"Direktor psixoloqdan qapıda gözətçi dayanmağı TƏLƏB EDİR"

15:28 02.12.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda psixoloq ştatı nəzərdə tutulub. Ölkədə olan 4 431 məktəbin 114-ü ibtidai məktəbdir və ibtidai məktəblərdə psixoloq ştatı olmur.

Bu fikirləri hafta.az-a təhsil eksperti Elşən Qafarov deyib. Onun sözlərinə görə, psixoloq ştatının müəyyən edilməsi Nazirlər Kabinetinin 59 nömrəli qərarı ilə təsdiq olunmuş “ümumtəhsil məktəblərində rəhbər işçilərin və tədris inzibati heyətinin ştat normativləri adlı” sənədlə müəyyən olunur. Nazirlər Kabinetinin qərarına görə, 1 000 nəfərə qədər şagirdi olan məktəblərdə 1, 1 000 nəfərdən 3 000 nəfərə qədər şagirdi olan məktəblərdə 2, 3 000 nəfərdən yuxarı şagirdi olan məktəblərdə 3 psixoloq ştatı olur:

"Uzun illər məktəblərdə psixoloji iş diqqətdən kənarda qaldığı üçün bu vəzifəyə məktəbdə dərsi az olan şəxslər cəlb olunurdu. Yalnız son 5 ildə bu sahə üzrə təhsili olan şəxslər psixoloq vəzifəsinə qoyuldu. Qismən müsbətə doğru dəyişiklik oldu. Məsələnin ciddi tərəfi odur ki, məktəb psixoloqunun əməkhaqqı, az qala, texniki işçinin əməkhaqqına bərabərdir. Buna görə də işini bilən məktəb psixoloqları başqa yer taparaq məktəbdən uzaqlaşırlar.

Məktəb rəhbərləri psixoloqlara qapıda dayanıb gözətçilik etməyi, davamiyyəti yoxlamağı tapşırırlar. Məktəb rəhbərləri psixoloji işin təşkil olunmasından xəbərsizdirlər. Məktəb rəhbərləri vəzifəyə təyin olunarkən onlardan yalnız tədrislə bağlı bilik və bacarıqlar tələb olunur. Halbuki psixoloji işi təşkil etmədən tərbiyə işini təşkil etmək mümükün deyil. Psixoloqların kabineti olmur. Kabineti olan psixoloqların isə əyani vasitələri olmur. Bu qədər problemin içində psixoloqları sertifikasiya cəlb edə bilmərik. Prosesə başlamadan öncə bu sahədəki boşluqlar aradan qaldırılmalıdır”.