"Acınıza şərikik, unutmadıq!" - Vladislav Kanevski

12:30 20.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş tarixin ən faciəli səhifələrindən biri də “Qara Yanvar” kimi tanınan 1990-cı ilin 20 Yanvar hadisələridir".

Hafta.az-ın yazdığına görə, bu sözlər Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskinin facebook paylaşımında deyilir. Bildirilir ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olaraq öz dövlətlərinin müstəqilliyi və suverenliyi uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı görünməmiş qırğın törədib. Bakını və Azərbaycanın digər ərazilərini mühasirəyə alan sovet qoşunları hücum zamanı 147 dinc sakini qətlə yetirib, 744 günahsız insanı yaralayıb, çox sayda mülki şəxs əlil qalıb, 400-dən çox insan qanunsuz həbs edilib.

"Totalitar sovet maşını azadlıqsevər Azərbaycan xalqını ram edə bilmədi və etirazların qanla yatırılması Azərbaycanın müstəqilliyi uğrunda hərəkatı daha da gücləndirdi. Bu faciəni xatırlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev simvolik olaraq qeyd etmişdi ki, “O gecə şəhidlərin tökdüyü qan Azərbaycanın müstəqilliyini nümayiş etdirən dövlət bayrağındakı qandır”, - paylaşımda qeyd olunur.

Diplomat daha sonra yazır ki, tezliklə Qara Yanvar hadisələri Sovet İttifaqının əsarət altında olan digər ölkələrində, o cümlədən Ukraynada müstəqillik hərəkatlarının güclənməsinə təkan verib və nəhayətdə, bu ölkələrin xalqlarına çoxdan gözlənilən azadlığı bəxş edib.

"Acınıza şərikik, unutmadıq!", - paylaşımın sonunda qeyd olunur.

Oxunma sayı 449