Zelenski paytaxt Kiyevdən çıxıb Lvova getsəydi... - Elşad Ələsgərov

18:59 05.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın İvano-Frankovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşad Ələsgərovla hafta.az üçün söhbətimizdə Rusiyanın bu ölkəyə təcavüzü başlanandan yerli əhalinin gerçək əhval-ruhiyyəsi, dövlətinə, ordusuna münasibəti, soydaşlarımızın Ukrayna xalqına dəstək olmaq üçün gördüyü işlər və s. haqda danışdıq.

-Elşad bəy, yaşadığınız İvano-Frankovsk şəhərində müharibə başlanandan nələr  baş verib?

-Ivano-Frankovska müharibənin birinci günü atılan raketlər mənim yaşadığım evdən görünürdü. Həmin raketlər şəhərin kənarındakı hərbi aerodroma düşmüşdü. Orada sovet dövründən aviasiya ilə bağlı hərbi hissə var idi. Yəqin ki, düşmənin  məqsədi oradakı hərbi təyyarələri və uçuş-eniş zolaqlarını sıradan çıxarmaq olub...

Amma şükürlər olsun ki, bu günədək şəhərimizin özünə, yaşayış binalarına raket və ya bomba düşməyib. Lakin İvano-Frankovska yaxın olan Lvov şəhərinin özünə bu günədək bir neçə dəfə zərbələr endirilib. O cümlədən 2014-cü ildən bəri NATO-dan olan təlimatçıların Ukrayna hərbçilərinə təlim keçdiyi təlim bazasını da vurublar. Yeri gəlmişkən, deyim ki, mən Lvova da mütəmadi gedir və orada da soydaşlarımızla bağlı ictimai işlərlə məşğul oluram. Lvovun meri ilə yaxın dostam. Ötən illər onu Bakıya qonaq da gətirmişəm – Azərbaycanı sevən insanlardan biridir...

-Rusiyanın hücumu başlayanda İvano-Frankovskını  çox sakin tərk etdi?

-Deyim ki, əsasən uşaqlar, qadınlar, qocalar çıxarıldı, kişilərin çoxu şəhərdə qaldı. Biz öz ailə üzvlərimizi, yəni uşaq və qadınları müharibə başlayandan xeyli sonra Azərbaycana yola saldıq... İlk günlər başımız Ukraynanın digər şəhərlərindən, Kiyevdən, Xarkovdan, Dneprdən və s. gələn qaçqınları, o cümlədən soydaşlarımızı İvano-Frankovskda yerləşdirməyə, yaxud xaricə və ya Azərbaycana yola salmağa qarışmışdı... Hətta kiçik qardaşımdan ikimərtəbəli evindən çıxıb mənim yanımda yaşamasını xahiş etdim və həmin evdə Xarkovdan gələn qaçqınları yerləşdirdik. Hələ də orada yaşayırlar...

- Ukraynanın Avropa ölkələrinə sərhəd-keçid məntəqələrindəki vəziyyət barədə məlumatınız var, yəqin ki?

-Bəli. Əvvəllər, yəni müharibənin ilk günlərində Ukraynanın Avropa ölkələri ilə sərhədlərini keçmək çox çətin idi. Böyük tıxaclar yaranırdı. Həmin günlər İvano-Frankovskda biz də qaçqınları qəbul edib yola salmaqla məşğul idik. Təsəvvür edirsiz, hər keçid məntəqəsində 15-20 km-dək uzanan avtomobil karvanlarının yarandığı üç böyük qaçqın dalğası oldu. Bizim bəzi soydaşlarımız da növbəyə durmağı xoşlamır. Bu baxımdan da bizə Bakıdan da azərbaycanlıları sərhəddən keçirməyə kömək etmək üçün saysız-hesabsız zənglər olurdu. Amma sonralar Ukrayna dövləti keçid məntəqələrinin sayını çoxaltdı və eyni zamanda ölkədən qaçqınların da sayı azalmağa başladı. Nəticədə bizim də işimiz xeyli yüngülləşdi. Mən özüm Bakıya gələrkən Ukraynadan asanlıqla Moldovaya, oradan Rumıniyaya, paytaxt Buxarestdən isə İstanbula və ardınca Bakıya uçdum...

-Yaşadığınız vilayətdə əhalinin gerçək əhval-ruhiyyəsi necədir? Doğrudanmı deyildiyi kimi, Ukrayna xalqı sonda öz ordusunun, dövlətinin qalib gələcəyinə inanır?

-Bəli, gerçəkdən bütün  çətinliklərə baxmayaraq əhalinin əhval-ruhuyyəsi çox yüksəkdir. Və  mütləq əskəriyyət öz ordusuna, dövlətinə prezidentinə inanır. Prezident Zelenski də xalqa arxalanır, xalq başqa cür düşünsə, o belə cəsarətlə danışa bilməz... 

