2019-cu ildə biz artıq mövcud olan nəqliyyat infrastrukturundan çox səmərəli şəkildə istifadə etdik. Əvvəlki dövrlərdə yaradılmış nəqliyyat infrastrukturu imkan verdi ki, biz əməkdaşlığın miqyasını genişləndirək.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsi zamanı deyib.
“Nəqliyyat məsələlərinə gəldikdə, mən həmişə bu məsələləri iki yerə bölürdüm. Birinci, daxili nəqliyyat layihələri, ikinci isə beynəlxalq əməkdaşlıq tələb edən layihələr. Düzdür, bu layihələr bir-biri ilə sıx bağlıdır. Ancaq biz bütün addımlarımızı planlı şəkildə atmalı idik. Belə olan halda uğur da qazanılacaqdı, belə də oldu. Ona görə daxili nəqliyyat layihələrinin icrası bizə imkan verdi ki, biz ölkə daxilində çox müasir nəqliyyat infrastrukturu yaradaq və buna nail olduq. Misal üçün, baxmayaraq ki, ölkə ərazisi o qədər də böyük deyil, bizim yeddi beynəlxalq hava limanımız var və bunların hər biri işlək vəziyyətdədir. Onlardan altısı beynəlxalq uçuşlar da təşkil edir. Digər tərəfdən, bizim dəniz nəqliyyatımız sürətlə inkişaf etdi. Biz Xəzərdə ən böyük donanmaya malikik. Biz hazırda 2003-cü ildə istifadəyə verilmiş gəmiqayırma zavodunda bütün növ gəmiləri istehsal edə bilirik. Bu yaxınlarda tarixdə ilk dəfə olaraq Azərbaycanda bərə gəmisi istifadəyə verildi. Onun adı “Azərbaycan”dır. “Laçın” adlı neft tankerinin də inşası tamamlandı və istifadəyə verildi. Növbəti illərdə Bakının gəmiqayırma zavodunda başqa gəmilər də inşa ediləcəkdir”, - deyə İlham Əliyev bildirib.
Həmçinin ölkə başçısı qeyd edib ki, hava nəqliyyatına gəldikdə, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında göstərilir ki, hava nəqliyyatının səmərəliliyinə görə, Azərbaycan dünyada 12-ci yerdədir. Yük daşımaq üçün imkanlar var. Azərbaycan indi tranzit hab kimi öz hava məkanından istifadə edir:
“Eyni zamanda, ölkə daxilində dəmir yolu infrastrukturu yenilənib. Əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun iki il əvvəl istismara verilməsi böyük dəyişikliklərə gətirib çıxardı. Dəmir yollarının səmərəliliyinə görə, - yenə də Davos Forumuna qayıdıram, - Azərbaycan 11-ci yerdədir. Yəni, bu, çox yüksək göstəricidir. Eyni zamanda, son 16 ildə 16 min kilometr avtomobil yolu inşa edilib - həm magistral, həm şəhərlərarası, kənd yolları. Bu göstəriciyə görə, yolların keyfiyyətinə görə, biz dünyada 27-ci yerdəyik. Bütövlükdə, nəqliyyat infrastrukturunun səviyyəsinə görə, Azərbaycan dünyada 34-cü yerdədir və bu, çox yüksək göstəricidir. Ona görə, nəqliyyatın bütün seqmentləri Azərbaycanda tam müasir standartlara cavab verir. Eyni zamanda, keçən il istifadəyə verilmiş Ələt Dəniz Ticarət Limanı da çox böyük infrastruktur obyektidir. Bu limanın yükaşırma qabiliyyəti hazırda 15 milyon tondur və bunun həcmi 25 milyon tona qədər rahatlıqla artırıla bilər. Beləliklə, bu strateji infrastruktur layihəsi bizə imkan verir ki, Azərbaycan üzərindən yük daşımalarının həcmi artsın”.
Prezident əlavə edib ki, bütün bu layihələrin arasında Bakı-Tbilisi-Qars dəmir yolunu mən xüsusilə vurğulamaq istəyirəm: “Çünki bu, bir neçə səbəbə görə doğrudan da strateji obyektdir, strateji infrastrukturdur. Birincisi, bizim Türkiyə ilə dəmir yolu bağlantımız olmayıb. Beləliklə, bizim ixracımız, yaxud da ki, Azərbaycan üzərindən təşkil edilən ixracın son nöqtəsi Qara dəniz limanları idi. Orada da gərək yüklər yenə də aşırılardı, daşınardı - yenə də vaxt itkisi, yenə də vəsait itkisi. Limanların da imkanları məhduddur və bir çox hallarda hava şəraitindən asılıdır. İlk növbədə, Novorossiysk limanı. Orada bəlkə də il ərzində günlərin təqribən 20 faizində hava şəraiti imkan vermir ki, yüklər daşınsın. Ona görə bu, birinci məsələ idi. İkinci məsələ ondan ibarət idi ki, biz çox yaxşı başa düşürdük, əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilərsə, onda biz nəinki Şərq istiqamətindən, hətta Cənub və Şimal istiqamətindən də bu yola yükləri cəlb edə bilərik və buna nail olduq. Ona görə bu, strateji obyekt idi bizim üçün”.
