Qlobal bazarlarda BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) abbreviaturasının ixtiraçısı kimi tanınan ingilis iqtisadçı Cim Oneill Türkiyənin genişlənən BRİKS-in bir parçası ola biləcək bir iqtisadiyyat olduğunu deyib.
Hafta.az-ın yazdığına görə, Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeronun kabinetində eyni zamanda ticarət naziri vəzifəsini də icra etmiş Oneill “Mən bunu daha çox inkişaf etməkdə olan dünyanın simvolik təşəbbüsü kimi görürəm. İnkişaf etməkdə olan dünya qlobal idarəçilikdən və İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın hökmranlığının yaratdığı status-kvodan narazılığını nümayiş etdirməyə çalışır” deyib.
1999-2021-ci illər arasında mərkəzi Londonda yerləşən dünyaca məşhur beyin mərkəzi Chatham House-un Şura sədri vəzifəsini də icra edən Oneill daha əvvəl Türkiyəni MINT (Meksika, İndoneziya, Nigeriya, Türkiyə) abbreviaturası daxilində araşdırmışdı.
Türkiyənin bu dəfə genişlənmək istəyən BRİKS-in bir parçası ola biləcəyini ifadə edən Oneill, "Türkiyə bir çox cəhətdən genişlənmiş BRİKS qrupunun bir parçası olacaq ölkədir. Xüsusilə də son 20 ilə nəzər salsanız. Türkiyə ABŞ mərkəzli sistemin və yeni dünya nizamının fəsadları ilə mübarizə aparıb” ifadəsini işlədib.
Türkiyənin alternativ formasiyalar və əməkdaşlıq imkanlarını qiymətləndirdiyinə diqqət çəkən ingilis iqtisadçı, "Türkiyə özünəməxsus coğrafiyasına görə bunu bir çox cəhətdən etmək məcburiyyətindədir. Eyni zamanda, bəlkə də müasir türk (dövlət) liderləri fərqli bir sistemin faydalarını görə bildikləri kimi, Qərb sisteminin faydalarını da görə biləcəklərini düşünürlər. Türkiyə BRİKS-in genişlənməsi üçün potensial namizəddir. Düşünürəm ki, Çinin iqtisadi çəkisinin hiss olunduğu BRİKS quruluşuna daxil olan ölkələr Türkiyənin bu birliyə qoşulmasını çox ciddi şəkildə istəyərlər" deyib.
Türkiyənin coğrafiyasında artan strateji əhəmiyyətinə toxunan Oneill əlavə edib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna tərəfindən bel bağlanan və vasitəçilik edə biləcək yeganə ölkə olması baxımından bənzərsizdir. Türkiyə kimi bunu edə biləcək ölkələrin olması vacibdir.
Rusiya iqtisadiyyatının təxminən bir il əvvəlki proqnozlardan daha yaxşı performans göstərdiyini ifadə edən Oneill, Qərbin sanksiyalar strategiyasının Rusiyaya real təsir göstərdiyini düşünmədiyini bildirib.
Qeyd edək ki, BRICS Cənubi Afrika nümayəndəsi Anil Suklal da ötən ay Bloomberg-ə bildirmişdi ki, 19 ölkə birliyə qoşulmaq üçün müraciət edib.
BRICS ölkələrinin nümayəndələrinin genişlənmə strategiyasını qiymətləndirmək üçün iyunun 2-3-də CAR-ın Keyptaun şəhərində görüşəcəklərini xatırladan Suklal, "13 ölkə rəsmi, 6 ölkə də qeyri-rəsmi müraciət edib" deyib.