14 may seçkilərinə qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı açıq təbliğat aparan Qərb mediası türk xalqının iradəsi qarşısında geri çəkilmək məcburiyyətində qalıb. Hafta.az bildirir ki, artıq Qərbin aparıcı media orqanları da Ərdoğanın siyasi gücünü və çəkisini etiraf etmək məcburiyyətində qalıblar.
Amerikanın Newsweek jurnalındakı təhlil, 'Ərdoğana diktator deməyi dayandırın - diktatorlar ikinci tura getmir” başlığı ilə dərc edilib. Asaad Sam Hannanın təhlilində hər iki namizədin ilk turda 50 faizə çata bilmədiyi bildirilib və seçki öncəsi Qərb mediasında çıxan manşetlər xatırladılıb.
Türkiyənin Qərb deyil, Yaxın Şərq demokratiyası olduğunu əsas gətirən yazıçı Hanna bu ölkənin qonşularında keçirilən seçkilərin 80 və ya 90 faiz hökumətin lehinə səs verdiyini qeyd edib.
Müxalifətin Rusiyanın seçkilərə müdaxilə etdiyinə dair iddiaları xatırladan təhlildə ABŞ-ın Ankaradakı səfirinin yalnız müxalifət namizədi Kılıçdaroğlu ilə görüşdüyü vurğulanıb. Müəllifin fikrincə, seçkilərə müdaxilə eyhamı reallığı əks etdirmir, Qərb ölkələrindən gələn şərhlər isə riyakarlığı əks etdirir.
Asaad Sam Hanna Türkiyədə həm iqtidarın, həm də müxalifətin möhtəşəm seçki kampaniyalarına insanların həvəslə qatıldığını bildirərək, diktaturalarda insanların seçkinin nəticələrini həyəcanla gözləmədiklərini yazıb.