Zelenski həftənin sonuna qədər baş qərargah rəisini işdən çıxaracaq

09:26 02.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada prezidentlə Baş Qərargah rəisi arasında gərginlik davam edir.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, prezident Vladimir Zelenski həftənin sonuna qədər Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Zalujnının vəzifəsindən azad edilməsi haqqında fərmanı imzalayacaq.

Telekanal bəzi digər KİV-lərin məlumatlarını təsdiqləyib ki, baş komandanla bazar ertəsi, yanvarın 29-da prezident aparatında görüş keçirilib və burada prezident onu vəzifədən azad etməyi planlaşdırdığını açıqlayıb.

Tədbirdə müdafiə naziri Rustəm Umarov da iştirak edib.

Mənbələrin bildirdiyinə görə, sakit keçən görüşdə Zelenski yeni vəzifə təklifini rədd edən qərargah rəisinə “Yeni vəzifədən imtina işdən çıxarılma faktını dəyişmir” deyib.

Prezident ofisi şərh sorğusuna cavab verməyib. Hakimiyyət daha əvvəl Zalujnyinin işdən çıxarıldığını təkzib etmişdi.

CNN-in məlumatına görə, hərbi kəşfiyyatın rəhbəri Kirill Budanov və Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski ali baş komandan vəzifəsinə namizədlər üçün nəzərdə tutulub.

“The Times” və “The Economist”in yazdığına görə, hər ikisi bu təyinatı hələlik rədd edib.

CNN-in qeyd etdiyi kimi, dekabrda Kiyev Sosiologiya İnstitutunun keçirdiyi sorğu göstərib ki, baş komandanı ukraynalıların 88 faizi dəstəkləyib.

Vladimir Zelenskini bəyənmə nisbəti 62 faiz səviyyəsində qalıb.

“The Washington Post” yazır ki, prezident hərbi dəstəyi ləngitdiyinə görə baş komandanı vəzifəsindən uzaqlaşdırmaqla müttəfiqlərini heyrətləndirmək istəyir. Bundan əlavə, qəzetin yazdığına görə, bazar ertəsi keçirilən görüşdə insanların münaqişələrdən yorğunluğu da vurğulanıb.