Dövlət başçısı öz fəalliyət dövründə nəqliyyat sektoruna hər zaman ciddi nəzarət edib. Onun bariz nümunəsidir ki, ölkədə daxili nəqliyyat sektorunda xeyli müsbət dəyişikliklər baş verir. Təkcə bu il ərzində Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə paytaxtımıza Türkiyədə istehsal edilən 300 yeni avtobus gətirilib. Paytaxta gətirilən həmin avtobusların əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcəyi və Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə buraxılacaq. Gətiriləcək avtobusların 28-i 12 metrlik, 20-si isə 18 metrlik olacaq. 12 metrlik avtobus 90 sərnişin (30 oturacaq + 60 ayaq üstə), 18 metrlik avtobus isə 165 sərnişin (38 oturacaq + 138 ayaq üstə) tutumuna malik olan bu avtobuslar şəhərin bütün isiqamətlərində gediş-gəlişi asanlaşdıracaq.

Hafta.az-a Prezidentin nəqliyyat sektoru ilə bağlı fikirlərinə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov dedi ki, istənilən iqtisaddi tərəqqinin kökündə bir neçə amil dayanırsa, onlardan biri iqtisadi inkişafı təmin edəcək zəruri infrastrukturun olmasıdır:
“O infrastrukturlardan biri də nəqliyyat infrastrukturudur. Çünki yol infrastrukturu olmasa iqtisadi maraqlarda yüksək rəqəmlərə çatmaq qeyri-mümkündür. Əgər söhbət ölkədaxili regionların inkişafından gedirsə bu şəraitin yaradılması zəruridir. Yol infrastrukturunun yaxşı olması, eyni zamanda kənd təsərrüfatı, turizm sektoru, regionlarda yaşayan insanların sosial rifahı və bir çox sahələrin də inkişafı deməkdir. Bu məsələlər olduqca lazımdır. Ölkəxarici yol infrastrukturuna gəldikdə isə Azərbaycan bu gün çox ciddi logistika, təchizat, nəqliyyat və beynəlxalq yükdaşımalarda iştirak edir. Bütün bu layihələrin olması tələb edir ki, Azərbaycan üzərindən ölkə əhəmiyyətli yollar salınsın. Yəni nəqliyyat dəhlizi funksiyasını yerinə yetirsin. Avropa ilə əlaqələndirən bir neçə yollar var. Onlardan biri şimal digəri İran körfəzindən keçir. Asiya dövlətləri, eləcə də Çin maraqlıdır ki, onların istehsal etdikləri məhsullar Azərbaycandan keçsin. Bu həm iqtisadi, həm vaxt baxımından sərfəlidir. Azərbaycan istər dəmir yolu, istər hava yollarında çox fəal iştirak edir. Bu gün artıq gündəmdə bir neçə layihələr var. Bir sıra dövlətlərlə danışıqlar aparır. Azərbaycanın iqtisadi-gücünün potensialının artması üçün bunlar da bir səbəbdir və işlər də sürətlə həyata keçirilir. Təşkilatların hesabatlarında Azərbaycanın inkişaf edən yol infrastrukturu ilə bağlı kifayət qədər informasiyalar yer alır. Bu sektorda Avrasiya məkanında 34–cü yerdə qərarlaşmaq da çox ciddi inkişafdır. Statistik rəqəmlərə gəldikdə isə bu gün ölkədə nəqliyyat sektoru, yol infrastrukturu ilə bağlı rəqəmlər tez-tez səsləndirilir. Ən vacib məsələ bu gün vətəndaşlarımızın məmnunluğu məsələsidir. Bəlli məsələdir ki, paytaxtla yanaşı bölgələrdə, kənd və qəsəbələrədə yol infrastrukturu inkişaf etdirilir, həmçinin keyfiyyəti artırılır, bu, da vətəndaşların məmnunluğuna səbəb olur. İstər şimal, istər qərb istiqamətində 15 il öncə çox əziyyət çəkirdik. Kifayət qədər uğurlu şəkildə yol infrastrukturu yenilənir, inkişaf edir. Beynəlxalq təşkilatlar da bunu xüsusi qeyd edirlər”.