Onu deyim ki, 2014-cü ildən bəri, yəni Krım ilhaq olunandan, Donbasda hadisələr başlanandan bəri biz Ukrayna xalqında o qədər fəallıq görmürdük. Ancaq bu dəfə Rusiyanın təcavüzü başlanan ilk günlərdən bu insanlar necə dəyişdilər, onlarda necə vətənpərvərlik, yüksək əhval-ruhiyyə baş qaldırdı – buna məəttəl qaldım... Hətta Rusiya hücumunun ilk ağır günlərində dövlət tərəfindən danışıqlara getmək təşəbbüsü olanda Ukrayna xalqı tələb etməyə başladı ki, Rusiyaya heç bir güzəştə getmək olmaz, işğalçılarla sonadək vuruşmaq və gedib Krımı da azad etmək gərəkdir...

Amma belə hesab edirəm ki, Ukrayna xalqının işğalçılara qarşı mübarizəyə ruhlanmasının ən böyük səbəblərindən biri məhz Prezident Zelenski oldu. Bilirsiz ki, onu müharibənin ilk günlərində Amerikadan, Avropadan çox yerə sığınmağa dəvət etdilər. O, heç biri ilə razılaşmadı, heç hara çıxmadı. Sonda Kiyev daha çox atəşə tutulan vaxtlar ABŞ, Britaniya, Polşa rəhbərləri ona, heç olmasa, iqamətgahını Lvovda qurmağı təklif etdilər. Zelenski buna da razılıq vermədi. Bu məqam xalqı çox ruhlandırdı. Amma sizi inandırım ki, əgər Ukrayna prezidenti hələ xarici demirəm, paytaxt Kiyevdən çıxıb Lvova getsəydi belə, o, bu savaşı çoxdan uduzmuşdu... Xalq da, ordu da Zelenskinin Putinin o qədər hədələrinə rəğmən bu cəsarətini, kişiliyini, qeyrətini gördü və onun ətrafında daha sıx birləşdi... Onu da deyim ki, biz neçə illərdir Ukraynada demokratiya deyilən şeyi yaşayırıq və görürük...

-Elə növbəti sualım bu haqda olacaqdı: yəni deyirsiz, Volodimir Zelenski gerçəkdən xalqın istəyi ilə, demokratik seçkilər nəticəsində seçilib?

-Bəli, buna heç bir şübhəniz olmasın.  Mənim özümün seçki hüququm olmasa da, qardaşım, digər soydaşlarımız neçə illərdir ki, bütün yerli, parlament, prezident seçkilərində fəal iştirak edirlər və hamı bilir ki, artıq Ukraynada saxta seçki keçirilə bilməz. Özü də yalnız Zelenskinin dövründə yox, Yanukoviçdən üzü bəri bütün seçkilər demokratik şəraitdə keçirilir. Başqa cür də mümkün deyil; xalqın istədiyi adam mer olacaq, deputat və prezident olacaq... Düzdür, 45 milyonluq böyük ölkədə müəyyən korrupsiya halları da olur, məmurlar bir-biri ilə seçkilərdə-filanda dolayı yollarla mübarizə aparmağa çalışırlar. Amma bu hallar kütləvi deyil. Kütləvi olan xalqın istəyidir. Və hazırkı Prezident Zelenski də demokratik yolla, xalqın istəyi və səsi ilə seçilib...

-İvano-Frankovsk vilayətində təxminən  nə qədər soydaşımız yaşayır?

-Onu dəqiq deyə bilmərəm, çoxdur. Burada ukrayınlardan əlavə, ruslar da, yəhudilər də, özbəklər də, qırğızlar da, ermənilər də və s. millətlərin nümayəndələri yaşayır. Hamı da bir-biri ilə mehriban dolanır...

Yeri gəlmişkən, vilayət ərazisində qədim türk tayfaları da yaşayıb. Bunu arxeoloji qazıntılar da sübut edir. Hətta türk əsgərləri bu yerlər də vuruşub da... Məsələn, bir neçə il öncə Roqatin rayonunda türk məzarlığı aşkar edildi. Türkiyə səfirliyindən də nümayəndələr dəvət olundu və qısa araşdırmadan sonra  məlum oldu ki, bu, I Dünya savaşı zamanı  Ukraynada Çar Rusiyasına qarşı savaşmış Osmanlı hərbçilərinin məzarlarıdır. Nəticədə Türkiyə səfirliyi tərəfindən Ukrayna uğrunda savaşmış həmin hərbçilərin xatirəsinə abidə quruldu. Və hazırda o abidə üzərində Türkiyə və Ukrayna bayraqları dalğalanır. Qürurverici bir məkandır...

