11 ildir axtarılan mafiya üzvünü “Napoli”nin qələbəsi ələ verdi

09:35 07.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın 100 ən təhlükəli cinayətkarından biri kimi göstərilən 60 yaşlı Vinçenso La Porta "Napoli" futbol klubunun sayəsində yaxalanıb.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, 11 ildir axtarışda olan La Portanın may ayında Napoli çempionluğunu elan etdikdən sonra Yunanıstanın Korfu adasında bir qrup fanatla birlikdə bayram edərkən görüntüləndiyi və hadisədən sonra İtaliya polisinin onu tutmaq üçün əməliyyata başladığı bildirilib. Yunan polisi ilə əməkdaşlıq edən İtaliya təhlükəsizlik qüvvələri Korfuda motosikleti ilə qaçmağa çalışan La Portanı yaxalayıb.

Neapolda yerləşən Kamorra karteli ilə əlaqəli olduğu düşünülən La Porta, cinayət təşkilatına üzv olmaq, vergidən yayınma və fırıldaqçılıq da daxil olmaqla, cinayətlərə görə məhkum edilib.

Bildirilir ki, La Porta bir neçə ay Korfuda bir restoranda aşpaz köməkçisi işləyib.

Korfu polisi Vincenzo La Portanın şənbə günü prokurora ifadə verdiyini və İtaliyanın ekstradisiya tələbinə cavab aydın olana qədər həbsdə qalacağını açıqlayıb. La Porta İtaliyaya ekstradisiya edilərsə, onun 14 il 4 ay həbs cəzası çəkəcəyi gözlənilir.

İtaliya polisindən verilən açıqlamada La Portanın internetdəki əməliyyatlarının izlənildiyi və onun nə vaxtsa mövqeyini ortaya qoyacaq bir səhvə yol verməsi gözlənilib.