Rusiyalı Yaxın Şərq eksperti Vitali Naumkin İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatları, Rusiya, Türkiyə və Qərbin bu mövzuda yanaşmalarını dəyərləndirib.
Hafta.az-ın AA-ya istinadən yazdığına görə, İsrail ordusunun Qəzza zolağına qarşı hərbi hücumlar həyata keçirdiyini deyən Naumkin, "İsrail ordusunun hərəkətlərini cinayət kimi qiymətləndirirəm. Çünki insanların öldürülməsi, infrastrukturun dağıdılması qəbuledilməzdir. Bu, qeyri-mütənasib, ədalətsizdir və Fələstin torpaqlarının işğaldan azad edilməsinin tərəfdarı olan Həmas-ın hücumları ilə qeyri-mütənasibdir" deyib.
Rusiya prezidenti Vladimir Putinin dəfələrlə Qəzzada atəşkəs çağırışı etdiyini bildirən Naumkin bu istiqamətdə Rusiyada həm ictimaiyyət, həm də prezident səviyyəsində yanaşmanın aparıldığına diqqət çəkib.
İsrailin Qəzzanın cənubuna hücuma keçmə ehtimalının olduğunu bildirən Naumkin bunun böyük bir fəlakətə səbəb ola biləcəyini və beynəlxalq ictimaiyyətin buna qarşı çıxması lazım olduğunu vurğulayaraq, “Qətər, Misir, Türkiyə kimi ərəb və İslam ölkələri bunun qarşısını ala bilər” deyib.
Rusiyalı politoloq İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzaya hücumlar edərək siyasi vəziyyətini pisləşdirdiyini vurğulayıb. "Netanyahu düşünür ki, vəhşi müharibə aparmaqla vəzifəsini davam etdirə və korrupsiya ittihamı ilə ona qarşı irəli sürülən ittihamlardan xilas ola bilər. Məncə, bu, Netanyahunun marağıdır. O, həmişə öz maraqlarını İsrail dövlətinin və xalqının maraqlarından üstün tutub", - Naumkin bildirib.
İsraillə Həmas arasında münaqişələrə “humanitar fasilə” verən barışıqla bağlı fikirlərini bildirən Naumkin Qətər və Misirin bu prosesə töhfə verdiyini deyib. O, “Müvəqqəti atəşkəsin daimi və uzunmüddətli atəşkəsə çevrilmə potensialı var. Ancaq bu, insanların həyatını xilas etmək üçün verilən müvəqqəti bir qərardır. Bunun Fələstin-İsrail probleminin tam həllinə səbəb olacağını düşünmürəm” deyib.
İsrailin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Fələstin Dövlətinin qurulmasını nəzərdə tutan qərarlarına qarşı olduğunu vurğulayan Naumkin sözlərini belə davam etdirib: “İsrailin bunu istəmədiyi açıq-aşkar görünür. Bu problemin həlli yolu uzun olacaq. Ona görə də bu münaqişələrdə humanitar fasilələrin problemi kökündən həll edəcəyini düşünmürəm. Bu, yalnız danışıqlar prosesinin başlanmasını asanlaşdıra bilər. Lakin bunun mütləq baş verəcəyini söyləmək çətindir. Qeyri-müəyyən atəşkəsə nail olmaq yaxşı nəticə olardı. Çünki indiki mərhələdə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma dərhal əldə olunmaya bilər. Qərb və İsrail bunu qəbul etməyəcək”.
Qərb ölkələrinin Qəzzədəki hadisələrlə bağlı ikili standartlar tətbiq etdiyini bildirən Naumkin, "Qərb İsrailin Fələstin xalqını məhv etməsinə və onun milli hüquqlarını tapdalamasına məhəl qoymur. Əslində İsrail Həmas-la yox, Fələstinlə döyüşür. Fələstinlilərə qarşı ayrı-seçkilikdən əl çəkmək lazımdır və "Onların milli hüquqlarını tanımaq vaxtıdır. Bununla belə, Qərbdə heç kim BMT Təhlükəsizlik Şurasının qərarlarını həyata keçirmək istəmir" deyə bildirib.
Vitali Naumkin Rusiya və Türkiyənin Fələstin məsələsində oxşar yanaşma sərgilədiyini ifadə edərək, "Hər iki ölkə hərtərəfli həll üçün səy göstərir. İki ölkənin yanaşması Fələstin məsələsinə həll yolu təqdim edə bilər. Bu yanaşma Qərbə və İsrailə göstərir ki, Həmas tamamilə aradan qaldırıla bilməz. Türkiyə və Rusiya Qərb ölkələrini danışıqlara ehtiyac olduğuna inandırmaqda mühüm rol oynaya bilər” deyib.