-Vilayətdə yaşayan ruslar arasında tanıdıqlarınız varmı? Onların Rusiyanın Ukraynaya son təcavüzünə münasibəti necədir?

-Düzü, burada elə yaxından tanıdığım rus yoxdur. Ancaq Kiyevdə doğulub yaşamış bir yaxın rus tanışım var. Vitali adlı rusdur. Əvvəl Ukraynada hərbi təyyarəçi olub. Amma o, 6 ildir ki, ABŞ-da yaşayır. Müharibə başlanandan sonra bir neçə dəfə mənimlə də əlaqə saxlayaraq bildirib ki, Ukraynaya dönməyə çalışır. Sadəcə, sənədləri ilə bağlı nəsə problemi var. Onun məqsədi Ukraynaya qayıdıb təyyarəçi kimi Rusiyanın işğalçı ordusuna qarşı döyüşməkdir...

-Ukraynada yaşadığınız 30 ilə yaxın müddətdə müddətdə yerli ukrayın millətinin nümayəndələri tərəfindən özünüzə və ya digər soydaşlarımıza qarşı hansısa milli ayrı-seçklilik, diskriminasiya hiss etmisinizmi?

-Xeyr, hesab edirəm ki, Rusiyadakı hakim rejimin təbliğatının əksinə olaraq Ukraynada ciddi şəkildə ifrat millətçilik-filan olmayıb və yoxdur. Artıq 30 ilə yaxındır yaşadığım Ukraynada indiyədək konkret ukrayınlar tərəfindən heç bir ifrat millətçilik, ayrı-seçkilik hiss etməmişəm... Mən uşaqlıqda da yay tətillərində gəlib Ukraynada rəhmətlik atamın dostlarının yanında qalmışam. Ancaq qətiyyən hansısa ayrı-seçkilik, mənfi münasibət duymamışam. Düzdür, ara-sıra, çox nadir hallarda müəyyən qatı millətçi şəxslərə rast gəlinir. Belələri digər xalqlar arasında, o cümlədən Azərbaycanda olur.

Təəssüf ki, Ukrayna xalqı barədə “banderaçı”lar, “benderlər” kimi ifadələr digər xalqların, o cümlədən rusların beyninə sovet dövründən bəri yeridilib. Və bəziləri həmin ifadələri bir millət, toplum adı kimi qəbul edir. Amma bu, çoxlarına bir “faşist”, “terrorçu” kimi tanıdılan, əslində isə sovet-rus müstəmləkəçiliyinə qarşı mübarizə aparan bir siyasi xadim olmuş Stepan Banderanın adıyla bağlıdır...

Mən keçmiş SSRİ-nin bir çox respublikalarında, eləcə də Rusiya və Belarusda olmuşam. Əminliklə deyərdim ki, Ukraynada azərbaycanlılara qarşı olan səmimi hörmət, qayğı, diqqət heç bir digər respublikada yoxdur. Və zənnimcə, Ukraynadakı Azərbaycan diasporu dünyanın əksər digər ökələrindəki diasporlarımızdan daha sərbəst və aktiv fəaliyyət göstərir. Bu, özünü müharibədən az öncə diasporumuzun Kiyevdə keçirilmiş qurultayında  da göstərdi. Orada bir çox rəhbər şəxslər, Radanın deputatları iştirak edirdi... Bir sözlə, bizə qarşı daim gözəl münasibət olub və bu gün müharibə gedən günlərdə də Azərbaycan dövlətinin, xalqının Ukraynaya verdiyi dəstəyin müqabilində həmin münasibət daha da möhkəmlənib...

-Yəqin ki, Azərbaycan diasporu Ukrayna ordusuna da yardımlar edir?

-Müharibənin ilk günlərində şəhərdəki bir neçə şirkət rəhbəri,o cümlədən Yevlaxdan, Astaradan və s. bölgələrdən olan soydaşlarımız - hər birimiz ayrı-ayrılıqda öz şirkəti adından orduya xeyli məbləğdə pul köçürdü. Daha sonra həmin adamlar birləşib Azərbaycan diasporu adından pul vəsaiti toplayıb  yenidən ordunun hesabına köçürdük. Bundan əlavə, Ukrayna ordusuna qardaşım və astaralı soydaşımız hər biri orduya bir yük maşını bağışladı. Mən isə müharibə gedən vilayətlərə xeyli ərzaq yardımı göndərdim...

Mən özüm müharibənin ağır günlərində ofisdə oturmadım, insanların, o cümlədən soydaşlarımızın dərdləri, problemləri ilə daha yaxından maraqlanmaq üçün bizneslə məşğul olan qardaşımın anbarlarında çox vaxt keçirirdim...

Bir sözlə, etdiklərimizi dilə gətirmək doğru deyil. Artıq ikinci vətənimiz olan Ukraynanın qələbəsi üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik...