"Tayvanın “müstəqilliyi" çağırışlarına biganə qalmayacağıq” - Müdafiə naziri

14:05 17.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin müdafiə naziri Donq Jun, təxminən 18 aydan sonra bu səviyyədə keçirilən ilk ikitərəfli müdafiə danışıqlarında amerikalı həmkarı Lloyd Ostini iki ölkə arasında "etimadı" gücləndirməyə çağırıb.

Hafta.az-ın yazdığına görə, Çin Müdafiə Nazirliyindən verilən açıqlamada Donqun Ostinə “Çin və ABŞ sülhü ən dəyərli şey, sabitliyi ən vacib məsələ, etimadı isə müqavilələrin təməli olaraq görməlidir” dediyi bəlli olub.

Donq əlavə edib ki, iki ölkə tədricən qarşılıqlı etimad yaratmalıdır. Nazir həmçinin vurğulayıb ki, hərbi sahə ikitərəfli münasibətlərin inkişafının sabitləşdirilməsi və böyük böhranların qarşısının alınması üçün vacibdir.

Eyni zamanda, Donq qeyd edib ki, Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Co Bayden ikitərəfli münasibətləri sabitləşdirmək və inkişaf etdirmək əzmindədirlər.

AFP-nin xəbərinə görə, Donq rəsmi Pekinin Çin ərazisinin ayrılmaz hissəsi olan 23 milyon əhalinin yaşadığı Tayvanla bağlı mövqeyini təkrarlayıb.

"Tayvan məsələsi Çinin əsas maraqlarının mərkəzindədir və Çinin əsas maraqlarına güzəştə getmək olmaz", - Donq deyib.

Taypeyin əsas hərbi dəstəkçisi olan Vaşinqtonu üstüörtülü şəkildə tənqid edən Donq bildirib ki, Çin ordusu Tayvanın müstəqilliyi, kənardan sövdələşmə və dəstək istəyən separatçı fəaliyyətlər qarşısında heç vaxt boş dayanmayacaq. O həmçinin ABŞ-ı ölkəsinin Cənubi Çin dənizindəki maraqlarına hörmət etməyə çağırıb.

Bildirək ki, rəsmi Pekin son aylar Çinlə Filippin arasında gərginliyin artdığı bu nəhəng dəniz bölgəsindəki böyük adalar və mərcan rifləri üzərində suverenlik iddiası irəli sürür.

Donq, “Cənubi Çin dənizindəki hazırkı vəziyyət ümumiyyətlə sabitdir. Bölgədəki ölkələrin problemləri həll etmək iradəsi, müdrikliyi və bacarığı var. Birləşmiş Ştatlar Çinin ardıcıl mövqeyini tanımalı, Çinin Cənubi Çin dənizindəki ərazi suverenliyinə, dəniz hüquqlarına və maraqlarına hörmət etməli, regional sülhün qorunması üçün konkret tədbirlər görməlidir” deyib.

Oxunma sayı 233