Azərbaycanlı alim Türkiyədə fərqlənib - FOTO

18:35 21.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı alim, Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu PHŞ-nin Bərk Cisim Mexanikası laboratoriyasının müdiri, mexanika üzrə fəlsəfə doktoru, dosent Emin Bağırov Türkiyənin Nəzəri və Tətbiqi Mexanika Milli Komitəsinə üzv seçilib.

Hafta.az xəbər verir ki, Komitənin tarixində ilk dəfə olaraq xarici ölkə nümayəndəsinin bu nüfuzlu quruma üzv qəbul edilməsi mühüm hadisə kimi qiymətləndirilir və bu addım Azərbaycan ilə Türkiyə arasında elmi əməkdaşlığın, qardaşlıq münasibətlərinin və qarşılıqlı etimadın bariz göstəricisi hesab olunur.

Emin Bağırov bu yüksək etimadı iki qardaş ölkə arasında mövcud olan sıx münasibətlərin, eləcə də elm və təhsil sahəsində uğurla inkişaf edən əməkdaşlığın növbəti təzahürü kimi dəyərləndirib.

Alim göstərilən yüksək etimada görə Komitə rəhbərliyinə və üzvlərinə dərin təşəkkürünü bildirərək, bu etimadı gələcək elmi fəaliyyəti ilə doğrultmağa, mexanika elmi sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının daha da genişlənməsinə və yeni elmi nailiyyətlərin əldə olunmasına töhfə verməyə çalışacağını vurğulayıb. Emin Bağırov bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk dünyası Azərbaycan üçün strateji əhəmiyyət daşıyan böyük bir ailədir və bu məkanın elm potensialının gücləndirilməsinə töhfə vermək hər bir alim üçün həm məsuliyyət, həm də şərəfdir.