Prezident İlham Əliyev Qarabağda yarımçıq qalan məsələlərin həlli, hərbi büdcənin artırılması ilə bağlı sadaladığı və sadalamadığı məqamların olduğunu deyib. Hərbi büdcənin artırılması ilə bağlı sadalanmayan məqamlar nə ola bilər?
Bu istiqamətdə hafta.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Prezidentin son çıxışında Ermənistana net mesajlar verilib. O, hesab edir ki, Qarabağla bağlı qalan məsələlərin tamamilə çözülməsi, Zəngəzur, Laçın dəhlizlərinin üçtərəfli bəyanat çərçivəsində açılması müharibədən sonrakı kontekstdə qiymətləndirilməlidir.
“Bu gün Azərbaycanın istəyi tam olaraq Ermənistan tərəfindən yerinə yetirilmir və xüsusən də sərhədlərin tanınması istiqamətində müsbət addımlar atmaq istəmirlər.
Ermənistan Zəngəzur dəhlizi üzərindən hələ ki, heç bir fəaliyyətə başlamayıb. Zamanı uzadırlar və düşünürlər ki, necə 30 il müddətində Qarabağın işğal olunmuş ərazilərindəki problemi uzatdılar, bu prosesi də uzada bilərlər. Siyasi iradə ondan ibarətdir ki, bu məsələlər tez bir zamanda həll edilsin. Əslində ordunun gücləndirilməsi, orduya vəsaitlərin ayrılması, yeni komando briqadaların yaradılması ona hesablanır ki, problemimiz Ermənistanla tam həll olunmayana qədər ordu Ali Baş Komandanın əmrinə hazır vəziyyətdə olmalıdır. Sonrakı mərhələdə əgər Ermənistan həqiqətən də öz öhdəliklərini yerinə yetirmək istəməsə, Azərbaycan silahlı qüvvələri bu problemi birtərəfli qaydada həll eləmək hüququnu özündə saxlayır”.
Hərbi ekspert açıq şəkildə bəyan edib ki, əgər Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarmırsa, Azərbaycan bunu hərbi gücün tətbiqi ilə etməlidir.
“Əgər Zəngəzur dəhlizinin açılması prosesi Ermənistan tərəfindən yerinə yetirilməsə yenə hərbi gücün vasitəsi ilə bu problemlər öz həllini tapacaq. Əslində cənab Prezidentin verdiyi net mesaj bundan ibarətdir ki, ya bunu könüllü edin, ya da bunu sizə məcbur etdirəcəyik. Dolayısı ilə bu o deməkdir ki, bizim bu məsələlərin həlli silahlı qüvvələrimizin üzərinə düşəcək. Belə bir mərhələdə ermənilərə bu mesajı net verməliyik. Yəni Qarabağda olan erməni silahlıları təmizlənməlidir, ya bunu özlər etməlidir, ya da biz bunu antiterror əməliyyatları çərçivəsində etməliyik. Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası, demorkasiyası başa çatmalıdır. Azərbaycanın verdiyi mesaj ondan ibarətdir ki, biz bunu etməyə qadirik. Silahlı qüvvələrin modern silahlarla təhcizatı da ona hesablanıb ki, bu təhlükə Ermənistan tərəfindən qalır”.
Hərbi ekspert qeyd edib ki, ermənilərin atdıqları imzalara hörmət edib öhdəliklərini yerinə yetirmədikləri bir başqa, bir də hələ ordan Azərbaycana müharibə mesajları ötürürlər.
“Revanşistlər Xocavənddə və Xankəndində keçitdiyi mitinqlərdə “biz döyüşməyə hazırıq” -mesajlarını verirlər. Ermənilər həm də sanki “Dəmir Yumruq”dan ötrü darıxmışıq mesajını verirlər. Ona görə də cənab Prezident net mesajını verir ki, bunu edirsizsə edin, etmirsizsə hərbə hazır olmalısız”.
E.Şıxəliyev hesab edir ki, birinci mərhələdə Azərbaycanın bir nömrəli məsələsi, “A” variantı o idi ki, könüllü olaraq dəhlizlər açılır, qeyri-qanuni birləşmələr çıxarılır. Onun fikrincə, Ermənistan bu tələbi yerinə yetirməsə Azərbaycan bu məsələnin həllini yumşaq güclə, siyasi güclə yox, hərbi güclə yerinə yetirməlidir.
“Yəni vəziyyət bu cür davam edə bilməz. Sərhədlər yoxdursa lap yaxşı, o zaman silahlı qüvvələrimiz gedib harda duracaqsa bizim sərhələrimiz orada olacaq. Zəngəzur dəhlizi açılmırsa, Laçın dəhlizini nəzarətə götürməliyik. Əslində cənab prezidentin çıxışı Ermənistana son mesajı idi. Ermənistandan net cavab istənildi, bu da o deməkdir ki, zamanı uzatmağa bizim vaxtımız yoxdur”.
Ekspert bildirib ki, modernləşmiş silahlı qüvvələrimizin əməliyyat zolaqlarında yerinə yetirə bilməyəcəyi heç bir döyüş tapşırığı yoxdur. Onun sözlərinə görə, bundan sonrasını Ermənistan düşünməli, Azərbaycanın atacağı addımlara hazır olmalıdır.