"Azərbaycana gələn turistlərin əksəriyyəti Bakıda qalmağa üstünlük verir" - Millət vəkili

09:11 31.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir".
 
Hafta.az-ın yazdığına görə, bunu millət vəkili Vüqar Bayramov deyib. İqtisadçı millət vəkili deyib ki, bu ilin birinci yarısında turistlərin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı hotellərdə gecələyiblər.
 
"Bütövlükdə isə, ölkə üzrə hotellərdə gecələmələrin ümumi sayı 32,7 faiz artaraq 1 milyon 363 min 200-ə çatıb. Turistlər üzrə isə gecələmələrin sayı 56,5 faiz artaraq 788100 olub. Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır, keyfiyyət isə standartlardan geri qalır. Nəticədə, bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının re-inteqrasiyası üçün işlər sürətləndirilməlidir" deyən millət vəkilinin sözlərinə görə, bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır. Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhvəni təsəvvür etmək çətin olmaz.