Fransanın ictimai yayımı “France 24” Çinin Tayvanın prezident sarayının maketini hazırladığını bildirib.
Hafta.az-ın yazdığına görə, tayvanlı məlumat analitiki Cozef Ven, martın 25-də X hesabında modelin şəkilləri ilə bağlı ilk paylaşımı edib. Daha sonra ingilisdilli “Taiwan News” martın 28-də “Çin işğala hazırlaşmaq üçün Taypey modelini yaratdı” başlığı ilə görüntüləri yayıb.
Dünən yayımlanan xəbərdə “France 24”, Çinin Daxili Monqolustan Muxtar Bölgəsindəki Alxa əyalətində yerləşən modelin görüntülərinin təsdiqləndiyini bildirib.
ABŞ-da yerləşən “Force Analysis” məlumat firmasından Sim Tack Pekindən təxminən 1200 kilometr uzaqda olan modelin tikintisinə 2021-ci ilin mart ayında başlandığını və bir il ərzində tamamlandığını söyləyib.
“France 24”, modeldəki binaların və küçələrin Tayvanın paytaxtı Taypeyin Zhongzheng rayonundakı Boai Xüsusi Bölgəsindəki binalara bənzədiyinə diqqət çəkib. Giriş-çıxışlara nəzarət edilən bu ərazidə Prezident Sarayı da daxil olmaqla, mühüm dövlət qurumlarına aid çoxlu binalar var.
Tayvanın müdafiə naziri Çiu Juo-çeng, keçən həftə model görüntüləri ilə bağlı verdiyi açıqlamada, "Çin ordusunun bu cür replika modelləri istehsal etməsi qaçınılmazdır" deyib.
Xəbərdə Çinin 2015-ci ildə oxşar modeli yaratdığına diqqət çəkilib. Tayvan Prezident Sarayının maketi də Daxili Monqolustanda tikilib.
Böyük Britaniya-İtaliya qeyri-kommersiya beyin mərkəzi olan Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Qrupundan Ho Ting Hung, Pekin administrasiyasının replikalardan "psixoloji müharibə təbliğatı" kimi istifadə etdiyini bildirib.
Norveçin Arktika Universitetindən Marc Lanteygn 2015-ci ildə replikanın görüntülərinin Çin mediasında paylaşıldığına, lakin yeni modelin görüntülərinin gizli saxlanıldığına diqqət çəkib.
Lanteygn, Tayvanın güclü hava hücumundan müdafiə sistemlərinə malik olduğunu və Çinin bombardmanlarla adayı ələ keçirməkdə çətinlik çəkəcəyini deyib. O, modelin mümkün quru əməliyyatı üçün planlaşdırma məqsədləri üçün istifadə oluna biləcəyi fikrini irəli sürüb.
II Dünya Müharibəsindən sonra Çində Milliyyətçi Partiya ilə Kommunist Partiyası arasında gedən vətəndaş müharibəsi Kommunist Partiyasının qələbəsi ilə başa çatıb. Məğlubiyyətdən sonra Milliyyətçi Partiya liderləri Tayvana sığınıb.
“Soyuq Müharibə” səbəbiylə Qərblə əlaqələri kəsən Çin 1970-ci illərin əvvəllərinə qədər Birləşmiş Millətlər Təşkilatında (BMT) Tayvan və ya rəsmi adı Çin Respublikası ilə təmsil olunurdu. BMT-nin 1971-ci ildə Çin Xalq Respublikasını tanımaq qərarı gərginliyi yeni ölçüyə gətirib. Qərardan sonra Tayvan BMT-dən çıxarılıb.
Pekin “vahid Çin” prinsipini qəbul etməklə Tayvanın onun ərazisinin bir hissəsi olduğunu iddia edir. Buna uyğun olaraq, Çin boğazda və onun ətrafında hərbi mövcudluğu ilə yanaşı, Tayvanın ölkələrlə diplomatik əlaqələr qurmasına, BMT və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır.