Xankəndi şəhərlərində dalğalanmaqdadır. Bu gün Xankəndi şəhərində keçirilən, Azərbaycan xalqının qürurla izlədiyi Qələbə paradını Ali Baş Komandan İlham Əliyev qəbul edir. Bütün bunlar ordumuzun vətənpərvərliyini, mübarizliyini və qəhrəmanlığını göstərən fərəh doğuran günlər və anlardır. Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yazmışdır. Bu gün əminliklə demək olar ki, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da inkişaf edərək müstəqil dövlət kimi yaşayacaq və torpaqlarımızın azad olunmasında əldə etdiyimiz şanlı Qələbə, Zəfər Günü tariximizdə əbədi qalacaq. Zəfər Günü milli qürur və şərəf tariximizdir, gələcək nəsillər bu qürurverici tariximizi heç zaman unutmayacaq.

2023-cü il xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması ilə də əlamətdardır. Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib.

Vətən müharibəsində qazanılan şanlı Qələbənin əsası da məhz Heydər Əliyev tərəfindən qoyulub. Dahi lider danışıqlarda heç vaxt güzəştə getməyərək, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bütün dünyaya bəyan edib. Ulu Öndərin qurub bizə miras qoyduğu dövlətçilik irsi və prinsipləri, onun yaşayan və yaşadan ideyaları hər birimizi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha qüdrətli və daha çiçəklənən dövlətə çevirməyə ruhlandırır. Azərbaycan xalqı əminliklə deyə bilir ki, Ulu Öndər Heydər Əliyevin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" kəlamı artıq təkzibedilməz reallığa çevrilib. Azərbaycan dövlətinin ərazisi artıq bütövdür. Prezident İlham Əliyev tərəfindən Ata Vəsiyyəti yerinə yetirilib.

Bakı Apellyasiya Məhkəməsi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirib, habelə Zəfər Gününü qeyd edib. Əvvəlcədən Zəfər Gününə planlaşdırılan Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin, aparat işçilərinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları aksiya çərçivəsində Bakı şəhəri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında Bakı-Şamaxı şosesinin kənarında 100 ağac əkilib. Əkilən ağacların küləkdən qorunması məqsədilə dirəklər basdırılıb, onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub.

Şanlı Qələbəmizi qeyd edərkən Ulu Öndər Heydər Əliyev yanımızda olmasa da, əminik ki, Ümummilli Lider Heydər Əliyevin və bütün şəhidlərimizin ruhu şaddır. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən, şərəfli həyatını Azərbaycanın xoşbəxt gələcəyinə həsr edən Ulu Öndərin ən böyük arzusu reallaşdırılıbr. Xalqdan ordu yaradan lider hər zaman müzəffərdir.

Bu şanlı Zəfəri bizə bəxş edən qəhrəman əsgər və zabitlərimizin şücaəti sonsuzadək minnətdarlıqla xatırlanacaq.