Yalnız ruhla, emosional çıxışlarla dövləti idarə etmək olmaz. Zelenskinin komandası dövləti “tik-tok” uşaqları kimi idarə edirlər. Dövlətin maraqları o yanda qalıb; Zelenski bunu dedi, onu dedi, filan müsahibəni verdi. Nə olsun?
Bu fikirləri hafta.az-a siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib:
“Azərbaycan bunu 1992-ci ildə yaşayıb. Bu, bizim başımıza gəlib. Biz də Çindən Təbrizədək hər yeri alırdıq, əvəzində Qarabağı itirdik və 30 il bunun zülmünü çəkdik... Bəzəkli-düzəkli, populist çıxışlar dövlətin idarəçiliyi üçün düzgün metod deyil. Makiavelli deyir ki, bütün hallarda dövlətin hakimiyyətin əlində saxlanılması ən gözəl variantdır. Yəni güclə, hiylə ilə olsun, səni qoy lap axmaq saysınlar, amma sən dövlətin maraqlarına xidmət edərək onu qorumalısan. Lakin Ukraynada dövlət maraqları bir yanda qalıb, Zelenski serialdakı kimi hərəkət edir. Dövlət idarəçiliyi şou deyil axı...
Bir sözlə, bizim 1992-ci ildə yaşadığımızı bu gün Ukrayna yaşayır. Özü də çox ağır vəziyyətdə... Hazırda müharibə hər gün Ukraynaya, azı, 5-6 milyard dollar ziyan dəyir. Belə getsə, bu dövlət bir neçə aydan sonra iqtisadi cəhətdən çökəcək. Axı Ukrayna taxıl və bitki yağı ixracına görə dünyada birinci üçlükdə idi... Rusiya bu il də olmasa, gələn il Ukraynada ələ keçirdiyi ərazilərdən istifadə etməyə başlayacaq. Necə ki, Ermənistan 30 ilə yaxın müddətdə öz büdcə gəlirlərinin 30-35 faizini işğal etdiyi Azərbaycan torpaqlarından əldə edirdi. İndi də Ukraynanın işğal edilmiş torpaqlarının bütün yeraltı və yerüstü sərvətləri Rusiyaya qalacaq...
Bütün bunları təhlil etdikdə görürük ki, vəziyyət get-gedə Moskvanın maraqlarına uyğun formalaşır. Hələ deməzdim ki, Rusiya artıq qələbə çalır, amma tədricən hər şey onun maraqlarına uyğunlaşır... Hal-hazırda Rusiya-Ukrayna savaşında pat vəziyyətidir; qalib yoxdur, hər iki ölkə məğlub vəziyyətdədir...”