Rusiyada dərinləşən demoqrafik böhrandan xilas olmaq və daha çox doğumu təşviq etmək üçün yeni stimul gündəmdədir. Rusiya Dumasına “analıq kapitalı” adlanan körpə üçün müavinətin hər körpə üçün 1 milyon rubla qədər artırılması ilə bağlı qanun layihəsi təqdim edilib.
Hafta.az-ın yazdığına görə, Rusiyada indiki vəziyyətdə birinci uşaq üçün 586 min rubl, ikinci uşaq üçün isə 775 min rubl “analıq kapitalı” kimi ödənilir. Üçüncü və ondan sonrakılara isə dövlət yardımı yoxdur.
Liberal Demokrat Partiyasından olan deputatların qanun layihəsi 2024-cü il fevralın 1-dən analıq kapitalının artırılmasını təklif edir. Buna əsasən, birinci uşaq üçün 756712 rubl, ikinci və üçüncü uşaqlar üçün isə 1 milyon rubl nəzərdə tutulur. Qanun layihəsində vurğulanır ki, əsas məqsəd hər doğulan uşaq üçün ailəyə ən azı 1 milyon rubl ödəməkdir.
Qanun layihəsini hazırlayan deputatlardan biri, Dumanın Əmək və Sosial Siyasət Komitəsinin sədri Yaroslav Nilov, "Ölkə olaraq demoqrafik boşluqdayıq. Keçmişdə əhalinin sayında böyük azalma yaşadıq və ildə 1 milyon nəfərədək azalırıq. Ona görə də doğum səviyyəsini artırmaq üçün əlavə tədbirlər görmək lazımdır. Statistikaya görə, ailələrin əksəriyyəti analıq kapitalını mənzil problemlərinin həllinə sərf edir. Bu, uşaq üçün investisiyadır, ailənin gələcəyidir” deyib.
Qanun layihəsinə payızda baxılacaq. Hakim partiyanın bu formaya dəstək verib-verməyəcəyi bəlli deyil.